Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2129/2021 30.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi K.X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5.228,62 manat əsas borc, 2.202,82 manat faiz, 2.058,19 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 faiz olmaqla hesablanmış 778,91 manat faiz olmaqla, cəmi 10.268,54 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 217CNNW160210002 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 6.500 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin gecikdirilmiş əsas kredit borcunun və hesablanmış faizlərin ödənilməsini təmin etməmiş, ödəmə müddətlərini müxtəlif vaxtlarda pozmuş və bununla da müqavilə şərtlərini və AR Mülki Məcəlləsinin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Cavabdeh tərəfindən “xxxx” ASC-dən kredit götürülməsinə baxmayaraq, müştərinin sənədləri filial tərəfindən “xxxx” ASC-nin Hüquq şöbəsinə təhvil verilməmiş, bu barədə filiala müraciət edildikdə isə sənədlərin naməlum səbəbdən itirildiyi bildirilmişdir. İddia ərizəsinə əlavə edilən hesabdan çıxarışlardan cavabdehə 6.500 manat məbləğində kreditin verilməsi müəyyən edilmişdir. Lakin, borclu müqavilə şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edir. xx.xx.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 10,268.54 manat təşkil edir. Qeyd edilən məbləğdən 5,228.62 manat əsas, 2,202.82 manat faiz, 2,058.19 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 778.91 manat faiz borcu təşkil edir. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanına uyğun olaraq hazırkı mülki iş üzrə Fərmanın icrası ilə cavabdehə bildiriş göndərilmiş, lakin, cavabdeh tərəfindən banka yeni müqavilə bağlanması üçün müraciət edilməmişdir. Həmin Fərmanın icrası məqsədi ilə hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası ”nın 6.16 bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu xx.xx.2019-cu il tarixdə başa çatır. Cavabdeh qeyd olunan tarixə qədər müraciət etməmişdir. “xxxx” ASC Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1541/2016 saylı xx.xx.2016-cı il tarixli qərarına əsasən ləğv prosesində olmuşdur. Bank ləğv edildikdən sonra sabiq rəhbərliyi tərəfindən əvvəlki ləğvedici “xxxx” MMC arasında bankda mövcud olan sənədlər, aktivlər və passivlər heç bir təhvil-təslim aktı bağlanmadan təhvil verilmişdir. “xxxx” MMC təxminən bir ay müddətində bankın ləğvedicisi kimi fəaliyyət göstərdikdən sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)- 1541/2016 nömrəli qərardadı ilə “xxxx” MMC dəyişdirilərək Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. “xxxx” MMC bankın sabiq rəhbərliyindən aktiv və passivləri rəsmi qaydada təhvil almadığından Əmanətlərin Sığortalanması Fonduna rəsmi qaydada bankın heç bir aktiv və passivini təhvil verməmişdir. Buna görə də Əmanətlərin Sığortalanması Fondu ləğvedici kimi öz fəaliyyətini təşkil etməkdə uzun müddət çətinliklərlə üzləşmiş və belə çətinliklər bu gün də müəyyən sənədlərin əslinin tapılaraq aşkar edilməəsində özünü göstərməkdədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi K.X2 iddia tələblərini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh müvafiq qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə ondan məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tuturaq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsində “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 217CNNW160210002 nömrəli kredit müqaviləsinə istinad edərək borc alana 24 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 6.500 manat məbləğində kredit verildiyini, nəticə də cavabdehin banka xx.xx.2021-ci il tarixə 5.228,62 manat əsas borc, 2.202,82 manat faiz, 2.058,19 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 faiz olmaqla hesablanmış 778,91 manat faiz olmaqla, cəmi 10.268,54 manat borcunun qaldığını göstərsə də, qeyd olunan müqavilə iş materiallarında aşkar edilməmiş, iddiaçı tərəf isə verilmiş müddətdə müeqaviləni məhkəməyə təqdim edə bilməmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə isə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən iddiaçı ləğv prosesində olan “xxxx” ASCnin xx.xx.2016-cı il tarixli, 217CNNW160210002 nömrəli kredit müqaviləsinə əsasən tərəfindən Cavabdeh 24 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 6.500 manat məbləğində kredit verildiyini, nəticə də cavabdehin banka xx.xx.2021-ci il tarixə 5.228,62 manat əsas borc, 2.202,82 manat faiz, 2.058,19 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 faiz olmaqla hesablanmış 778,91 manat faiz olmaqla, cəmi 10.268,54 manat məbləğində borcunun qalması barədə iddia tələbini heç bir mötəbər sübutla əsaslandırılmadığını, qeyd olunan müqavilənin təqdim edilməməsini nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddia tələbi əsassız olduğuna görə rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı cavabdehdən 5.228,62 manat əsas borc, 2.202,82 manat faiz, 2.058,19 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 faiz olmaqla hesablanmış 778,91 manat faiz olmaqla, cəmi 10.268,54 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə iddiası təmin edilməsin. İddia təmin edilmədiyinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-2129/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2129/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver