Məhkəmə qərarları › İş №2(011)-2145/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2145/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2145/2024 19.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə üzrə Standart Şərtlərə 1, 2 və 5 nömrəli Əlavə Razılaşmalar imzalanmışdır.

2. İddiaçı 1 nömrəli Əlavə Razılaşmanı imzalanmaqla, eyni zamanda təsdiq etmişdir ki, bu Razılaşmanı tərəflər Nağd kredit verilməsinə dair Razılaşmanın tərkib hissəsi olmasını qəbul edir, həmçinin iddiaçı bu Razılaşmanı imzalamaqla Bankın internet səhifəsində yerləşdirilmiş Bank xidmətlərinin göstərilməsi üzrə Standart şərtləri oxuduğunu bəyan etdiyini bildirmişdir.

3. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 23-Y-5-0-2393-22 saylı 2 nömrəli Razılaşma AZN valyutası ilə cari bank hesabının açılması, xx.xx.2022-ci il tarixli, 23-Y-5-0-2393-22 saylı 5 nömrəli Razılaşma (Nağd Kredit verilməsinə dair Razılaşma) isə kreditin müqaviləsinin şərtlərini tənzimləyir. Sözü gedən kredit müqaviləsinə görə iddiaçı cavabdehə illik faiz dərəcəsi 17% olmaqla, 36 ay müddətinə, hissə-hissə qaytarmaq şərti ilə 12200 manat məbləğində kredit verilmişdir. Kredit vəsaiti xx.xx.2022-ci il tarixdə kassa məxaric orderinə imza etməklə nağd qaydada almışdır.

4. Kredit müqaviləsinə edilmiş 1 saylı Əlavəyə görə aylıq ödəniş 434,96 manat (sonuncu ay 435,13 manat olmaqla) müəyyən edilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri. a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı 10285,25 manat məbləğində əsas, 640,83 manat faiz borcu, 74,85 manat cərimə borcu olmaqla, cəmi 11000,93 manat məbləğində pulun və ödənilmiş 123 manat dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə tutulmasına barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 17% olmaqla 12200 manat məbləğində kredit vermişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməmişdir. xx.xx.2023-cü il tarixədək cavabdehin Banka kredit müqaviləsi üzrə 10285,25 manat məbləğində əsas, 640,83 manat faiz borcu, 74,85 manat cərimə olmaqla, ümumilikdə 11000,93 manat borcu vardır. Cavabdehin cərimə borcu 299,38 manat olmasına baxmayaraq, 25% olmaqla 74,85 manat tələb edilir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcunu ödəməkdən yayınır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir. Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

9. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

12. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

13. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

14. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

19. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

20. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında arasında xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi (Razılaşma) bağlanmışdır. Həmin müqaviləyə əsasən illik faiz dərəcəsi 17,5% olmaqla, 36 ay müddətinə qaytarmaq şərtilə 12200 manat məbləğində kredit verilmişdir.

21. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.

22. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında kredit (borc) müqaviləsi bağlanmış, Bank müqavilədə nəzərdə tutulmuş pul vəsaitini cavabdehə verməklə öhdəliyini icra etmişdir. Lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir.

23. Məhkəmə qeyd edir ki, Bankla cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh Bankdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizilə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.

24. Lakin məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun və faiz borcunun həcminə münasibətdə qismən əsaslıdır. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq espertizasının xx.xx.2024-cü il tarixli, 9/2692 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə cavabdehin iddiaçıya 9434 manat məbləğində əsas borcu, 17,82 manat məbləğində isə faiz borcu vardır.

25. Məhkəmə qeyd edir ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında izahatında ekspert rəyi ilə razı olduqlarını bildirmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.

26. Məhkəmənin qənaətinə görə, iddia tələbi cərimənin tələb edilməsi hissəsində qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuş və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin 74,85 manat həcmində hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 100 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir.

27. Məhkəmə həmçinin iddianın 139,47 manat məbləğində dövlət rüsumunu cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və iş üzrə ekspertiza xərci iddianın təmin edilməsi nisbətində (iddia tələbi 87% hissədə təmin edilmişdir) tərəflərə aid edilməlidir.

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9434 manat məbləğində əsas, 17,82 manat faiz borcu, 100 manat cərimə olmaqla, cəmi 9551,82 manat pul, ödənilmiş 107,01 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 15,99 manat hissəsi iddiaçıya aid edilsin. Ekspertiza tətqiqatının dəyəri kimi hesablanmış 87 manat məbləğində ekspertiza xərci Cavabdeh, 13 manat məbləğində eksertiza xərci İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar