Məhkəmə qərarları › İş №2(011)-2196/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2196/2022

27.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2196/2022 27.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı iştiakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3109/2021 nömrəli xx.xx.2021-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3109/2021 nömrəli xx.xx.2021-cu il tarixli qətnaməsi ilə birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşağa görə 175 manat olmaqla 350 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən alimentin miqdarı uşaqların zəruri xərclərini ödəməyə kifayət etmir. Azərbaycan Respublikasının 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ona görə də Xətai Rayon Məhkəməsi tərəfindən müəyyən olunmuş alimentin miqdarını artırmaq zərurəti yaranmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3109/2021 nömrəli xx.xx.2021-cu il əsasında təyin edilmiş alimentin miqdarının artırılması, həmin qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı 743602 nömrəli Doğum haqqında şəhadətmənin surətindən görünür ki, X3 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİİ seriyalı 743603 nömrəli Doğum haqqında şəhadətmənin surətindən görünür ki, X4 oğlu xx.xx.2010-cu il tarixdə Bakı şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” 03 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Baxılan iş üzrə uşaq üçün alimentin artırılması barədə qətnamə xx.xx.2021-ci il tarixdə qəbul edilmiş, hazırkı iddia ərizəsi isə məhkəməyə xx.xx.2022-ci il tarixdə verilmişdir. İddiaçı ötən müddət ərzində özünün və ya cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə hər hansı dəlilə istinad etməmiş və bununla bağlı sübutlar təqdim etməmişdir. Cari ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 193 manat müəyyən edilməsi iddianın təmin olunması üçün birmənalı əsas ola bilməz. Belə ki, əvvəlki qətnamə ilə uşaqların saxlanması üçün tutulan aliment hər uşağa görə 175 manat müəyyən edilmişdir. Məhkəmə qeyd olunan halları, habelə uşaqların saxlanmasında hər iki valideynin iştirak etməli olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22(011)-3109/2021 nömrəli xx.xx.2021-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar