Məhkəmə qərarları › İş №2(011)-2226/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2226/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2226/2020 08.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxx” MMC-yə qarşı “alğı-satqı müqaviləsinə əsasən ödənilmiş pul məbləğinin qaytarılması” barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxx” MMC-yə, “xxxx” MMC-yə və “xxxxxxxxxxxx” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən aldadılaraq mənzil üçün ödədiyi 16.437 ABŞ dolları, 9.862,20 ABŞ dolları penya, cəmi 26.299,20 ABŞ dolları pulun və ödənilmiş 30 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı “xxxxxxxxxxxxxx” MMC-nin direktoru X5 ilə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-48-ci məhəllə ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 8-ci girişi, 9-cu mərtəbəsində, ümumi sahəsi 54,79 kv.m. olan bir otaqlı 750 saylı mənzilin alğı-satqısı barədə xx xxx 2007-ci il tarixdə kooperativ mənzil tikintisi haqqında müqavilə bağlayaraq, bağlanmış alğı-satqı müqaviləsinə əsasən həmin mənzilin dəyərini-16.437 ABŞ dolları pul vəsaitini tam həcmdə ödəmişdir. Buna baxmayaraq cavabdehlərin təqsiri üzündən iddiaçı mənzil üzərindəki hüquqlarını həyata keçirə bilmir. Belə ki, cavabdehlər tərəfindən alğı-satqı müqaviləsi bağlandıqdan sonra göstərilən ünvandakı binanın mənzilin tikintisi başa çatdırılsa da, iddiaçı həmin mənzilə sahib ola bilməmişdir, onun pulu da geri qaytarılmamışdır. İddiaçı mənzilin dəyərini ödəmiş, “xxxxxxxxxxxxxx” MMC-nin direktoru X2 şəxsi imzası və müəssisənin möhürü ilə təsdiqlənmiş maliyyə arayışını almışdır. O, ödəniş etdiyi zaman sözügedən yaşayış binasının 2-ci və 3-cü mərtəbələri tikilməkdə olmuşdur. İddiaçı bir neçə aydan sonra binanın vəziyyəti ilə bağlı məlumat almaq üçün tikinti meydanına getdikdə inşaatçı “xxxxxxxxxxxxxx” MMC-nin inşaat işlərinin dayandığını öyrənmişdir. Ona şirkətin sahibinin “xxxxxxxxxxxx” MTK-nın rəhbəri İsfəndiyar Axundov olduğu bildirilmişdir. İddiaçı daha sonra xxxxxlu İsfəndiyar ilə görüşmüş, o iddiaçıya müxtəlif binalardan ev təklif etmiş, əlavə olaraq pul ödəməli olduğunu bildirmişdir. İddiaçı “xxxxxxxxxxxxxx” MMC-nin rəhbərinin barəsində cinayət işinin başlandığını, mənzillərin tikintisi və satışının “xxxxxxxxxxxx” MTK-nın nəzdində fəaliyyət göstərən “xxxx” MMC-yə verildiyini öyrənmişdir. Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-48-ci məhəllə ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 8-ci girişi, 9-cu mərtəbəsində, ümumi sahəsi 54,79 kv.m. olan bir otaqlı 750 saylı mənzilə iddiaçı bu günə kimi sahib ola bilməmişdir, onun pulunu mənimsəyərək qaytarmamışlar. Daha sonra İddiaçı Azərbaycan Respublikasının MPM-in 53-cü maddəsinə əsasən, məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh “xxxxxxxxxxxxxx” MMC-dən aldadılaraq mənzil üçün ödədiyi 16.437 ABŞ dolları pulun, 10,684 ABŞ dolları penyanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etdi. Eyni zamanda, məhkəmədə iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını tələb etdiyindən, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki iş materiallarından görünür ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmış və cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-48-ci məhəllə ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 8ci girişi, 9-cu mərtəbəsində, ümumi sahəsi 54,79 kv.m. olan bir otaqlı 750 saylı mənzil xx xxx 2007-ci il tarixli müqavilə əsasında hazırkı iş üzrə iddiaçı Ağatəşi-X1. İddiaçı həmin mənzilin dəyəri olaraq 16.437 ABŞ dolları pul vəsaitini ödəmişdir. Lakin o, həmin mənzil ilə təmin olunmamış, ödədiyi pul da ona geri qaytarılmamışdır. Ona görə də iddiaçı mənzilə görə ödədiyi məbləği ödəməyi tələb etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-5717/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxx” MMCyə, “xxxx” MTK-ya və “xxxxx” MTK-ya qarşı mənzilin boşaldılaraq sahibliyinə qaytarılması barədə iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəlik dedikdə bir şəxsin (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməsi, məsələn, pul ödəməsi, əmlak verməsi, iş görməsi, xidmətlər göstərməsi və i.a. və ya müəyyən hərəkətdən çəkinməsi, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ başa düşülür. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hazırkı iş üzrə cavabdeh qanunvericiliklə alğı-satqı müqaviləsinə tətbiq olunan normaları pozmuş və eyni zamanda müqavilə üzrə üzərlərinə düşən öhdəliyi icra etməmişdir. Mülki iş materiallarından görünür ki, iddiaçı dəfələrlə cavabdehə müraciətlər etmiş, lakin müraciətləri nəticəsiz qaldığından, o mənzil tələbi ilə bağlı məhkəmələrə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı uzun illərdir ki, nə ödədiyi pulla, nə də ki hər hansı mənzillə təmin olunmamışdır. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən həm ona dəyən maddi ziyanı, həm də icranın gecikdirilməsi nəticəsində ona vurulmuş ziyanı tələb etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-5717/2019 saylı qətnaməsində qeyd olunmuşdur ki, iddiaçının “xxxxxxxxxxxxxx” MMCdən müqavilənin predmeti olan mənzilin deyil, mənzilə görə ödədiyi pulun və ona dəymiş zərərin tələb edilməsi hüququ yaranmışdır. Odur ki, iddiaçı yenidən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 443-cü maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Göründüyü kimi cavabdehlərin öhdəliklərini vaxtında icra etməmələrinin nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Odur ki, iddiaçı qeyd edilən məbləğləri tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə Mülki Məcəllənin 445.1-ci maddəsinə istinad edərək hesab edir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 09 iyul tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” qərarına əsasən MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MMin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. İş materiallarından görünür ki, alğı-satqı müqaviləsi üzrə maliyyə arayışının tərtib edildiyi xx xxx 2007-ci il tarixdən gecikdirilmiş müddət 13 il təşkil etdiyindən, əsas borcun illik 5% hesabı ilə həmin məbləğ 10.684 ABŞ dolları təşkil edir. Məhkəmə iddiaçının gecikdirilmiş vaxt üçün 10.684 ABŞ dolları pul vəsaitinin ödənilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olmaqla təmin edilməli və cavabdehdən 10.684 ABŞ dolları pul tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, qeyd edilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh “xxxxxxxxxxxxxx” MMC-dən iddiaçının mənzil üçün ödədiyi 16.437 ABŞ dolları pul, 10.684 ABŞ dolları penya tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 238-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh “xxxxxxxxxxxxxx” MMC-dən iddiaçının mənzil üçün ödədiyi 16.437 (on altı min dörd yüz otuz yeddi) ABŞ dolları pul vəsaiti, 10.684 (on min altı yüz səksnə dörd) ABŞ dolları penya ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar