Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2263/2021 05.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə Azərbaycan Beynəlxalq Bankı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Beynəlxalq Bankı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 Sabir oğlunun vərəsəsi Cavabdeh iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə 2512,06 manat məbləğində əsas borc, 24,50 manat faiz borcu, cəmi 2536,56 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi F.R.Hüseynov iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Xətai filialı ilə Süleymanov Firdovsi Sabir oğlu arasında bağlanmış 31.05.2018-ci il tarixli, BPM**********41 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən 24 ay müddətində illik 27 faiz dərəcəsi ilə hesablanmaqla, 3300 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 12.2.-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X3 Sabir oğlu 13.01.2019-cu il tarixdə vəfat etmişdir. 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 25.09.2020-ci il tarixli 1393 saylı məktubu ilə müəyyən edilmişdir ki, X2 Sabir oğlunun adına vərəsəlik işi açılmış və oğlu Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən təqdim edilmiş 14.01.2021-ci il tarixli maliyyə arayışına əsasən, Süleymanov Firdovsi Sabir oğlunun vəfat etdiyi tarixə Banka ödənilməmiş 2512.06 manat əsas, 24.50 faiz borcu cəmi 2536.56 manat borcu qalmışdır. Cavabdeh X2 Sabir oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın İddiaçı qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Sonda iddiaçının nümayəndəsi F.R. Hüseynov iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim etmiş və ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir, 2512,06 manat məbləğində əsas borc, 24,50 manat faiz borcu, cəmi 2536,56 manat borcunun olmasını etiraf edir, həmin borc məbləğini ödəməyə razıdır. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, Süleymanov Firdovsi Sabir oğlu ilə Azərbaycan Beynəlxalq Bankı ASC arasında 31.05.2018-ci il tarixli BPM**********41 saylı kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə bank kredit alana 24 ay müddətinə, illik 27 faiz olmaqla, nağd şəkildə istifadə olunmaqla 3300 manat məbləğində kredit vermişdir. İş materiallarından görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən X2 Sabir oğlunun vərəsəsi Cavabdeh 27.11.2020-ci ildə xəbərdarlıq məktubu göndərilməklə ondan borcun 5 iş gün müddətində ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 13.01.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, illik 27 faiz olmaqla 24 ay müddətinə 3300 manat məbləğində kredit ayrılması barədə Azərbaycan Beynəlxalq Bankı ASC ilə Süleymanov Firdovsi Sabir oğlu arasında müqavilə bağlanmış, F.Süleymanov müqavilədə nəzərdə tutulan 3300 manat kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüş, o, 13.01.2019-cu il tarixdə vəfat etmişdir, onun oğlu Cavabdeh mərhumun hüquqi varisidir, Cavabdeh iddia tələbini qəbul edir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, X2 Sabir oğlu kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından onun vərəsəsi Cavabdeh həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 2512,06 manat məbləğində əsas borc, 24,50 manat faiz borcu, cəmi 2536,56 manat məbləğində borc alınaraq Azərbaycan Beynəlxalq Bankı ASC -yə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin isə dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məmkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və dövlət rüsumuna görə ödənilmiş 30,40 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh əsas borc kimi 2512,06 manat, faiz borcu kimi 24,50 manat, cəmi 2536 (iki min beş yüz otuz altı) manat 56 (əlli altı) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat 40 (qırx) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2263/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2263/2021
05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver