Məhkəmə qərarları › İş №2(011)-2204/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2204/2022

29.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2204/2022 29.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə faktiki nikaha daxil olmuşdur və birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X3 anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3237/21 saylı qətnaməsinə əsasən, 25 may 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən 175 manat miqdarında alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icra vərəqəsi icra olunması üçün müvafiq icra şöbəsinə göndərilmiş və uşağın saxlanılması üçün müəyyən edilmiş ödənişlər cavabdeh tərəfindən həyata keçirilmişdir. Hal-hazırda uşağın ehtiyaclarını təkbaşına ödəmək ana üçün çox çətindir. Uşaq böyüdükcə onun tələbatları da artır. Cavabdeh bir ata kimi övladının qayğısına qalmır, onunla maraqlanmır, ata kimi öz vəzifəsini icra etmir. Hal-hazırda alimentin artırılmasına ehtiyac vardır. İddiaçı göstərilənləri nəzərə alaraq, 25 may 2010-cu il təvəllüdlü X1 üçün alimentin miqdarının artırılaraq, Cavabdeh hər ay 193 manat sabit pul məbləğinin və 50 manat mediasiya xərcinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası barədə İddiaçı və Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar hazırki məhkəmə iclasına gəlməmişlər və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin iddiaçı məhkəməyə ərizə göndərərək, iddia tələbini müdafiə etdiyini, məhkəmə iclasını iştirakının olmadan keçirilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3237/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1995/2018 saylı, 15 fevral 2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, 25 may 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 217057 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikah ləğv edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ uşağın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğu üçün iddia təmin edilməli və Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3237/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən 25 may 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 193 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3237/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən 25 may 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 193 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci iddiaçının xeyrinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar