Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2178/2022 12.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı 6686,34 məbləğində əsas borcun, 2272,78 manat məbləğində faiz borcunun və 230.22 manat cərimə borcunun, cəmi 9189,34 manat məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 (Kredit alan) arasında xx.xx.2012-ci il tarixdə AZBA-003487 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Müqaviləyə görə iddiaçı həmin müqavilənin tərkib hissəsi olan Razılaşmalarda göstərilən məbləğdə və faizlə 60 ay müddətində Cavabdeh1 istifadəsinə 15000 manat məbləğində limit müəyyən etməklə bərpa edilən kredit xətti açmağı öhdəsinə götürmüş, “Kredit alan” isə krediti məqsədli təyinatına uyğun istiadə etməyi və müəyyən olunmuş müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin, iddiaçı ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2012-ci il tarixdə AZBA-003487 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə borclunun kredit xətt müqaviləsi üzrə (Cavabdeh1) öhdəliklərini tam icra etməsi öhdəliyini üzərlərinə götürmüşlər. xx.xx.2014-cü il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında BAKU0-2827-3645 saylı Razılaşma bağlanmış, razılaşmaya əsasən Cavabdeh1 illik faiz dərəcəsi 31% olmaqla, 18 ay müddətinə 10 000 manat məbləğində pulun kreditə verilməsi barədə öhdəlik götürmüşüdür. Cavabdeh1 tərəfindən müqavilə üzrə borc qismən ödənilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbində göstərmişdir ki, Borclu Cavabdeh1 ilə aralarında 11 sentyabr 2012-ci il tarixdə bağlanılan AZBA-003487 saylı “Kredit xətti müqaviləsinə” və 15 oktyabr 2014-cü il tarixli BAKU0-2827-3645 saylı “Razılaşma”ya əsasən illik 31% faizlə 18 ay müddətinə 10 000 manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olunan “Kredit müqaviləsi”-ndən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə iddiaçı ilə Cavabdeh2, Cavabdeh3 (ZAMİN) və Cavabdeh1 (BORCLU) arasında 11 sentyabr 2012-ci il tarixdə AZBA-003487 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış Zaminlik Müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh3 zaminliyi ilə təmin olunmuş ye kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımı gaydada icra olunmasına görə, o cümlədən kredit və onun faizi Kredit müqaviləsində şərtləşdirilmiş müddətdə qaytarılmadığından və hesablanmış dəbbə pulunun ödənilmədiyi hailarmda iddiaçı qarşısında X2 ilə birgə məsuliyyət daşıdığı Cavabdeh2 və Cavabdeh3 öz imzaları ilə Zaminlik müqaviləsində təsdiq edilmişdir. Tərəflər arasında imzalanmış 15 oktyabr 2014-cü il tarixli Ödəniş Qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən edilmişdir. Borclu ödəniş qrafikinə əsasən hər ay 709.00 manat ödəniş etməli idi. Beləki, cavabdehin kreditor qarşısında Ödəniş cədvəlinə əsasən 2272,78 manat icra edilməmiş faiz öhdəliyi qalmışdır. Beləliklə, 10 oktyabr 2016-cı il tarixi üçün cavabdehin 6 686,34 məbləğində əsas borcun, 2272,78 məbləğində faiz borcunun və 230.22 cərimə olmaqla, cəmi 9189,34 manat məbləğində borcu qalmışdır. İddiaçının nümayəndəsi məhkəmə baxışında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddianın Cavabdeh3 aid hissədə qəbul etməyərək bildirdi ki, Kredit xətt müqaviləsinin müddəti bitdikdən sonra xx.xx.2014-cü tarixdə əlavə razılaşma imzalanmış və razılaşmadan Cavabdeh3 məlumatı olmamışdır. Həmçinin, kredit xətt müqaviləsində faiz dərəcəsi göstərilməmişdir, razılaşmada olan fiaz dərəcəsindən zaminin xəbəri olmamışdır. Ona görə də Cavabdeh3lə bağlanmış zaminlik müqaviləsinə xitam verilməklə iddia tələbi ona aid hissədə təmin edilməməlidir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçı ilə Cavabdeh1 arasında 60 ay müddətinə kredit xətt müqaviləsi (xx.xx.2012-ci il) bağlanmış, həmin müqavilənin qüvvədə olduğu müddət çərçivəsində, yəni xx.xx.2014-cü tarixdə eyni tərəflər arasında Razılaşma imzalanaraq, Cavabdeh1 18 müddətinə 10 000 manat məbləğində kredit verilmişdir. İddiaçı razılaşdırılmış pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh öhdəliyini tam yerinə yetirməmişdir. Tərəflər arasında müqavilənin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Eyni zamanda, iş materiallarına əlavə edilmiş Maliyyə arayışından görünür ki, kredit razılaşması üzrə xx.xx.2016-cı il tarixinə onun əsas borca görə 6686,34 manat, faiz üzrə 2272,78 manat, 230,22 manat cərimə borcu qalmışdır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə borcunun olması, bununla da öhdəliyini tam yerinə yetirməməsi iş materialları ilə sübuta yetirilir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarına müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabı) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair üzərinə öhdəlik götürmüşdür. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kredit və bank hesabından yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi cərimə məbləğinin tələb edilməsi hissəsində də qismən əsaslıdır. İşin hallarından da göründüyü kimi, iddiaçının iddia ərizəsində göstərdiyi cərimə əsassız olaraq şişirdilmiş, habelə, cərimənin 230,22 manat həcmində hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Məhkəmə həm cərimənin yüksək məbləğdə hesabılanmasını, həm də cərimənin qanunla öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və müqavilə ilə müəyyən edildiyini, Cavabdeh1 isə öhdəliyini vaxtında icra etməməsini nəzərə alaraq onun 50 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə eyni zamanda, iddia tələbinin digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid hissədə araşdıraraq hesab edir ki, onlar kredit müqaviləsi üzrə Cavabdeh1 aldığı pul məbləğinin iddiaçıya qaytarmasına dair öhdəliyinin tam icra olunmasına görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdeh3 xx.xx.2012-ci il tarixli AZBA-003487 saylı Zaminlik müqaviləsindəki imzanın ona məxsus olmadığını bildirsə də, iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 4/711 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən xx.xx.2012-ci il tarixdli AZBA-003487 saylı zaminlik müqaviləsindəki imzalar Cavabdeh3 tərəfindən icra olunmuşdur. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, Cavabdeh3 ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir. Azərbaycan Republikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Cavabdeh3 və vəkili-nümayəndəsinin Kredit xətt müqaviləsinin müddəti bitdikdən sonra əlavə razılaşma imzalanmasına, razılaşmadan Cavabdeh3 məlumatı olmaması və kredit xətt müqaviləsində faiz dərəcəsi göstərilməməsi ilə bağlı dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 arasında Kredit xətt müqaviləsi xx.xx.2012ci il tarixdə 60 ay müddətinə bağlanmış, əlavə razılaşma isə xx.xx.2014-cü il tarixdə, yəni Kredit xətt müqaviləsinin qüvvədə olduğu müddət daxilində bağlanmışdır. Kredit xətt müqaviləsində faiz dərəcəsinin göstərilməməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, sözügedən müqavilənin 1-ci bəndində Cavabdeh1 Kredit xətt müqaviləsində göstərilmiş kredit limiti həddində alınmış krediti məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onları faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Göstərilən müddəalara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, pul öhdəliyi isə icra etmədiyindən, Cavabdeh2 və Cavabdeh3 digər Cavabdeh1 ilə bərabər iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin iddianın 20 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, ödənilmiş dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, ekspertiza tətqiqatının dəyəri kimi hesablanmış 124 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 6686,34 manat əsas, 2272,78 manat faiz borcu, 50 manat cərimə olmaqla, cəmi 9009,12 manat məbləğində pul və 20 manat dövlət rüsumu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilsin. Ekspertiza tətqiqatının dəyəri kimi hesablanmış 124 manat məbləğində ekspertiza xərci Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-2178/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2178/2022
12.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver