Məhkəmə qərarları › İş №2(011)-219/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-219/2022

24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-219/2022 24.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Ləğv prosessində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı 12203 manat əsas, 2311,92 manat faiz borcu, 626,34 manat cərimə olmaqla, cəmi 15141,26 manat və iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehdən tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, "xxxx" ASC ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 100.LN.1104.230119.00001 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 30 ay müddətinə, illik 20% dərəcəsi ilə 14075 manat məbləğində kredit verilmişdir. Ödəmə qrafikinə əsasən kreditin aylıq ödənişi ilk 4 ay üzrə 0 manat, digər aylar üzrə 234 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə borc qismən ödənilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbində göstərmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 23 yanvar 20l9-cu il tarixli, 100.LN.1104.230119.00001 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 30 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 14075 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4,2-ci bəndinə əsasən cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2021-ci il tarixə cavabdehin kredit üzrə cəmi borcu 15141,26 manat təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********148 saylı, xx.xx.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdehin təkrar ekspertiza keçirilməsini istəməkdə məqsədi məhkəmə prosesini uzatmaqdır. Cavabdeh bankın keçmiş əməkdaşı olub. İddia tələbində qeyd olunmuş faiz və cərimə borcunun məbləği isə yüksək deyil. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin o, ərizə ilə məhkəməyə müraciət edərək səhhətində yaranan problemlə əlaqədar məhkəmə iclasına gəlməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, işin mübahisəsiz halıdır ki, "xxxx" ASC ilə cavabdeh arasında yuxarıda qeyd edilən şərtlərlə kredit müqaviləsi bağlanmış və "xxxx" ASC razılaşdırılmış pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh öhdəliyini tam yerinə yetirməmişdir. "xxxx" ASC ilə cavabdeh arasında müqavilənin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Eyni zamanda, iş materiallarında olan xx.xx.2021-ci il tarixli arayışda xx.xx.2021-ci il tarixə müqavilə üzrə yaranmış borcun - əsas borc üzrə 12203 manat, faiz borcu üzrə 2311,92 manat, cərimə borcu üzrə 626,34 manat olmaqla, cəmi 15141,26 manat olması qeyd edilmişdir. Göründüyü kimi, cavabdehin kredit müqaviləsi üzrə borcunun olması, bununla da öhdəliyini tam yerinə yetirməməsi iş materialları ilə sübuta yetirilir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarına müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabı) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair üzərinə öhdəlik götürmüşdür. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən əsas borcun tutulmasına dair iddia tələbi həcminə görə qismən əsaslıdır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/9525 saylı xx.xx.2022-ci il tarixli rəyinə əsasən xx.xx.2019-cu il tarixli, 100.LN.1104.230119.00001 saylı kredit müqaviləsi üzrə cavabdehin əsas borcu 12201,90 manat təşkil edir. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etmiş və cavabdehdə ekspertiza rəyi ilə razılaşmayaraq təkrar ekspertiza keçirilməsini xahiş etsə də, nə iddiaçı, nə də cavabdeh ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir. Azərbaycan Republikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi 626,34 manat məbləğində cərimənin tələb edilməsi hissəsində qismən əsaslıdır. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə qeyd edir ki, qeyd edilən müddəada göstərildiyi kimi, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin 626,34 manat həcmində hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Həmçinin, iddia tələbindən də açıq şəkildə görünür ki, hesablanmış cərimənin həcmi əsas borc tələbindən xeyli artıqdır. Eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/9525 saylı xx.xx.2022-ci il tarixli rəyinə əsasən cavabdehin cərimə borcunun 93,86 manat olması qeyd edilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesabılanmasını, həm onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini, həm də məhkəmə-mühasibatlıq ekspertizasının rəyini nəzərə alaraq cərimənin 93,86 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin hesab edir ki, 30,40 manat məbləğində dövlət rüsumu və ekspertizanın dəyəri kimi hesablanmış 100 manat məbləğində pul cavabdehdən tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 12201,90 manat əsas, 2311,92 manat faiz, 93,86 manat cərimə olmaqla, cəmi 14607,68 manat pul və 30,40 manat dövlət rüsumu Cavabdeh tutularaq Ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. Ekspert tədqiqatının dəyəri kimi hesablanmış 100 manat məbləğində xərc Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar