Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2243/2023 05.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat, 15000 manat, 27880 manat (günün məzənnəsinə uyğun olaraq 16400 ABŞ dolları) pulun, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 235 manat pulun İddiaçı xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə 15000 manat vəsaitin xx.xx.2022-ci il tarixə kimi qaytarılmasına dair, həmçinin xx.xx.2022-ci il tarixdə 27880 manat - günün məzənnəsinə uyğun olaraq 16400 ABŞ dolları vəsaitin xx.xx.2022-ci il tarixə kimi qaytarılmasına dair kredit müqavilələri imzalanmışdır, qarşılıqlı razılaşmaya əsasən borc götürülmüş məbləğlər müqavilədə göstərilən müddətlərdə qaytarılmalı idi, bundan kənar cavabdeh iddiaçıdan əlavə olaraq hər dəfə 2500 manat olmaqla, iki dəfəyə ümumilikdə 5000 manat da almış, bu məbləği də müqavilədə qeyd edilən məbləğlərlə birlikdə həmin müddət ərzində qaytaracağına söz vermişdir, həmin müqavilələrin şərtlərinə uyğun olaraq kredit götürülən məbləğlərin sonuncu ödəmə tarixi artıq neçə aydır ki keçmişdir, cavabdeh tərəfindən hər hansı bir ödəniş aparılmamışdır, bu barədə iddiaçı cavabdehə müraciət etmiş, hətta rəsmi pretenziya məktubu da göndərmişdir, lakin cavabdeh pulu qaytarmamışdır, cavabdeh borcu olduğunu etiraf etsə də, hər dəfə yeni bəhanə gətirərək hazırda pulunun olmamasını, bir müddət sonra verəcəyini və s. deyir, buna görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında Cavabdeh bildirmişdir ki, pulu işə düzəlmə məqsədilə iddiaçıdan alıb başqa şəxsə vermişdir, bunu da notariusda rəsmiləşdirmişdirlər, pulu verdiyi həmin başqa şəxsə qarşı Sumqayıt şəhərində cinayət işi başlanmış, özü də həmin işdə zərərçəkmiş şəxs kimi tanınmışdır, pulu alandan sonra iddiaçının da pulunu qaytaracaqdır, iddiaçıdan nə almışdırsa, hamısını notariusda təsdiqləmişdirlər, bu barədə qərarı da məhkəməyə təqdim etmişdirlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndə-vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan borc verən İddiaçı və borc alan Cavabdeh arasında bağlanmış 01 avqust 2022-ci il tarixli notariat qaydasında təsdiq edilmiş “Kredit müqaviləsi”ndən görünür ki, borc verən borc alana 15000 manat borc pul vermiş, borc alan krediti xx.xx.2022-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 6-cı bəndinə əsasən, borc verən müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlər təsdiqləməlidir. Müqavilənin 8-ci bəndinə əsasən, borcalan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Həmin müqavilədən görünür ki, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. İş materiallarında olan borc verən İddiaçı və borc alan Cavabdeh arasında bağlanmış 05 sentyabr 2022-ci il tarixli notariat qaydasında təsdiq edilmiş “Kredit müqaviləsi”ndən görünür ki, borc verən borc alana 27880 manat – günün məzənnəsinə uyğun olaraq 16400 USD məbləğində borc pul vermiş, borc alan krediti xx.xx.2022-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 6-cı bəndinə əsasən, borc verən müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlər təsdiqləməlidir. Müqavilənin 8-ci bəndinə əsasən, borcalan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Həmin müqavilədən görünür ki, tərəflər kreditin faizsiz verilməsini şətləşdirmişlər. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh AZ1124 poçt vasitəsilə xx.xx.2023cü il tarixdə, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 15000 manat və xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə, 27880 manat (günün məzənnəsinə uyğun olaraq 16400 ABŞ dolları) vəsaitin 10 gün müddətində ödəməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə pretenziya məktubu göndərmişdir. İş materiallarında olan Sumqayıt şəhəri Pİ-nin TŞ-də toplanmış yoxlama materialı üzrə 10 yanvar 2023-cü il tarixli “cinayət işinin başlanması haqqında” qərarın surətindən görünür ki, Cavabdeh X3 tərəfindən aldadılaraq külli miqdarda pulunun ələ keçirilməsi barədə müraciəti üzrə toplanmış yoxlama materialı şəhər prokurorluğuna daxil olmuş, müəyyən edilmişdir ki, X3 Bakı şəhərində yerləşən “Yüksəl” tədris mərkəzində tələbələrin xaricdə təhsil fəaliyyəti ilə məşğul olan Cavabdeh xaricdə təhsil almış tələbələrin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bir çox özəl üniversitetlərə transfer edəcəyi adı ilə, 2022-ci ilin avqust–oktyabr aylarında cəmi 77500 manat məbləğində, 2022-ci ilin oktyabr ayında isə Cavabdeh arvadı X1 Bakı şəhərinin orta məktəblərin birinə informatika müəllimi düzəldəcəyi adı ilə aldadaraq Sumqayıt şəhərində yerləşən “Yaşıl ada” restoranının qarşısında 13800 manat pul alaraq ələ keçirməklə, Cavabdeh ümumi olaraq 91300 manat məbləğində külli miqdarda ziyan vurmuşdur, fakta görə AR CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan 08 fevral 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanıma haqqında” Qərarın surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə Cavabdeh zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən 234 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında 01 avqust 2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə yazılı formada – notariat qaydada kredit müqavilələri bağlanmışdır, həmin müqavilələrə əsasən cavabdeh iddiaçıdan müvafiq olaraq 15000 manat və 16400 ABŞ dolları borc almış, həmin borcu müqavilələrdə müəyyən edilmiş müddət ərzində (xx.xx.2022-ci il; xx.xx.2022-ci il tarixədək) qaytarmağı öhdəsinə götürmüş, lakin qeyd olunan tarixlərdə borcu qaytarmamaqla müqavilələr üzrə öhdəliyini yerinə yetirməmişdir, iddiaçı tərəfindən pulun qaytarılması barədə xəbərdarlıq məktubu ilə cavabdehə rəsmi qeydiyyat ünvanı üzrə müraciət olunmuşdur. Bununla belə, cavabdehin müqavilə öhdəliklərini istisna edən, habelə iddiaçı tərəfindən cavabdehə müqavilələrdən kənar əlavə 5000 manat borc verilməsinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, cavabdehin iddiaçıdan kredit müqavilələri əsasında 15000 manat və 16400 ABŞ dolları borc alması, həmin məbləğləri müqavilələrdə nəzərdə tutulmuş müddətlərdə - müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixinə kimi - borc verənə qaytarmağı öhdəsinə götürməsi, lakin həmin müqavilələrdən irəli gələn öhdəliklərini lazımi qaydada yerinə yetirməməklə iddiaçıya olan borcunu qaytarmaması, sonuncunun hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün hüquqi əsas yaratmışdır. Məhkəmə, iddia tələbinin “5000 manat pulun qaytarılması” hissəsinə münasibətdə isə hesab edir ki, iddia tələbi həmin hissədə sübutetmə yükü ilə bağlıdır və iddiaçı bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin onun tərəfindən iş materiallarına buna dair sübutlar əlavə edilməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə məhkəmə tərəfindən təmin oluna bilməz. Məhkəmə, cavabdehin “pulu alaraq başqasına verməsi, həmin şəxsə qarşı cinayət işinin başlanması və özünün zərərçəkmiş şəxs qismində tanınması” barədə dəlillərinə münasibətdə isə qeyd edir ki, bu hal cavabdehi iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsindən azad etmir və cavabdeh ona dəymiş zərərin ödənilməsi üçün iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3-cü maddəsinə əsasən, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 15000 manat və ödəniş günü qüvvədə olan Azərbaycan məzənnəsi ilə hesablanmaqla, 16400 ABŞ dolları tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, təmin edilmiş iddia qiymətinin 10.000 manatdan 100.000 manatadək olması nəzərə alınmaqla, dövlət rüsumuna görə ödənilmiş 218,64 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməli, rüsum qalan hissədə (16,36 manat) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğdə dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh borc məbləği kimi 15000 (on beş min) manat, ödəniş günü qüvvədə olan Azərbaycan məzənnəsi ilə hesablanmaqla16400 (on altı min dörd yüz) ABŞ dolları və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 218 (iki yüz on səkkiz) manat 64 (altmış dörd) qəpik məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2243/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2243/2023
05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver