Məhkəmə qərarları › İş №2(011)-2241/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2241/2024

18.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2241/2024 18.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 Cavabdeh2 nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçıya dəymiş 42780 manat ziyan və məhkəmə xərci olaraq 336 manat, o cümlədən, hüquqi yardım üçün 100 manat, dövlət rüsumu olaraq 218,50 manat və etibarnamə xərci 17,25 manat olmaqla, ümumilikdə 43116 manat pulun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

İşin iddia ərizəsində qeyd edilən halları:

2. xx.xx.2023-cü il tarixdə “Ulduz” metrostansiyasının yaxınlığında baş vermiş yolnəqliyyat hadisəsi zamanı cavabdehlərdən Cavabdeh2 mülkiyyətində olan və digər Cavabdeh1 tərəfindən idarə edilən “Hovo” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını( betonqarışdırıcı) iddiaçının mülkiyyətində olan “Man” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə toqquşması nəticəsində iddiaçının maşınına 32245 manat ziyan dəymişdir. ƏN-Vİİ №741734 saylı etibarnamədən görünür ki, “Hovo” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını (avtobetonqarışdırıcı) xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh2 mülkiyyətində olmaqla xx.xx.2023-cü il tarixdə digər cavabdehə idarə etmək üçün səlahiyyət vermişdir. Nərimanov rayon Polis idarəsinin 1 saylı HK-1213 nömrə ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, (baş təhqiqatçı Mirsaleh Cavadov) aparılan araşdırma ilə müəyyən edilmişdir ki, Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, X.R.Ulutürk küçəsi ilə M.Nərimanov küçəsinin kəsişməsində sağa M.Nərimanov küçəsinə dönmək isətəyən zaman manevr etmə qaydasını pozması nəticəsində iddiaçının mülkiyyətində olan “Man” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə toqquşmuş və təqsirli olduğu üçün Cavabdeh1 AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə barəsində qəbul edilmiş bu qərar icra olunması üçün Nərimanov RPİ-dən DYPİnə göndərilmişdir. Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində iddiaçıya 32245 manat ziyandan başqa həmin betonqarışdırıcı maşının içərisində olan 7 kub beton (735 manat dəyərində) hadisə nəticəsində dağılaraq həmin məbləğdə ziyan dəymişdir. Belə ki, malın aid olduğu "xxxx" MMC-dən betonun dəyəri olaraq 735 manat pul hazırda iddiaçıdan tələb olunur. Həmin zavodla bağlanmış müqaviləyə əsasən aylıq 3500 manata hazırda zədələnmiş və işlədilməyə yararlı olmayan “Man” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını xx.xx.2023-cü il tarixdən işlək vəziyyətdə deyil və dayanacaqda saxlanılıb. Nəticədə iddiaçı 3 ay müddətində 10500 manat gəlirdən məhrum olmuşdur. Halbuki onun kredit götürdüyü "xxxx" ASC-yə aylıq 1807 manat borcu qalmışdır ki, 3 aydır ki, kredit borcunu da iddiaçı ödəyə bilmir. Yekun olaraq iddiaçıya ümumilikdə 42780 manat ziyan vurulmuşdur. Bundan başqa hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat, dövlət rüsumu olaraq ödənilmiş 218,50 manat, etibarnamə üçün 17,25 manat pul ödəmişdir.

Tərəflərin izahatı:

3. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 öz izahatında qeyd etmişdir ki, iddia tələbini müdafiə edir. Yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 təqsirinə görə iddiaçıya maddi ziyan vurulmuşdur. Hadisə baş verən zaman iddiaçıya məxsus betonqarışdırıcı maşının içərisində 735 manat dəyərində olan 7 kub beton olmuşdur. Halhazırda həmin məbləğ də iddiaçıdan tələb edilməkdədir. Hadisə baş verdiyi gündən etibarən faktiki olaraq gəlirdən məhrum olmuşdur. Cavabdeh1 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmişdir. Eyni zamanda betonqarışdırıcı maşına da ziyan vurulmuş, ehtiyat hissələri və.s zədələnmişdir, çəkilən xərcləri təsdiq edən qaimə də mülki iş materiallarına əlavə edilmişdir. 01 oktyabr 2023-cü il tarixdə icarə müqaviləsi bağlanmışdır ki, aylıq 3500 manat ödəməklə betonqarışdırıcı maşın İddiaçı icarəyə verilmişdir. İddia ərizəsi yanvar ayında məhkəməyə verilmiş, yanvar ayından indiyə qədər aylıq 3500 manat olmaqla cəmi 10500 manat icarə haqqı ödənilmişdir. Cavabdehlərdən vurulmuş maddi ziyanın əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh2 nümayəndəsi X3 öz izahatında qeyd etmişdir ki, onların bu hadisədən məlumatı olsa da, sonrakı proseslərdən heç bir məlumatı olmamışdır. Maşına dəymiş ziyan məsələsinə gəldikdə onlara da iki qat ziyan vurulmuşdur. Maşını hadisə baş verən zaman sürücü idarə etmişdir. İddia tələbi ilə razı deyildir. Hər avtomobilin öz dəyəri mövcuddur ki, heç qarşı tərəfin avtomaşının qiyməti 32000 manat təşkil etmir. Sürücü Cavabdeh1la aralarında əmək müqaviləsi bağlanmışdır, həyat yoldaşı yəni, Cavabdeh2 də VÖEN-i mövcuddur, o sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Məhkəmədən vəkillə təmin olunmaları üçün vaxt verilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM):

1. Qeyd: Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar 31.1. aidiyyət qaydalarının pozulmasına yol verilmir. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa;

6. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarı.

Məhkəmənin mövqeyi:

7. Məhkəmə iş materiallarını nəzərdən keçirərib, tərəflərin izahını dinləyib hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

8. Belə ki, iddia ərizəsinə və mülki iş materiallarına əsasən, hazırki iddia tələbi sahibkarlıq fəaliyyətindən irəli gəlir. Yuxarıda qeyd edilən mülki prosessual qanunvercilik normalarının məzmunundan da göründüyü kimi mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilir.

9. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır.

10. Məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyyəti: işdə iştirak edən şəxslərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətinin xarakterini yoxlamalıdır. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı hər üç xüsusiyyət yoxlanmalıdır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının 13-cü bəndində qeyd edilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. (§6)

12. Mülki işin materiallarından müəyyən edilir ki, İddiaçı və "xxxx" MMC arasında bağlanmış 01 oktyabr 2023-cü il tarixli icarə müqaviləsinə əsasən,**-FH-*** dövlət qeydiyyat nişanlı “Man” markalı yük avtomaşını icarəyə verilmişdir. İcarəçi aylıq 3500 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh2 isə X1 Nömrəsinə malikdir. (Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən müəyyən edilmişdir). Eyni zamanda cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahdan digər Cavabdeh1 Cavabdeh2 ilə əmək müqaviləsi bağladığı, Cavabdeh2 də sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən olunmuşdur.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarın 20-cı bəndində qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər.

14. Beləliklə, məhkəmə hesab edir ki, mülki iş aidiyyət qaydalarına uyğun olaraq Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

15. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair 2(011)-2241/2024 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin.

2. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar