Məhkəmə qərarları › İş №2(011)-216/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-216/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-216/2021 23.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı QSC "Bank Standard" Kommersiya Bankının (Ləğv Prosesindədir) nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı QSC "Bank Standard" Kommersiya Bankının (Ləğv Prosesindədir) Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC "Bank Standard" Kommersiya Bankının (Ləğv Prosesindədir) Cavabdeh qarşı QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/66750/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən Banka 2181.97 (iki min yüz səksən bir, 97) manat məbləğində əsas borc, 769.31 (yeddi yüz altmış doqquz, 31) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 1408.86 (min dörd yüz səkkiz, 86) manat cərimə borcu, 313.50 (üç yüz on üz, 50) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan, faiz məbləği, ümumilikdə isə 4673.64 (dörd min altı yüz yetmiş üç, 64) manat məbləğində pulun, 30 manat dövlət rüsümunun QSC "Bank Standard" Kommersiya Bankının (Ləğv Prosesindədir) xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB (bundan sonra - Bank) ilə Cavabdeh (bundan sonra - Cavabdeh) arasında xx.xx.2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/66750/14 saylı müqavilə (bundan sonra - Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə 36 (otuz altı) ay müddətinə illik 26 (iyirmi altı) faiz ödənilməsi şərti ilə 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka 2181.97 (iki min yüz səksən bir, 97) manat məbləğində əsas borc, 769.31 (yeddi yüz altmış doqquz, 31) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 1408.86 (min dörd yüz səkkiz, 86) manat cərimə borcu, 313.50 (üç yüz on üç, 50) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 4673.64 (dörd min altı yüz yetmiş üç, 64) manat məbləğində borcu qalmışdır. İddiaçı QSC "Bank Standard" Kommersiya Bankının (Ləğv Prosesindədir) nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, həmçinin ərizə ilə müraciət edərək, izahatında göstərmişdir ki, iddia tələbi əsassız olmaqla yanaşı iddia müddətinin ötürülməsi səbəbindən də rədd edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olsa belə, iddia müddətinin ötürüldüyünə görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “xxxx” QSC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borcalana 36 ay müddətinə illik 26 faiz dərəcəsi olmaqla 2500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə əsas məbləğ və faizlərin ödənilməsinin son ödəniş tarixi xx.xx.2017-ci il müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışdan görünür ki, cavabdehin kredit müqaviləsi üzrə 2181.97 (iki min yüz səksən bir, 97) manat məbləğində əsas borc, 769.31 (yeddi yüz altmış doqquz, 31) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 1408.86 (min dörd yüz səkkiz, 86) manat cərimə borcu, 313.50 (üç yüz on üz, 50) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan, faiz məbləği, ümumilikdə isə 4673.64 (dörd min altı yüz yetmiş üç, 64) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə son ödəniş xx.xx.2017-ci il tarixində edilmişdir. İş materiallarından görünür ki, iddiaçı QSC "Bank Standard" Kommersiya Bankının (Ləğv Prosesindədir) Cavabdeh borcunun ödəməsinə dair xəbərdarlıq məktubu xx.xx.2020-ci il tarixdə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Buna baxmayaraq cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə son ödənişi xx.xx.2017-cı il tarixində edildiyinə, kredit müqaviləsi müddətinin isə xx.xx.2020-ci ildə bitdiyinə baxmayaraq, iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə xx.xx.2020-ci il tarixində, yəni iddia müddəti bitəndən 2 ay sonra müraciət etmişdir. Bununla da iddiaçı müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. Cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yenə həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Həmin qərarda qeyd edilmişdir ki, kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı QSC "Bank Standard" Kommersiya Bankının (Ləğv Prosesindədir) Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli 1xx/xx/66750/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən Banka 2181,97 (iki min yüz səksən bir manat doxsan yedii qəpik) manat əsas borc, 769,31 (yeddi yüz altmış doqquz manat otuz bir qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 1408,86 (bie min dörd yüz səkkiz manat səksən altı qəpik) manat cərimə borcu, 313,50 (üç yüz üç manat əlli qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə 4673,64 (dörd min altı yüz yetmiş üç manat altmış dörd qəpik) manat pulun, 30 (otuz) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar