Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2105/2025 19.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu zərərə görə ümumilikdə 2820 manat pulun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh ilə şifahi razılığa gələrək mülkiyyətində olan "Mersedes Benz" minik markalı avtomobilini onun istifadəsinə vermişdir. 44 gün sonra "Mersedes Benz" minik markalı avtomobilini yarasız vəzǝyyətdə başqasının həyətinə atılmış vəziyyətdə geri ala bilmişdir, cavabdehin avtomobilə vurduğu zərər nəticəsində 4 ədəd Lassa şini, 4 ədəd disk, 1 ədəd ehtiyat tǝkǝri, oturacağın üst örtüyü, arxa oturacağın söykənəcəyi, akumulyator, yağ və filterlər, sağ arxa ayaq kantı, ön bamper, arxa qapının əziyinin düzəldilməsi və rənglənməsi, qabaq qapının əziyinin düzəldilməsi və rənglənməsi, sağ arxa ayaq kantının dəyişməsi, ön bamperin dəyişilməsi, arxa oturacağın söykənəcəyinin dəyişilməsi, örtük çəkilməsi, şinlərin dislərə vurulması, yağ dəyişməsi həyata keçirilmiş, həmin təmir bərpa xərcləri cəmi 3669,8 manat təşkil etmiş, eyni zamanda cavabdeh maşını icarə məqsədilə ondan götürmüş, 44 gün ərzində maşın onda qalmış, gündəlik 25 manat razılşasalar da, cavabdeh ona heç bir ödəniş etməmişdir, bundan başqa maşın cavabdehdə olduğu müddətdə ona 80 manat cərimə yazılmış, cərimələrə artıq dəbbə pulu hesablanmağa başlanıb, cavabdehin anasının xəstə olması və ailə vəziyyətinə görə cəmi 2820 manat məbləğində maddi zərəri tələb edir. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh təqdim etdiyi etiraza uyğun izahat verərək bildirmişdir ki, “mən təxminən 2024-cü ilin yanvar ayının 7-də İddiaçı kirayə avtomobil götürmüşdüm. Avtomobilin markası Mersedes E klas 220 dövlət nömrə nişanı (avtomobilin ön hissəsi olmadığı üçün nömrə yadımda deyil) günü 20 manata kirayə götürdüm. Kirayə götürən zaman İddiaçı dedim ki, yaxşı olardı ki, müqavilə bağlayaq. O da mənə cavabında dedi ki, avtomobilin ön hissəsi (bufer) olmadığı üçün hələki istifadə etmək olmaz gedib ön hissəsini aldıqdan sora qarşısına nömrə bağlayarsan gedib müqavilə bağlıyarıq müqavilə bağladığımız gündən günü 20 manatdan (AZN) ödəyərsən. Təxmini 7 gün sora avtomobilin üzərinə ön hissəsini bağlayıb gətirib mənə təhvil verdi. Müqavilə bağlamamışdıq deyə avtomobili həyətdə saxladım. Təxmini 4 gün keçdi anam xəstə idi onu xəstəxanaya aparmaq lazım oldu. Müqavilə bağlamamışdım deyə avtomobilin sahibinə zəng etdim kİ, anamı xəstəxanaya apara bilərəmmi, o da cavabında bildirdi ki, söhbət xəstədən gedirsə apar. Həyətdən çıxıb 2 saylı Asan Xidmətin yanına çatanda əks istiqamətdə gələn qara tayota Prado markalı avtomobil, yol mənim ola-ola gözləmədən mənim avtomobilimi vurdu. Həmin qəza zamanı həm sığortada, həm də Respublika Yol Polisinin Xətai rayon şöbəsində qeydiyyata düşdü. Həmin vaxtı avtomobilin ön hissəsi (buferi) sıradan çıxdı və qabaq sağ tərəfdə təkər disk hissəsi və alt hissəsi bardiora dəyərək yüngül xəsarət almışdır. Təbi ki, avtomobil düzələnə qədər istismar etmək olmazdı. Bunun üçün də qara tayota Prado günahkar olduğu üçün mənim avtomobilimin sahibinə 700 manat pul ödədi (bəlkədə çox), təbi ki, dəymiş ziyanı sahibi və sığorta etdiyi şirkət yaxşı bilir. Həmin vaxtdan avtomobil qəzalı şəraitdə olduğu kimi həyətimdə dururdu. İddiaçı təxminən qəzadan bir 10 gün sora avtomobilin açarını məndən aldı və dedi ki, dəymiş ziyanı sığorta ödəyəcək, sığorta ödədikdən sora müqavilə bağlayarıq avtomobili istismar edərsiz. Təbi ki, avtomobilə dəymiş ziyan sığorta idarəsindən tam şəkildə video qeydiyyata düşüb və şəkillər çəkilib. Sorğu göndərib sığorta şirkətindən məlumatları götürə bilərsiniz. İddiaçı orda qeyd etdiyi məbləği hardan götürdüyünü bilmirəm. Dəymiş ziyanı sığorta ödəyibsə məndən nə üçün pul tələb edir. Avtomobili həyətimdən apararkən də xəbərim olmayıb. Avtomobili düzəltdirdikdən sora əlavə pul qazanmaq üçün yenidən məni məhkəməyə verir və düşünür ki, istədiyim qədər pul alacam. Yadından çıxardır ki, avtomobilə dəmiş ziyanı sığorta şirkəti tərəfindən ödənilib. Birdə qeyd edib ki, avtomobili götürdüyüm zaman yanacaq çəni dolu olmuşdur. Lakin mən avtomobili götürdüyüm zaman yanacağı olmadığı üçün 10 azn-lik yanacaq vurmuşam. Birdə qeyd etmişdir ki, ehtiyat təkəri yeni imiş mən götürmüşəm. Buda yalandı, avtomobilin ehtiyat təkəri köhnə idi, mən dedim ki istifadə etsəm yenisini əlavə edəcəm,lakin maşını götürəndən sonra mən akkumluyatoru ondan çıxartdım, daha sonra isə başqası ilə əvəz elədim”. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən X2 bildirdi ki, İddiaçı onun yaxınıdır, yanvar ayında İddiaçı maşınını Cavabdeh verdi ki, Cavabdeh ondan istifadə edərək gündəlik 25 manat olmaqla İddiaçı versin, maşını verəndə maşın ideal vəziyyətdə idi, yəni maşının bütün hissə və detalları üstündə idi, ehtiyyat təkəri var idi, həmçinin benzin çəni və yağı dolu şəkildə verilmişdir, lakin maşını götürəndə Cavabdeh maşını pis hala saldığını görüblər, belə ki, şinləri, diskləri, 1 ədəd ehtiyat tǝkǝri, çexolu yararsız hala salınmış, arxa qapısı əzilmiş, qabaq tərəf buferi nömrə ilə birlikdə qırılmış, arxa oturacağın söykənəcəyi sınmış, yanacaq çəni boş vəziyyətdə olmuşdur, maşın başqa bir yerdən polisin iştirakı ilə götürlüb, Cavabdeh özü təhvil verməyib. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən X1 bildirdi ki, İddiaçı onun dostudur, Cavabdeh onunla birgə tanıyıb, maşının Cavabdeh “Qəbələ dairəsi” adlana ərazidə veriblər, maşının verilməsində məqsəd gündəlik qazanc olmuşdur, Cavabdeh hər gün üçün İddiaçı 25 manat ödəniş etməli idi, lakin sonradan Cavabdeh günlük ödənişləri ödəməmiş, Teymur, Cavabdehla əlaqə saxlamağa çalışsa da, o, telefona cavab verməmiş, buna görə də, maşını polis vasitəsilə axtararaq tapmış və polisin iştirakı ilə götürüblər, məqsədilə vermişdir, maşını verəndə maşın saz vəziyyətdə olub, lakin təhvil alanda saz vəziyyətdə olan maşından əsər-əlamət qalmadığını görüblər, həmin maşını servisə aparıblar və təmir etdiriblər, həmin ehtiyyat hissələrinin dəyəri cəmi 2300 manat, görülən işlərin dəyəri isə 810 manat olmuşdur, Anarı tapa bilmədikləri üçün maşını niyə bu vəziyyətə saldığını bilmirlər. İş materiallarında olan qeydiyyat şəhadətnaməsindən görünür ki, Mercedes Benz 220 CDİ minik markalı **-BA-*** qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh **-BA-*** qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü il tarixdə “sürət həddini aşma” (10 manat), xx.xx.2024-cü il tarixdə “icbari sığorta müqaviləsi bağlamama” (50 manat), xx.xx.2024-cü il tarixdə “dayanma-durma qaydalarını pozma” (20 manat) qaydalarını pozmuş, buna görə cərimə olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı məcburi köçkündür. İş materiallarından görünür ki, **-BA-*** qeydiyyat nişanlı avtomobildə müxtəlif qüsurlar olmaqla, onun təmiri üçün ümumilikdə 3669,8 manat vəsait xərclənmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2024-cü il tarixdə özünəməxsus **-BA-*** qeydiyyat nişanlı avtomobili cavabdehə günlük qazanc - icarə qismində vermiş, sonuncu isə avtomobili iddiaçıdan qəbul etmişdir, cavabdehin istifadəsində olduğu vaxt avtomobil qismən yararsız vəziyyətə düşmüş, həmçinin onun bir sıra hissələr, o cümlədən akkumluyatoru cavabdeh tərəfindən dəyişdirilmişdir, nəqliyyat vasitəsinin təmiri xərci 4 ədəd Lassa şini 540 manat, 4 ədəd disk 400manat, 1 ədəd ehtiyat tǝkǝri 150 manat, oturacağın üst örtüyü 100 manat, arxa oturacağın söykənəcəyi 100 manat, akumulyator 200 manat, yağ və filterlər 80 manat, sağ arxa ayaq kantı 100 manat, ön bamper 600 manat, arxa qapının əziyinin düzəldilməsi və rənglənməsi 300 manat, qabaq qapının əziyinin düzəldilməsi və rənglənməsi 300 manat, sağ arxa ayaq kantının dəyişməsi 20 manat, ön bamperin dəyişilməsi 60 manat, arxa oturacağın söykənəcəyinin dəyişilməsi 20 manat, örtük çəkilməsi 40 manat, şinlərin dislərə vurulması 60 manat, yağ dəyişməsi 10 manat olmaqla, ümumilikdə 3110 manat, ƏDV ilə birlikdə isə 3669,8 manat olaraq qiymətləndirilmişdir, eyni zamanda cavabdeh avtomobildən istifadə edərkən yol hərəkəti qaydalarını pozmaqla onun barəsində 80 (10+20+50) manat cərimə yazılmışdır, iddiaçı avtomobilin qismən yararsız hala salınmasına görə ona vurulmuş maddi ziyanın bir hissəsi, razılaşdırılmış günlük icarə haqqı və yazılmış cərimə məbləği olmaqla, cəmi 2820 manat tələb edir, cavabdeh iddia tələbini qəbul etmir, maşına zərər vurulmasında onun hər hansı təqsiri olmadığını, həmçinin icarə haqqının günlük 20 manat razılşadırıldığını bildirir. Bununla belə, cavabdehin öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, əvvəla, cavabdehin icarə qismində aldığı nəqliyyat vasitəsi onun istifadəsində olarkən nəqliyyat vasitəsi qismən yararsız hala düşdüyündən və cavabdeh iddiaçıya məxsus nəqliyyat vasitəsinin akkumluatorunu hər hansı əsas olmadan dəyişdirməklə iddiaçıya 3669,8 manat maddi zərər vurduğundan, ikincisi, nəqliyyat vasitəsi cavabdehin istifadəsində 1 ay müddətinə qalmaqla 600 manat icarə haqqı ödənilməli olduğundan, üçüncüsü, nəqliyyat vasitəsinin cavabdehdə olduğu müddətdə 80 manat cərimə yazıldığından iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan, iddiaçı isə cəmi 2820 manat məbləğində pulun ona ödənilməsini tələb etdiyindən, 2820 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, bu sübutetmə yükü ilə bağlıdır. Belə ki, cavabdeh, avtomobilin onun istifadəsində olduğu müddətdə yararsız hala düşməsində hər hansı təqsirinin olmaması, avtomobilə qəza nəticəsində zərər yetirilməsi və bununla bağlı iddiaçıya sığorta ödənişi ödənilməsi hallarına dair sübutetmə vəzifəsi daşıyır, lakin o bu hallara dair hər hansı mötəbər sübutu təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 697.1-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Həmin Məcəllənin 697.4-cü maddəsinə əsasən, kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Həmin Məcəllənin 700-cü maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 2820 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli, iddia tələbini həcmi (2820 manat) nəzərə alınaraq 48,20 manat ondan alınaraq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh vurduğu zərərə görə ümumilikdə 2820 (iki min səkkiz yüz iyirmi) manat alınaraq İddiaçı verilsin. Cavabdeh 48 (qırx səkkiz) manat 20 (iyirmi) qəpik tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2105/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2105/2025
19.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver