Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2245/2023 16.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, onu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3 ilə yaxındır aldadaraq, avtomobilləri barter etmək adı ilə on a məxsus avtomobili kredit təşkilatına lizinqlə yükləyərək birinci cavabdeh 26000 manat, ikinci cavabdeh 3500 manat alaraq, şahidlər Vüqar və Aqil (070 245-35-35) adlı şəxslərin iştirakı ilə yuxarıda qeyd edilən məbləği mənimsəyərək, gizlənməyə başlamışlar, bununla əlaqədar iddiaçı tərəfindən Daxili İşlər Nazirliyinə şikayətlər edilərək, nəticə amili ilə 16 aprel 2022-ci il tarixdə Nərimanov RPİ-nin İstintaq Şöbəsi tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilərək, mülki qaydada məhkəməyə müraciət edilməsi tövsif olunmuşdur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 3500 manat, Cavabdeh2 26000 manat borc məbləğlərinin ona qaytarılmasına dair qətnamə qəbul edilməsi, həmçinin cavabdehlərin və digər şəxslərin əməlində cinayət tərkibi olduğunu nəzərə alaraq, onların barəsində xüsusi qərardad çıxarılaraq Prokurorluq orqanına göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, o, öz maşınını satmaq istəyirmiş. Barter əvəzi ona bir maşın təklif etmişlər. Etibarnamə vermişlər. Onun maşınını öz adlarına keçirəndən sonra, ona verdikləri etibarnaməni ləğv etmiş və maşını götürmüşlər. Bu, dələduzluq idi əslində, amma idarədə işi yoluna qoydular. Onun bildiyinə görə 10000 manat pul vermişlər. Ona verdikləri maşını almaq üçün ödəniş etməli olduğunu bildirdilər. O, həmin maşını adına keçirsinlər deyə 3000 manat bir, 500 manat bir ödəmişdir. Polis İdarəsində ona bildirmişlər ki, həll edəcəklər, sonra qərar çıxardılar ki, mülki məsələdir, məhkəməyə müraciət etməlidir. O, həmin qərardan şikayət vermiş və Nərimanov Rayon Məhkəməsi həmin qərarı ləğv etmişdir. Sonra bildirdilər ki, həmin şəxslər axtarılır və sonda yenə də mülki qaydada iddia qaldırmalı olduğunu bildirmişlər. İddiaçıda Audi 8 olmuş, onu Audi 7 ilə dəyişmişdir. Onun maşını nağd maşın idi, lakin götürdüyü maşın kreditdə idi, 26 ay krediti var idi. O, maşınını 30000 dollara satmış, ordan cəmi 14000 dollar ona pul çatmışdır. Onu da onun maşınını kreditə qoyub vermişdilər. Maşınını lombard lizinqə salmışdılar. O, maşınını 30000 dollara Əzizə təxminən 2021-ci ilin aprel ayında satmışdır. O, maşınını onlara satanda 15000 dollar almış, 4000 dollar borclu qalmışlar. 11000 dollar əvəzi ona “Audi A7” markalı avtomobil vermişlər. Həmin 15000 dolları onun “Audi A8” markalı avtomobilini lombard lizinqə salıb pul götürüb ona vermişlər. 4000 dolları da səhəri gün verməli idi. Həmin gün etibarnaməni ləğv etdirmişdir. Onun heç bir xəbəri olmamışdır. O, Pareks lizinqə getmiş, avtomobili öz adına keçirmək istəmişdir. Orada ona bildirmişlər ki, maşının 30 ay krediti və 1000 manata yaxın cərimələri var. O, Əzizə zəng etmişdir. Əziz gəlmiş və belə bir şeyin mümkün olmadığını bildirmişdir. O, maşını Elnur və Vüqardan almışdır, gedək ora. 4 nəfər onun məhəlləsinə gəlmiş və bildirmişlər ki, maşın Əzizin yox onlarındır. Məlikov Vüqar və Cavabdeh1la bildirmişlər ki, Əzizin 3000 manat borcu var ona görə maşını onun əlindən alırlar. İddiaçı həmin günü 3000 manatı ödəmişdir. 500 manat ad keçirməyə, 650 manat da maşını düzəltdirdiklərinə görə ödəmişdir. 3 gün sonra DYP iddiaçını saxlamış, etibarnamə ləğv olunduğuna görə maşını ondan almışlar. Ona lizinq şirkətindən bildirmişlər ki, əgər maşını almaq istəyirsə 45000 verməlidir. İddiaçı öz maşınını dəyərindən aşağı qiymətə satmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, 16 aprel 2022-ci il tarixdə Nərimanov RPİnin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X1 tərəfindən vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda göstərilmişdir ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh1 göstərmişdir ki, 2021-ci ilin əvvəllərində tanışı Vüqar Məlikov ona, idarə etdiyi, 2015-ci il buraxılışlı olan “Audi A7” markalı avtomobilin bankda girovda olmasını, avtomobilə görə hər ay banka 2.000 manat pul ödəməsini, hazırda avtomobilin banka 27 ay borcunun qaldığını, hazırda avtomobili satmasını və ya barter etməsini bildirmişdir. Həmin ərəfədə Cavabdeh2 adlı tanışı da ona müraciət edərək, özünün idarə etdiyi, bankda girovda olan, 2017-ci il buraxılışlı “BMV-750” markalı avtomobili Vüqarın avtomobili ilə barter etmək istəməsini bildirmişdir. Bununla əlaqədar o, Əzizlə Vüqarı görüşdürmüşdür. Görüş zamanı Cavabdeh2 bildirmişdir ki, idarə etdiyi “BMV-750” markalı avtomobil 2017-ci il buraxılışlıdır, bankda girovdadır, avtomobilin banka hər ay 5.800 manatdan 36 ay borcu vardır və ilkin ödəniş olaraq 5.000 ABŞ dolları istəyir. Vüqar Məlikov isə bildirmişdir ki, onun “Audi A7” markalı avtomobilinin banka 27 ay, hər ay 2.000 manatdan borcu qalmışdır və ilkin ödəniş olaraq olaraq 9.000 ABŞ dolları istəyir. Əziz Vüqarın təklifi ilə razılaşmış, lakin ilkin ödənişlər arasındakı fərqi, yəni 4.000 ABŞ dollarını bir neçə günə ödəyəcəyini bildirmişdir. Bundan sonra Vüqarla Əziz avtomobillərini barter etmişlər. Lakin sonradan Vüqar ona zəng edərək bildirmişdir ki, Cavabdeh2 vədinə əməl etməyərək, onun pulunu ödəmir. Bununla əlaqədar dəfələrlə aralarında görüşləri olmuş və hər dəfəsində də Əziz qısa müddətdə borclu qaldığı məbləği ödəyəcəyini bildirmişdir. Sonradan onlara məlum olmuşdur ki, Cavabdeh2 avtomobilin banka olan aylıq ödənişlərini də etmədiyinə görə 2 ay gecikmə yaranmışdır. 2021-ci ilin aprel ayında Cavabdeh2 onların yanına İddiaçı adlı şəxslə gəlmişdir. Həmin vaxt Əziz bildirmişdir ki, o, Vüqardan aldığı "Audi A” markalı avtomobili Sənanın "Audi A8” markalı avtomobili ilə Sənanın yanında Əzizdən, avtomobilə görə onun özünə borclu qaldığı məbləği verəcəyini soruşmuş və verməyəcəyi halda avtomobili geri alacağını bildirmişdir. Əziz yenə də söz vermişdir ki, bir neçə günə qalıq pulu ödəyəcəkdir. Bir neçə gün sonra Sənan yenidən onlarla görüşərək bildirmişdir ki, Əziz avtomobili ona satarkən avtomobilin banka 27 ay borcunun qaldığını bildirmiş, lakin sonradan banka gedərkən avtomobilin 29 aylıq borcunun olduğunu öyrənmiş, bu səbəbdən də bankdan etibarnamə ala bilməmişdir. Vüqar da Sənana izah etmişdir ki, həmin 2 aylıq borc Əzizin aylıq ödənişi ödəməməsi səbəbindən yaranmışdır, həmin məsələnin ona heç bir aidiyyatı yoxdur. X6 də çağırmışdır. O, Sənan, Əziz və Vüqar birlikdə görüşmüşlər. Həmin görüş zamanı Əziz bildirmişdir ki, hazırda üzərində pul yoxdur, buna görə də avtomobilin banka olan gecikmə borcunu ödəyə bilmir. Sənan da bildirmişdir ki, avtomobilə dair etibarnamə almaq üçün Əzizin yerinə bir neçə günlüyünə 1.500 ABŞ dollar ödəyə bilər. Əziz bu təkliflə razılaşmış və qısa müddət ərzində həmin 1.500 ABŞ dolları Sənana qaytaracağını bildirmişdir. Bundan sonra Sənan banka ödəniş edib onun adına etibarnamə ala bilmələri üçün Vüqarla ona 1.500 ABŞ dolları pul vermiş və onlar da həmin pulu banka ödəmişlər. Səhəri gün Əziz Sənanla görüşərək həmin 1.500 ABŞ dolları Sənana qaytarmışdır. Bir neçə gün sonra o, Sənanla görüşmüş və avtomobilin onun adına sənədləşdirilməsi üçün çəkilən xərcləri ödəməsini xahiş etmişdir. Bununla bağlı Sənan ona 500 manat pul vermişdir. Lakin sonra Əziz ona zəng edib "bildirmişdir ki, hazırda Sənanla aralarında problemlər vardır, belə ki, Vüqarın pulunu ödəyə bilmədiyi üçün Vüqar avtomobilin geri qaytarılmasını tələb edir və xahiş etmişdir ki, avtomobilin sənədləşmə işlərini saxlasın. Sonrakı günlər ərzində Əziz yenə də vədinə əməl etməyərək avtomobilə görə Vüqara borclu qaldığı 4.000 ABŞ dolları ödəməmişdir. Bundan sonra Vüqar avtomobilə görə verilmiş etibarnamələri ləğv etdirmişdir. Bir neçə gün sonra onlara məlum olmuşdur ki, Sənan avtomobili etibarnaməsiz idarə etdiyi üçün DYP əməkdaşları tərəfindən avtomobil saxlanılmış və avtomobil duracağa qoyulmuşdur. Vüqar avtomobili duracaqdan çıxarmağa razı olduğunu bildirmiş, lakin Cavabdeh2 avtomobilə görə qalan borcu ödəməyəcəyi halda avtomobili Sənana təhvil verməyəcəyini xəbərdarlıq etmişdir. Bundan sonra da Əziz Vüqarın pulunu ödəmədiyi üçün Vüqar avtomobili başqa şəxsə satmışdır. Eyni zamanda həmin qərarda göstərilmişdir ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh2 izahatında göstərmişdir ki, o, xeyli müddətdir ki, Bakı şəhərində avtomobil alqı-satqısı ilə məşğul olur və əsasən hazır kreditdə olan avtomobilləri alıb-sataraq gəlir əldə edir. 2021-ci ilin fevral ayında o, bankda hazır kreditdə olan, aylıq ödənişi 5.820 manat təşkil edən “BMV-750” markalı avtomobili ilkin ödənişini ödəyərək almışdır. Həmin ərəfədə o, “BMV-750” markalı avtomobili təmir etdirmək üçün Nərimanov rayonu, Akademik H.Əliyev küçəsində yerləşən «Ve-Tuning» salonuna aparmışdır. O, həmin salonda olarkən əvvəllər tanımadığı Cavabdeh1 ona yaxınlaşaraq avtomobili satıbsatmadığını soruşmuş, o, isə həmin avtomobilin kreditdə olduğunu və ilkin ödəniş olaraq 14.000 ABŞ dollarına satdığını bildirmişdir. Bundan sonra Cavabdeh1 ona bildirmişdir ki, «Ve-Tuning» salonunu işlədən Vüqar Məlikovda hazır kreditdə olan, aylıq ödənişi 2.068 manat təşkil edən “Audi A7” markalı avtomobil vardır, Vüqar həmin avtomobili ilkin ödəniş kimi 12.000 ABŞ dollarına satır. Bundan sonra Cavabdeh1 ona “BMV- 750” markalı avtomobillə “Audi A7” markalı avtomobilləri barter etməyi təklif etmiş və arada yaranan 2.000 ABŞ dolları pulu ona nağd şəkildə ödəyəcəklərini bildirmişdir. O, avtomobil alveri ilə məşğul olduğu üçün həmin “Audi A7” markalı avtomobili gələcəkdə barter etmək qərarına gəlmişdir. Bundan sonra onlar avtomobilləri barter etmişlər və Vüqar Məlikov ona 2.000 ABŞ dolları pulu nağd ödəmişdir. Onlar avtomobilləri barter edərkən Vüqar Məlikov ona “Audi A7” markalı avtomobilin banka 27 ay borcunun qaldığını və gecikməsinin olmadığını bildirmişdir. Bundan sonra o, həmin avtomobilə müştəri axtarmağa başlamışdır. 2021-ci ilin mart ayında əvvəllər tanımadığı İddiaçı adlı şəxs avtomobillə bağlı onunla görüşmüşdür. Həmin vaxt İddiaçı ona bildirmişdir ki, onun “Audi A8” markalı avtomobili vardır, həmin avtomobil bankda kreditdə deyildir, öz mülkiyyətindədir, hazırda ona pul lazım olduğu üçün həmin avtomobili bank, lombard və ya digər kredit təşkilatı vasitəsi ilə kreditə salıb pul götürmək istəyir. Bundan sonra Sənan ona bildirmişdir ki, satdığı “Audi A7” markalı avtomobili onun avtomobili ilə barter etsə, o, öz “Audi A8” markalı avtomobilini bankda kreditə saldırıb ona təqdim edə bilər. Sənan bildirmişdir ki, öz avtomobilini 30.000 ABŞ dollarına qiymətləndirir, əgər o, da öz avtomobilini 11.000 ABŞ dollarına versə o, “Audi A8” markalı avtomobili kreditə saldırıb bankdan 19.000 ABŞ dolları çıxararaq ona təqdim edəcəkdir. O, bu təkliflə razılaşmış və dərhal Sənanın təklifi etdiyi avtomobilə müştəri axtarıb tapmışdır. Bundan sonra Sənan özünə məxsus “Audi A8” markalı avtomobili «İnternational» bankında kreditə saldırmış, lakin bank tərəfindən həmin avtomobilə görə cəmi 26.000 manat pul verilmişdir. Həmin pul isə təxminən 15.000 ABŞ dolları etmişdir. Buna görə də onun Sənana 4.000 ABŞ dolları borcu qalmışdır. Bundan sonra o, Sənanın “Audi A8” markalı avtomobilinə müştəri tapmış, avtomobil bankda həmin müştərinin adına kreditə salınmış, o, müştəridən 11.500 ABŞ dolları nağd pul almış və Vüqar Məlikovdan aldığı “Audi A7” markalı avtomobili Sənana vermişdir. Sonra onlar “Audi A7” markalı avtomobilə dair etibarnamə almaq üçün Sənanla birlikdə banka getmişlər. Həmin vaxt onlara məlum olmuşdur ki, onun Vüqardan alaraq Sənana satdığı “Audi A7” markalı avtomobilin banka 3 ay gecikməsi vardır. Bununla bağlı onlar Vüqar Məlikovla görüşmüşlər, Vüqar əvvəlcə həmin gecikmədən xəbərinin olmadığını demiş, sonra gecikmə barədə ona məlumat verdiyini israr etməyə başlamış, nəticədə bankın gecikməsindən 3.000 manat ödənilməsə etibarnamənin verilməyəcəyini bildirmişdir. Həmin vaxt Sənan 3.000 manat pulu Vüqara ödəməyə razı olduğunu bildirdikdə o, isə bununla razılaşmamışdır. Belə olan halda Sənan ona demişdir ki, onun Vüqara ödədiyi 3.000 manat pulu qaytarsa o, həmin məbləği ona olan 4.000 ABŞ dolları borcundan çıxacaqdır. Bundan sonra o, bu təkliflə razılaşmış, səhəri gün Sənanla görüşərək ona 3.000 manat pul vermişdir. Həmin vaxt o, Sənana tapşırmışdır ki, avtomobilə dair etibarnaməni alan kimi avtomobili öz adına keçirsin ki, səhəri gün başqa problemlər yaranmasın. Bir neçə gün sonra Vüqar Məlikov ona, armaturla barter etmək üçün “BMV X6” markalı avtomobil vermiş, həmin avtomobilin barteri baş tutmadığı üçün o, avtomobili geri qaytarmalı olmuş, nəticədə Vüqarla aralarında mübahisə yaranmış və Vüqar həmin avtomobillə bağlı ona borclu qaldığını iddia etməyə başlamışdır. Təxminən 1 həftə sonra isə Sənan onunla görüşərək bildirmişdir ki, ona satdığı avtomobilin banka borcu olduğuna görə DYP əməkdaşları tərəfindən avtomobil saxlanılaraq cərimə meydançasına qoyulmuşdur və Vüqar da həmin avtomobili cərimə meydançasından çıxardıqdan sonra onun borclu olduğunu əsas gətirib avtomobili verməkdən imtina edir. Həmin vaxt o, Sənana avtomobilə dair etibarnamə əldə etdikdən sonra avtomobili öz adına keçirməməsini irad tutmuş, eyni zamanda bildirmişdir ki, Vüqar Məlikovla onun arasında olan pul məsələlərinin ona heç bir aidiyyatı yoxdur. Daha sonra onlara məlum olmuşdur ki, X5 Səlimova verdiyi etibarnaməni də ləğv etdirmişdir. Sonradan İddiaçı ondan, avtomobilləri barter edərkən ona borclu qaldığı 4.000 ABŞ dollarını verməyini tələb etməyə başlamışdır. Həmin vaxt o, Sənana xatırlatmışdır ki, həmin pulun 3.000 manatını, yəni təxminən 1.700 ABŞ dolları avtomobilin gecikməsi ilə bağlı verdiyi üçün 2.300 ABŞ dolları borcu qalmışdır. İddiaçı onunla razılaşmış və o, həmin pulu hissə-hissə verəcəyini bildirmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Sənandan alaraq müştəriyə satdığı “Audi A8” markalı avtomobilin arxasında vuruğu olmuş və Sənan da bu barədə ona bildirmədiyi üçün o, da öz növbəsində müştəriyə bildirməmişdir. Buna görə də müştəri həmin vuruğa görə yaranmış xərcləri onun üzərində qoyduğu üçün, Sənanla onun arasında qalan 2.300 ABŞ dolları borc məsələsi də mübahisəli məsələ olaraq qalmışdır. İş materiallarında olan 01/047/20 saylı 02 iyul 2020-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsinə dəyişikliklərin edilməsi barədə 1 saylı razılaşmadan görünür ki, 08 dekabr 2020-ci il tarixdə lizinq verən "xxxx" MMC ilə lizinq alan X2 lizinq müddəti 37 ay olmaqla, ödəniş qrafikini yeni redaksiyada verilməsi, 02 iyul 2020-ci il tarixli müqavilənin digər şərtlərinin dəyişdirilmədən saxlanılması barədə razılığa gəlmişlər. İş materiallarında olan AE N 090441 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindəm görünür ki, AUDİ A8 minik markalı 41HH041 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materialları, iddiaçının izahatı və Nərimanov Rayon Polis İdarəsində cavabdehlər tərəfindən verilmiş izahatlarla təsdiq edilir ki, tərəflər arasında avtomobillərin barter edilməsi ilə bağlı razılıq əldə edilmiş, İddiaçı məxsus “Audi A8” markalı avtomobili 30000 dollara Cavabdeh2n satılmış, iddiaçıya 15000 dollar ödənilmiş, 4000 dollar borc qalmış, 11000 dollar əvəzi ona “Audi A7” markalı avtomobil verilmişdir. İddiaçı tərəfindən avtomobilin onun adına sənədləşdirilməsi üçün Cavabdeh1 500 manat pul vəsaiti verimişdir. İş materialları ilə təsdiq edilir ki, cavabdehlər vədlərinə əməl etməmiş, İddiaçı məxsus “Audi A8” markalı avtomobili sataraq, əvəzində ona “Audi A7” markalı avtomobili verilsə də, avtomobil iddiaçının adına sənədləşdirilməmiş, sonradan həmin avtomobil iddiaçıdan alınmışdır. Nəticə etibarilə iddiaçıya dəyən real zərərin əvəzi olaraq Cavabdeh2 tərəfindən iddiaçıya 11 000 ABŞ dolları və 2300 ABŞ dolları, cəmi 13300 ABŞ dolları, Cavabdeh1 tərəfindən isə 500 manat pul vəsaiti geri qaytarılmamışdır. Məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddiaçıya maddi zərərin vurulması mülki işdə olan sübutlarla qismən təsdiq edildiyi üçün Cavabdeh2 13300 ABŞ dollar (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla), Cavabdeh1 500 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 13300 ABŞ dollar (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla), Cavabdeh1 500 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qismən təmin edildiyi üçün 210 manat dövlət rüsumunun 78%, yəni 163,8 manat Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə tutulsun, qalan 12%, yəni 46,2 manat iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2245/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2245/2023
16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver