Məhkəmə qərarları › İş №2(011)-222/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-222/2022

18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-222/2022 18.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 051TO8170129 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə "xxxx" ASC tərəfindən 12 ay müddətinə, illik 29% dərəcəsi ilə 2000 manat məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinin 3.3cü bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 6028.34 manat təşkil edir. Bundan 1995.72 manat əsas, 2081.04 manat faiz, 1658.14 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 293.44 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********059 saylı xx.xx.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası MM-nin 442, 445.2.1, 445.7, 448.1, 449.4 və 465.2-ci maddələri ilə əsaslandıraraq, cəmi 6028.34 manatın, bundan 1995.72 manat əsas, 2081.04 manat faiz, 1658.14 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 293.44 manat faiz borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini müdafiə etməklə yanaşı, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul etməklə yanaşı, borc məbləğinin yüksək olmasını bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-si ilə Cavabdeh arasında bağlanmış 30 avqust 2017-ci il tarixli, 051TO8170129 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-si tərəfindən Cavabdeh 12 ay müddətinə 2000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan ləğv prosesində olan "xxxx" ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 17 iyul 2021-ci il tarixli maliyyə arayışına əsasən məlum olur ki, Cavabdeh kredit müqaviləsi üzrə əsas borcu 1995.72 manat, cərimə üzrə borcu 1658.14 manat, faiz üzrə 2081.04, gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olaraq 293.44 manat, ümumilikdə 6028.34 manat borcu vardır. İş materiallarında olan ləğv prosesində olan "xxxx" ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh ünvanladığı bildirişə əsasən məlum olur ki, bank borcun 3 (üç) gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət edəcəkləri barədə cavabdehi xəbərdar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 mart 2022-ci il tarixli, 9/9425 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" ASC ilə Cavabdeh arasında 30 avqust 2017-ci il tarixdə bağlanmış 051TO8170129 nömrəli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh iddiaçı "xxxx" ASC-yə sualda göstərilən yəni, 30 avqust 2018-ci il tarixinə olan borcu: 16 mart 2022-ci il tarixə 2465.17 AZN, əsas borc üzrə 1941.99 AZN, faiz borcu üzrə 523.18 AZN müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ( maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. (maddə 427.3) Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. (maddə 429.1.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449.1) Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsas borc məbləğinin tutulması hissəsində əsaslıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi faiz borcunun tutulması hissəsində qismən əsaslıdır. Belə ki, mülki işin materialları ilə təsdiq edilir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqavilənin müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. İş materiallarında olan ekspert rəyi ilə təsdiq edilir ki, cavabdehlə bağlanmış kredit müqaviləsinin müddətinin bitdiyi tarixə faiz borcu 523.18 manat olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmin qərarda Plenum şərh vermişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddiaçı tərəfindən əsas borcun qalığına 2081.41 manat məbləğində faizin hesablanması borclunun vəziyyətini daha da ağırlaşdırmaqla yanaşı, bərabərlik prinsipinin kobud surətdə pozulmasına gətirib çıxarar. Odur ki, iddiaçının borcludan müqavilə müddəti bitdikdən sonra hesablanmış faizləri tələb etməsi əsassızdır. Buna görə də iddia həmin hissədə qismən təmin edilməli, xx.xx.2018-ci il tarixinə kimi əsas borca hesablanmış 523.18 manat məbləğində faiz borcu cavabdehdən tutulmalıdır. Bununla yanaşı məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan hesablanmış cərimə məbləğinin 10%-dək azaldılaraq Cavabdeh kredit müqaviləsi üzrə 166 manat məbləğində cərimə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia Cavabdeh qarşı qismən təmin edilməli, Cavabdeh 1995.72 manat əsas, 523.18 manat faiz borcu, 166 manat cərimə borcu olmaqla, cəmi 2684.9 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış 293.44 manat faiz borcunun tutulması hissəsində əsaslandırılmadığından və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1995.72 manat əsas, 523.18 manat faiz borcu, 166 manat cərimə borcu olmaqla, cəmi 2684.9 manat məbləğində pul vəsaiti "xxxx"ASC-nin xeyrinə tutulsun. İddia qismən təmin edildiyi üçün iddiaçı "xxxx" ASC-si tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50 %, yəni 15 manat Cavabdeh tutularaq iddiaçıya ödənilsin, qalan 50 %, yəni 15 manat iddiaçıya aid edilsin. Eyni zamanda iddia qismən təmin edildiyindən, 100 manat ekspertiza xərcinin 50%, yəni 50 manat Cavabdeh, 50%, yəni 50 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar