Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2157/2022 06.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Dövlət vergi xidmətinin və 14 saylı Notariat kontorunun da müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduqları “hüquqi şəxsin qeydiyyatının etibarsız sayılması və dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Dövlət vergi xidmətinin və 14 saylı Notariat kontorunun da müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduqları “hüquqi şəxsin qeydiyyatının etibarsız sayılması və dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, o, 5-6 il öncə Bakı şəhərində, el arasında “Torqovıy” adlanan Nizami küçəsində, özünü Cavabdeh3 kimi təqdim etmiş şəxslə tanış olmuşdur. Onunla əvvəllər yadında qalmamış telefonu ilə, daha sonra 055 314 60 24 nömrəli telefonla əlaqə saxlamaqla 4-5 dəfə görüşmüş, aralarında mehriban münasibətlər yaranmışdır. Pərviz onun zəif maddi imkanlı birisi olduğunu əsas görərək ona 50 manat cib xərcliyi vermişdir. 2019-cu ilin avqust ayının ortalarında “Gənclik Mall”-un qarşısında onunla görüşdükləri zaman Pərviz ona iş gördüklərini, ona kömək göstərməsini, Rövşən (070 979 99 39) adlı yaxın adamı ilə Həsən Əliyev küçəsindəki “ASAN xidmət” mərkəzinə getməsini, orada adına “Asan imza” alınmasını xahiş etmişdir. O, Pərvizin xahişini nəzərə alaraq, Rövşənlə “Asan xidmət” mərkəzinə getmişdir. Orada Rövşənin dediyinə görə adına “Asan imza” almış, sonra 2-ci mərtəbəyə “Vergi” şöbəsinə qalxmış və onun dediyinə görə adına "xxxx" MMC adlı şirkət açmışdır. Sonra da ona demişdir ki, 7-10 gün ərzində 20 Yanvardakı 14 saylı notariusda onlara etibarnamə verməlidir. 28 08.2019-cu il tarixdə Pərviz onu Bakı şəhərınə çağırmışdır. Pərviz, əsil adı Samır, ləqəbi “İlkin" (tel *** *** ** **) olan və Rövşən onu qarşılayıb möhür və ştamp hazırlanan sexə apardılar. İlkin orada işləyən yaşlı kişiyə yaxınlaşıb ona 20 AZN pul verdi və dərhal möhür və ştampı götürüb özundə saxladı, ona isə dəftərdə imza etdirdilər. O, bu nədir deyə maraqlanmışdır. İlkin dedi ki, qorxma, vergidə adamım var, heç nə yoxdur. Oradan birlikdə 20 Yanvar metrosunun yaxınlığındakı 14 saylı notariat kontoruna gəlmişlər. Kontorda Pərviz, İlkin, Rövşən, Ruslan onun adından Pərviz Qurbanovun tanışı, təxminən 35 yaşı olan Cavabdeh2 Vitaliyeviçin adına 2 il müddətinə etibarnamə yazdırdılar və kitablara imza etməsini tələb etdilər. İlkin ona demişdir ki, imzalamasan yüklənəcəksən. Onlardan qorxub sənədləri imzalamışdır. Çölə çıxan kimi İlkin ona 100 AZN pul, verdiyi etibarnamənin surətini verdi və onlar ayrıldılar. Evə gəldikdən sonra verdiyi etibarnaməni oxumuş, etibarnamədə etibar etdiklərini görüb dəhşətə gəlmişdir. 07.09. 2019-cu il tarixdə 14 saylı notariusa gedib verdiyi etibarnamənin ləğv edilməsi üçün ərizə vermişdir. Notariat kontorunda etibarnaməni tərtib etmiş işçi dərhal İlkinə zəng edib ona məlumat verdi. İlkin ona zəng etdi, etibarnamənin ləğv etməsinin səbəbini soruşdu. Səbəbini izah etmiş və İlkin etibarnaməni ləğv etməməyini istəmişdir. Lakin o, onunla razılaşmayıb etibarnaməni ləğv etdirmişdir. İlkin bundan hirslənib narazılıq bildirmiş və yenidən etibarnamə verməyini tələb etmiş, verməyəcəyi halda onun üçün pis olacağını demişdir. O, qorxub xx.xx.2019-cu il tarixdə onların yanın getmişdir. Onu “Semaşko” xəstəxanası ilə üzbəüzdə yerləşən “Azərsel”ə aparıb asan imzanı bərpa etdirdilər. Oradan 14 saylı notariusa gətirib yenidən etibarnamə yazdırıb götürdülər. Bundan sonra onu Səməd Vurğun küçəsindəki VTB bankına apardılar. Orada ona oxumağa qoymadan sənədə imza etdirdilər. Bankdan çıxan kimi İlkin ona 200 AZN pul vermiş, o, pulu götürmək istəməmiş, İlkin pulu götürməyini tələb etmişdir. İlkinin Rövşənə və Pərvizə də bilmədiyi məbləğdə pul verdiyini görmüşdür. 2020-ci ilin aprel ayının 14-də o, Koronavirus pandemiyası ilə bağlı verilən 190 manatı almaq uçun 012 *** ** ** nömrəsinə zəng edəndə ona dedilər ki, “sən "Banderos' MMC-nın baş direktoru və baş mühasibi vəzifəsində işləyirsən, ayda 520 AZN maaş alırsan", bu səbəbdən ona 190 manat ödənişin verilməsindən imtina edildi. xx.xx.2020-ci il tarixdə gedib etibarnaməni ləğv etdirmişdir. Bundan sonra VÖEN-i ləğv etdirmək üçün 195 çağrı mərkəzinə zəng edəndə bildirdilər ki, onun 15594 manat vergi borcu vardır. Beləliklə, müəyyən edilmişdir ki, Pərviz Qurbanov, İlkin, Rövşən, Ruslan qabaqcadan razılığa gələrək, onu aldatmış, onun adından “Banderos' MMC yaratmışlar. Hətta onun həmin MMC-nin baş direktoru və baş mühasibi vəzifəsinə təyin olunmasını rəsmiləşdirmiş, adına maaş yazmaqla, eləcə də və yəqin ki, saxta maliyyə əməliyyatları aparmaqla onun adına 15.594 manat vergi borcunun yaranmasına, onun həmin məbləğdə zərərə düşməsinə səbəb olmuşlar. "xxxx" MMC barəsində ona hər hansı sənədlər verilməmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qeydiyyatının etibarsız sayılması, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 onların qanunsuz hərəkətləri nəticəsində yaranmış 15.594 manat vergi borcunun (ona dəymiş zərərin) pulun onlardan müştərək qaydada alınaraq Dövlət Vergi Xidmətinin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclası barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, həmçinin üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Dövlət vergi xidmətinə və 14 saylı Notariat kontoruna lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar hazırki məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin 14 saylı Notariat Ofisi məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndlərinin iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. İddiaçı tərəfindən sübut qismində iş materiallarında olan 02 may 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti təqdim olunmuşdur. Həmin qərardan görünür ki, araşdırma izahatı alınmış Cavabdeh3 və Cavabdeh1 hər biri ayrı-ayrılıqda verdikləri izahatlarında bildirmişlər ki, İddiaçı tanıdıqlarını, maddi vəziyyətinin aşağı olmasını və ona köməklik etdiklərini, 450 AZN müqabilində “asan xidmət” mərkəzinə və notariat ofisinə öz razılığa ilə getdiyini, aradan bir neçə ay keçdikdən sonra onlara zəng edərək adına verdgilər orqanında borc olmasını bildirməsini qeyd etmişlər. Həmin qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 20 aprel 2022-ci il tarixli Məlumatın təqdim edilməsi barədə məktubdan görünür ki, "xxxx" MMC tərəfindən 2021-ci il üzrə Mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyindən mənfəətin məbləğini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. (Mülki Məcəllənin 337.1-ci maddəsi) Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. (Mülki Məcəllənin 337.2-ci maddəsi) Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (Mülki Məcəllənin 337.4-cü maddəsi) Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. (Mülki Məcəllənin 339.2-ci maddəsi) Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdi mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. (Mülki Məcəllənin 339.3-cü maddəsi) Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra Mülki Məcəllə) 389.1-ci maddəsi müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə azadlığı prinsipini müəyyən edən 390.1-ci maddə bəyan edir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. 59.2. Hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər: 59.2.1. onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq; 59.2.2. hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda; 59.2.3. lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə bu Məcəllədə nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə. 59.3. Bu Məcəllənin 59.2-ci maddəsində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi tələbini məhkəməyə qanunla bu cür tələb irəli sürmək hüququ verilmiş dövlət orqanı və ya yerli özünüidarə orqanı irəli sürə bilər. Hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin qərarı ilə onun təsisçilərinə (iştirakçılarına) və ya hüquqi şəxsin nizamnaməsi ilə onun ləğvi üçün vəkil edilmiş orqana hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə edilə bilər. Məhkəmə mülki işin faktiki hallarını və yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tələbini əsaslandırmaq üçün iddia ərizəsində maddi zərərin vurulması ilə bağlı olan Mülki Məcəllənin 21-ci maddəsinə və əqdin etibarsızlığı ilə bağlı olan Mülki Məcəllənin 339.2-ci maddəsinə əsaslansa da, cavabdehlər tərəfindən ona hər hansı maddi zərərin vurulmasını, yaxud cavabdehlərin onun qarşısında hər hansı öhdəliklərinin mövcud olmasını sübut edə bilməmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 59.2.2-ci maddəsinə görə qanunverici hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayılmasının mümkünlüyünü müəyyən etsə də, "xxxx" MMC-nin qeydiyyatının etibarsız sayılması üçün hər hansı əsas mövcud deyil. Belə ki, iddia ərizəsindən və iddiaçının məhkəmə iclasında verdiyi izahatından müəyyən edilmişdir ki, "xxxx" MMC-nin qeydiyyata alınması ilə bağlı iddiaçı müvafiq qurumlara özü müraciət etmiş, bundan sonra "xxxx" MMC-nin idarə olunması üçün cavabdehə etibarnamə vermişdir. Belə olan halda iddiaçının aldadılması və ona hədə qorxu gəlinməsi barədə dəlilini məhkəmə əsassız hesab edir. İddia tələbinin “cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 onların qanunsuz hərəkətləri nəticəsində yaranmış 15.594 manat vergi borcunun (ona dəymiş zərərin) pulun onlardan müştərək qaydada alınaraq Dövlət Vergi Xidmətinin hesabına köçürülməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı belə bir iddianı qaldırmaqla bağlı subyektiv hüquqa malik olmadığına görə iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Dövlət vergi xidmətinin və 14 saylı Notariat kontorunun da müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduqları “hüquqi şəxsin qeydiyyatının etibarsız sayılması və dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2157/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2157/2022
06.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver