Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-223/2022 31.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında Bakı şəhəri 18 saylı notariat ofisində bağlanmış 29.01.2021-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərfındən aldadılaraq 29.01.2021-ci il tarixli kredit müqaviləsini imzalamışdır. Həmin müqavilə aldatma yolu ilə bağlanıldığı üçün, etibarsız hesab edilməlidir. Belə ki, cavabdehlə qarşlıqlı şəkildə razılaşaraq ondan Mersedes markalı maşın almaq istəmişdir və razılaşmışdırki, həmin maşınla bağlı aralarında kredit müqaviləsi imzalansın və həmin nəqliyyat vasitəsinin pulunu hissə-hissə ödəsin. Cavabdehi tanıdğnn və etibar etdiyi üçün onunla razılaşaraq 18 saylı notariat kontoruna getmiş və 29.01.2021-ci il tarixli kredit müqaviləsini imzalamışdır. Qarşılıqlı razılaşmaya əsasən kredit müqaviləsi imzalandıqdan sonra cavabdeh maşını onun sahibliyinə və istifadəsinə verməliydi. Lakin kredit müqaviləsi imzalandıqdan sonra cavabdeh dedi ki. maşının xırda problemləri olduğu üçün gecikir və həmi maşının xırda problemlərini aradan qaldırıb özü təhvil verəcək. Amma müqavilə bağlanıldıqdan sonra 3 gün keçsə də maşını vermədi və qarşılıqlı və şifahi şəkildə öz öhdəliklərindən imtina etdilər. Yəni cavabdeh dedi ki, maşını verə biulmədiyi üçün, kredit müqaviləsinidə ləğv edəcək. O da inanaraq hər hansı etiraz etmədi. Halbuki, həmin kredit müqaviləsi üzrə hər hansı borc pul almamışdır. Cavabdehlə əlaqə saxlasa da müqaviləni ləğv etmir. Artıq başa düşmüşdür ki. cavabdeh onu aldadaraq əlavə pul almaq istəyir. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia ərizəsi tam əsassız və cəfəngiyyatdır. İddiaçı bu cür bəhanələrlə aralarında bağlanmış kredir müqaviləsində göstərilən pul məbləğini ödəməkdən boyu qaçırmaq istəyir. Belə ki, İddiaçı oğli ilə aralarında Bakı şəhəri 18 saylı notariat kontorunda 29.01.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, iddiaçı ondan 7500 manat məbləğində pulu borc alaraq 28.02.2021-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi bağlanan günü həmin məbləği Günay Bank ASC-yə 29.01.2021-ci il tarixli orderdə göstərilən AZ83GÜNA******************** hesab nömrəsinə ödəməklə təhvil vermiş, iddiaçı isə elə həmin günü Günay Bankdan öz imzası ilə təhvil almışdır. Həmçinin müqavilə imzalanan zaman hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişlər. Hazırda Bakı şəhəri 4 saylı Notariat Kontorunun 8İ-913 saylı, 25 may 2021-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsində icraata başlanılaraq İddiaçı oğlu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsində işlədiyinə görə onun əmək haqqından tutma aparılması üçün Sabunçu İcra Şöbəsinin 3742-129547/17 saylı, 08.06.2021-ci il tarixli məktubu həmin idarəyə göndərilmişdir. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X2 iddia ərizəsində göstərilənləri təsdiq edərək iddia tələbinin təmin olunmasını xahi etdilər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməməsıni xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Borc verən Cavabdeh ilə borc alan İddiaçı arasında bağlanmış 29.01.2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən borc alana faizsiz 7500 manat məbləğində borc vermiş, borc alan krediti 28.02.2021-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə Bakı şəhəri 18 saylı notariat ofisində təsdiq edilmiş və reyestrdə 3M-77 nömrə ilə qeyd olunaraq informasiya sisteminə daxil edilmişdir. 29.01.2021-ci il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən "xxxx" ASCdə olan AZ83GÜNA******************** hesab nömrəsinə 7500 manat məbləğində pul köçürülmüşdür. 29.01.2021-ci il tarixli GB 127007 nömrəli çekdən görünür ki, İddiaçı “çekdə göstərilən məbləği aldım” sözlərinin qarşısında imza etməklə 7500 manat pulu aldığını təsdiq etmişdir. Bakı şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 26.05.2021-ci il tarixli icra qeydinin surətindən görünür ki, Cavabdeh xeyrinə İddiaçı Bakı şəhəri, 18 saylı notariat ofisində 29.01.2021-d ıl tarixdə 3M-77 nömrəli reyestrlə təsdiq edilmiş kredit müqaviləsinə əsasən 21.01.2021-ci i! tarixdən 28.02.2021-ci il tarixədək olan müddət üçün vaxtında ödənilməmiş 7500 manat pulun tutulması təklif edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə ünvanlanmış 3742-129547/17 saylı, 08.06.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri 4 saylı notariat ofisinin qeyd olunan icra sənədi üzrə icraata başlanılmış və İddiaçı oğlunun əmək haqqından hər 50% tutularaq Cavabdeh hesabına ödənilməsi xahiş olunmuşdur. Məhkəmənin 11.11.2021-ci il tarixli qərardadı ilə 29.01.2021-ci il tarixli GB 127007 nömrəli çekdəki “çekdə göstərilən məbləği aldım” sözlərinin qarşısındakı imzanın İddiaçı tərəfindən icra olunmasının müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. 24.02.2022-ci il tarixli, 4/1793 saylı ekspert rəyinə əsasən 29.01.2021-ci il tarixli GB 127007 nömrəli çekdəki imzanın İddiaçı tərəfindən icra olunduğu müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbavcan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinin tələblərinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, yuxarıda sadalanan qanun normalarına əsaslanmaqla hesab edir ki, İddiaçı ilə cavabdeh İddiaçı arasında 29.01.2021-ci il tarixdə bağlanmış və Bakı şəhəri 18 saylı notariat ofisində təsdiq edilmiş kredit müqaviləsi qanunvericiliyin həmin müqavilə növləri üçün müəyyən edilmiş tələblərinə tam riayət olunmaqla bağlanmışdır. İddiaçı həmin müqavİlə bağlanan zaman cavabdeh tərəfimdən aldadılmasını göstərmiş, lakin iş materialları ilə iddiaçının göstərilən dəlili tam təkzib olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 24.02.2022-ci il tarixli, 4/1793 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 127 manat təşkil etməklə Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası təmin edilməsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 127 (bir yüz iyirmi yeddi) manat pul İddiaçı tutulub Dövlət büdcəsinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-223/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-223/2022
31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver