Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2196/2023 31.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarınının artırılması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Ağcabədi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(017)-994/2014 saylı qətnaməsi ilə tutulan aliment miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləği miqdarında təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh ilə xx.xx.2005-ci ildə rəsmi nikaha daxil olmuşdur, birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X4 adlı iki övladları var, Ağcabədi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(017)-994/2014 saylı qətnaməsi ilə nikahları pozulmuşdur, qətnamə ilə övladlarının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay, hər uşaq üçün 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir, nikahın pozulması barədə 2015-ci ildə şəhadətnamə verilmişdir, hal-hazırda cavabdehlə ayrı-ayrı ünvanlarda yaşayırlar, övladları onunla birlikdə qalır, birinin 16, digərinin 17 yaşı var, biri kollecdə ikinci kursda, digəri 10cu sinifdə təhsil alır, uşaqların hər ikisi xəstədir, əvvəl özü işləmiş, uşaqların xərclərini qarşılamışdır, lakin hazırda özü işləmir, maddi vəziyyəti aşağıdır, işləmədiyi üçün artıq uşaqların xərclərini qarşılaya bilmir, uşaqlar isə hazırlıqlara gedir, uzun müddət ərzində qarşı tərəfdən aliment artırılmasını istəməmişdir, çünki gəliri olmuşdur, bu qədər müddət onlara möhlət vermişdir, hazırda aliment 2014-cü ildən bir uşağa 70 manatdır, halbuki bu il üzrə bir uşaq üçün yaşayış minimumu 220 manatdır. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi V.H.Mustafayev qısa izahatında bildirdi ki, iddia tələbini qəbul etmir, cavabdeh – oğlu burada deyil, Rusiya Federasiyasındadır, özü isə əməliyyat olunmuşdur, xəstədir, səhhəti ilə bağlı işləyə bilmir, tələb olunan alimenti ödəyə bilməz. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı 12957396 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Mustafalı Ayanın atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AA2948753 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Ağcabədi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(017)- 994/2014 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 19 fevral 2005-ci il tarixdə Ağcabədi rayon Qeydiyyat şöbəsində bağlanmış, 63 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, X3 və X2 anası İddiaçı yanında saxlanılması, xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə Cavabdeh 70 manat məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 168930 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında bağlanmış nikah xx.xx.2015-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan 5 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 03728 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir, İddiaçı mediasiya sessiyasında iştirak edərək cəmi 55 manat məbləğində mediasiyaya dair xərcləri ödəmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı qüvvədə olan əmək müqavilə məlumatları aşkar edilməmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı nikah pozulmuşdur, onların birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X4 adlı iki yetkinlik yaşına çatmayan uşaqları var, Ağcabədi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(017)-994/2014 saylı qətnaməsi ilə uşaqlar ananın – iddiaçının himayəsində saxlanmışdır, hal-hazırda da onun yanındadırlar, məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş hər ay hər uşaq üçün 70 manat miqdarında aliment məbləği uşaqların saxlanması məqsədi ilə yetərli deyil və aliment məbləğinin artırılması tələbi onların əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətlərinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideynlərin, o cümlədən cavabdehin vəzifəsidir, bu məqsədlə də uşağın valideynlərdən birinin - ananın yanında saxlanması ona qulluq, onun təhsil, inkişaf və s. qayğılarının çəkilməsinin daha çox onun üzərinə düşməsi, digər valideynin belə məsuliyyətini istisna etməməklə, alternativ olaraq saxlanma xərclərinin həddinin yaşayış minimumuna görə müəyyən edilməsinə əsas ola bilər. Məhkəmə, Ağcabədi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(017)-994/2014 saylı qətnaməsi əsasında cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, təhsilini, onların saxlanmasına cəlb edilməli olan şəxsin qadın olmasını, onun əmlak vəziyyətini, hazırda işləməməsini və 2023-cü il üzrə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, uşaqların mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları nəzərə alaraq, cavabdehdən hər ay, hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndinə əsasən, uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir...Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. 01 yanvar 2023-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Ağcabədi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(017)-994/2014 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, cavabdehdən hər ay, hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və artırılmış alimentin məbləğinin illik ödəmə məcmusunun 1000 manatdan 10000 manatadək (300 x 12 ay = 3600 manat) olması nəzərə alınmaqla, cavabdehdən dövlət mədaxilinə 56 manat məbləğində dövlət rüsumu alınmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Ağcabədi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(017)-994/2014 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 56 (əlli altı) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2196/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2196/2023
31.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver