Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2111/2024 24.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. Cavabdeh iddiaçıdan 2019-cu ilin dekabr ayında 10000 manat pul istəmişdir. Bundan sonra iddiaçı bankdan öz adına 10000 manat kredit götürərək cavabdehə vermişdir. Cavabdeh banka kredit borcunu bir müddət ödəsə də sonradan ödənişləri dayandırmışdır.
2. İddiaçı məcbur qalıb banka olan 4100 manat kredi pulunu özü ödəməli olmuşdur. Cavabdehin iddiaçıya borclu olması “Whatsapp” sosial şəbəkəsi üzərindən aparılmış yazışmalarda öz əksini tapmışdır.
İddiaçının tələbi:
3. Cavabdeh 4100 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
4. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən, hər hansı sənəd daxil olmamışdır.
Tərəflərin izahatı:
5. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında bildirmişdir ki, işlə bağlı bütün sübutları məhkəməyə təqdim etmişdir. Cavabdeh işə yalançı şahidlər cəlb etmək istəmişdir. Eyni zamanda onun keçmiş həyat yoldaşına onunla bağlı yalan məlumat vermiş, aralarında mübahisə düşmüşdür. İddia ərizəsini müdafiə etmiş, işin uzadılmadan iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir, pulu qaytarması ilə bağlı onun şahidi vardır. Bu məhkəmə iclasında işi ilə əlaqədar iştirak edə bilməmişdir. Məhkəmədən şahidin iştirakının təmin edilməsi məqsədi ilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Sonuncu iclasda iştirak etməmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər:
7. xx.xx.2023-cü il tarixli pretenziya məktubuna əsasən, X1 Ramin Ramiz oğluna 4100 manat borcu olduğunu bildirmiş və borcun qaytarılmasını tələb etmişdir. Pulun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət edib öz haqqını tələb edəcəyini bildirmişdir.
8. 05 mart 2024-cü il tarixində "xxxx" ASC tərəfindən verilmiş çıxarış.
9. Fotoşəkillərə (“Whatsapp” sosial şəbəkəsi (+**********18) üzərindən aparılmış yazışmalara) əsasən, Cavabdeh borcu olduğunu etiraf etmişdir.
10. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
147. Cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
13. Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı: “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”
Məhkəmənin mövqeyi:
14. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
15. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
16. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, tələbin hüquqi əsasını ilk növbədə Mülki Məcəllənin 1096-cı və 1097.1-ci maddələri təşkil edir.
17. İddiaçıya dəymiş ziyanla əlaqədar cavabdehin təqsirli hərəkətinin olması, yəni iddiaçının etibarından sui-istifadə edərək ondan müəyyən məbləğdə pul vəsaitini alaraq, geri qaytarmağı, lakin verilən vədə əməl etməməsi, eləcə də iddiaçıdan aldığı pul vəsaitinin müəyyən hissəsinin qaytarılmaması müəyyən edilmişdir. İşin bu halları iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla, “Whatsapp” sosial şəbəkəsində tərəflər arasındakı yazışmalarla öz təsdiqini tapmışdır.
18. Məhkəmə tərəflər arasında sübutetmə yükünü bölərək qeyd edir ki, iddiaçı tərəfin cavabdehə 4100 manat məbləğində pul verdiyini həm “Whatsapp” sosial şəbəkəsində tərəflər arasındakı yazışmalarla, həm də cavabdehin məhkəmə iclasında verdiyi izahı ilə sübuta yetirilmişdir. Cavabdeh tərəf pulu aldığını, lakin daha sonra qaytardığını qeyd etsə də sözügedən məbləğin qaytarmasını sübut edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəf borcu qaytardığını sübut etmək üçün şahidlə bağlı vəsatət vermiş, məhkəmənin vəsatəti təmin etməsinə baxmayaraq, keçirilmiş iki baxış iclasının heç birində şahidin iştirakını təmin etməmiş, ümümiyyətlə şahidin fərdi məlumatlarını tam şəkildə məhkəməyə təqdim etməmişdir.
19. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən 4100 manat pul vəsaitinin ona qaytarılmaması nəticəsində vurulan zərərin əvəzini tələb etməkdə haqlıdır.
20. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4100 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.
Məhkəmə xərcləri:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. İddiaçı iddia ərizəsində iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
23. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. Cavabdeh 4100 (dörd min yüz) manat pul məbləği tutularaq İddiaçı ödənilsin.
3. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid esilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova