Məhkəmə qərarları › İş №2(011)-227/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-227/2024

19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-227/2024 19.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 137.000 manat borc məbləğinin və 427 manat dövlət rüsumunun tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı həyat yoldaşı X1 adına olan Bakı şəhəri, Səbail rayonu, “İçəri Şəhər” Maqomayev küçəsi, ev 84 saylı mülkü 2018-ci il tarixdə Daşınmaz Əmlakın AN-1-0655676 saylı alqı-satqı müqaviləsinə əsasən 195.000 manata satmışdır. Əldə olunan məbləği - 191.000 manat məbləği Azərbaycan Beynəlxalq Bankının “Nizami” fılilalında həyat yoldaşının hesab nömrəsinə köçürülmüşdür. 2018-ci ilin sentyabr ayı idi, oğlu Cavabdeh iddiaçının yaşadığı Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 19 mənzil 27-yə gələrək ona bildirmişdir ki, o, ipoteka ilə mənzil almaq istəyir, buna görə də ona 20.000 manat pul lazımdır. Eyni zamanda bildirmişdir ki, pulu qaytarmaq şərti ilə, yəni borc kimi götürür. Belə ki, oğlu Cavabdeh "xxxx" KB ASC-də ipoteka ilə ünvan 6 (Yeni qaydalarla ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzili almaq üçün 2018-ci ilin sentyabr ayında Elnurun evində, (General Şıxlınski küçəsi, ev 36, mənzil 35) ailəsinin iştirakı ilə, İddiaçı və onun həyat yoldaşı X8 20.000 manat borc pul vermişlər. Həqiqətən də, xx.xx.2018-ci il tarixli alqısatqı və "xxxx" KB ASC-nin 41İK/18 saylı ipoteka krediti müqaviləsinə əsasən, xx.xx.2018-ci il tarixli RX seriyalı №1389548 saylı çıxarışla Elnurun həyat yoldaşı X3 iş yerindən aldığı 600 manat maaş ipoteka ilə kredit götürməyə uyğun gəldiyi üçün Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 1D, mənzil 62 ünvanında yerləşən 2 otaqlı mənzil Nərminə Əhmədova adına qeydiyyata alınmışdır və ondan aldıqları borc pulun, 15.000 manatı "xxxx" KB ASC-nə ipotekaya görə ilkin ödəniş etmişdilər, 3.000 manatını cari təmirə, 2.000 manatını mebel üçün vermişlər. Onlar mənzili ayda 500 manata kirayə vermişlər. Mənzili ona görə kirayə vermişdilər ki, özləri onun Cavabdeh bağışladığı ünvan 2 ünvanında yerləşən 5 otaqlı mənzildə yaşasınlar. Borc müqaviləsi 20.000 manata təqdim olunur. Bildirməlidir ki, oğlu Elnur öz ailəsi üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində, Kondisoner b/y sahəsindən xx.xx.2019-cu il tarixli 1501 saylı 5 sot torpaq sahəsi və xx.xx.2019-cu il tarixli 1502 saylı 5 sot torpaq sahəsində yerləşən 2 mərtəbəli bağ evini almışdır. Belə ki, xx.xx.2019-cu il tarixdə, bu torpaq sahəsinə və bağ evinə 96.000 manat pul verilmişdir. Bu 96.000 manatdan, 46.000 manat nağd şəkildə verilmişdir və 50.000 manatı isə "xxxx" ASC-nin Nəsimi filialından 2 illik kredit götürməklə vermişlər. Nağd verilmiş 46.000 manat pul məbləğindən 31.000 manat Cavabdeh özündə var idi. Burdan belə sual ortaya çıxır ki, əgər Elnurun 31.000 manat pulu var idisə, niyə atası Vaqifə borclu olduğu 20.000 manat pulu vermirdi? Məsələ burasındadır ki, Elnur telefon biznesi ilə məşğuldur, o Dubaydan gətirilən malları tanışına öz qiymətinə verməyini söz verir və ondan 31.000 manat pul alır, deməli 31.000 manat tanışından alınır, 15.000 manat atası Vaqif verir və 50.000 manat krediti də bağı satan Asif düzəldir və bağ bu yolla alınır. 15.000 manatı atasından borc kimi almışdır. Qeyd etdiyi kimi, bağın 50.000 manat kreditini Elnurun həyat yoldaşı Nərminə Əhmədovanın iş yerindən aldığı maaş kredit götürmək üçün əlverişli olduğuna görə bank 50.000 manat krediti Nərminənin adına vermişdir və bağ evi də onun adına qeydiyyata alınmışdır. "xxxx" ASC-nin “Nəsimi” filialından Nərminə Əhmədova ilə bağlanmış xx.xx.2019-cu il tarixli 19006-S100578/764796 saylı kredit limiti müqaviləsinin ödəniş cədvəlinə əsasən 50.000 manat kredit üçün hər ay 2.522 manat ödəməklə 2 il müddətinə bank faizi ilə birlikdə 60.506 manat pul ödənilməli idi. 2019-cu ilin dekabr ayından pandemiya (koronavirus) dövrü başlamışdır. Elnurun işləri pis getdiyinə görə 2020-ci ilin mart ayından ölkədə karantin rejimi tətbiq edildiyinə görə bütün iaşə mağazaları bağlanmış və satış tamamilə olmadığı üçün kredit ödəmək Elnur üçün çox çətin olmuşdur. Bankın aylıq 2.522 manat kreditini ödəmək vacib olduğu üçün Elnurun xahişi ilə “ata yəqin ki, sən istəməzsən, bank bu bağı mənim əlimdən alsın” sözlərinə görə iddiaçı məcbur qalıb kredit pullarının hər ay 2.522 manat ödənilməsinə köməklik göstərmişdir. Pul ödənilməsəydi bank bağı müsadirə edə bilərdi. Fikirləşmişdir ki, əks təqdirdə bağı satdırıb pulunu alacaqdır. Göstərilən 60.506 manat puldan 52.816 manat Cavabdeh ondan hissə-hissə borc aldığı 55.000 manatdan iki il müddətində, yəni xx.xx.2019-cu il tarixdən (1-ci ödəniş xx.xx.2019-cu ildə saat 13.52.25-də 2332-saylı terminaldan, 1168-saylı qəbz əsasında 2.522 manat ödənilmişdir) və xx.xx.2021-ci il tarixə (23-cü ödəniş 50043-saylı terminaldan 1.956 manat ödənilmişdir) kimi hər ay 2.522 manat Elnur və iddiaçı tərəfindən terminallardan ödənilmişdir. İnam üçün qəbzlər də iddiaçı tərəfindən yığılıb saxlanılmışdır. Pandemiya dövrü oldu, ölkədə karantin elan olundu, işlər tamamilə alınmadığına görə, məsləhət oldu ki, bağ satılsın. Bağda yaşamağa şərait var idi. Sadəcə olaraq bağın yaxşı qiymətə satılmasına görə bağda yenidənqurma işləri aparılmalı idi və təmir olunmalı idi. İddiaçının yaşadığı Baş Prokurorluğun B/Y-nin bağları ilə Elnurun aldığı Kondisioner zavodunun B/Y-nın bağları arasındakı məsafə bəlkə də 300 metr olar. Yəni iddiaçının yaşadığı bağa yaxın yerdən bağ alınmışdır. Ona görə də Elnur ailəsi ilə məsləhət edir ki, bu təmir işinə rəhbərliyi iddiaçı etsin. 2020-ci ilin fevral ayından Cavabdeh məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kondisioner zavodunun B/Y 1501 saylı torpaq sahəsində yenidənqurma işlərinə və 1502 saylı bağ evində təmirə başlamışdır. Bu bağ evində görülən yenidənqurma və təmir işlərindən bir neçəsinin adını bildirmək istəyir. Pultla qapısı açılan 2 maşınlıq qaraj tikilmişdir, pultla açılan giriş darvazası quraşdırılmışdır, istiliyə davamlı kərpicdən manqal tikilmişdir, mərmərdən manqal olan mətbəxinin üzü bəzədilmişdir. 12 tonluq yeraltı şirin su hovuzu tikilmişdir, həyətdə sanuzel tikilmişdir, santexnikası, kafel, metlağı quraşdırılmışdır, bir kilometr məsafədən şirin su xətti çəkilmişdir, 10 sot həyətə suvarma sistemi çəkilmişdir, istilikxana tikilmişdir, mətbəx mebeli mərmərdən tökülmüşdür, döşəməyə isti pol çəkilmişdir, hamam otağına isti pol çəkilmişdir və kafel-metlaxla üzlənmişdir, mansarda istilik sistemi çəkilmişdir, bütün hasar üzləndikdən sonra işıqlanma sistemi quraşdırılmışdır, işıq kəsiləndə qidrofor işləməyəndə suyun olması üçün iki tonluq çən quraşdırılmışdır və sair. Bütün tamamlanma işləri görülmüşdür. Belə ki, bu təmirə görə cəmi 54.614 manat pul xərclənmişdir. Bu pulun 7.614 manatı Elnur tərəfindən xərclənmişdir. Belə ki, oğlu Cavabdeh bağın təmiri üçün ondan xx.xx.2020-ci il tarixdə 30.000 manat və xx.xx.2020ci il tarixdə 17.000 manat, hissə-hissə 47.000 manat borc pul almışdır. Məişət avadanlıqlarının alınmasına Elnur ailəsi ilə birlikdə rəhbərlik etmişdir. Bu borc verilməklə təmir işi ona görə aparılırdı ki, təmirdən sonra bağı baha qiymətə sata bilsinlər ki, onun borclarını qaytara bilsinlər və özünə də bir az pul qalsın. Beləliklə Cavabdeh iddiaçıdan aldığı borc pullar aşağıdakılardır: Evində ünvan 3 ünvanında ailəsi ilə bir yerdə 20.000 manat borc pul vermişdir. Bağın alınmasında nağd pula kömək üçün 15000 manat borc pul vermişdir. Suraxanı rayonu, Hövsan qəsəbəsində, Kondisioner zavodunun B/Y 1501 və 1502 saylı bağ evinin 50.000 manat kreditinə görə bank faizi ilə birlikdə 60.506 manatın ödənilməsi üçün Elnura hissə-hissə 55.000 manat borc pul vermişdir. Suraxanı rayonu, Hövsan qəsəbəsində, Kondisioner zavodunun B/Y 1501 və 1502 saylı bağ evinin tikinti-təmir, yenidənqurma və bərpa işlərinə görə iddiaçıdan iki dəfə - 30.000 manat və 17.000 manat pul alıb, cəmi 47.000 manat borc alınmışdır. Bütün borclar 2018-ci ilin sentyabr ayından başlayaraq, 2019-cu ildə, 2020-ci ildə və 2021-ci ilin avqust ayında olmaqla, hissə-hissə verilmişdir. Doğurdan da, bağ evinin təmirindən sonra 2021-ci ilin iyun ayında bağ evinə 160.000 manata müştəri çıxmış, hətta 1.000 manat beh də alınmışdır, amma əfsuslar olsun ki, Elnurun həyat yoldaşı Nərminə Əhmədova bağı satmaq üçün imza atmaqdan imtina etmişdir. Elnur həmin günü behi geri qaytarıb. Bağın təmirindən sonra Elnurun ailəsində münaqişələr başlamışdır və Elnur Bakı şəhəri Xətai Rayon Məhkəməsinə boşanma barədə xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 5973 saylı qətnaməsinə əsasən, bu cütlüyün nikahı pozulmuş elan edilmişdir. Elnura 137.000 manat borc pul verməyi elə bir vəziyyətdə yaranıb ki, o, istər-istəməz bu pulu vermək məcburiyyətində qalmışdır. Yəni ipoteka yolu ilə alınan 2-otaqlı mənzilə verilən 20.000 manat pulu düşündü ki, mənzilin kirayəsi özü-özünü ödəyəcək, onun pulunu da xırda-xırda qaytaracaqlar. Bağ əla təmir olundu və bu təmirə görə də iddiaçı məcbur qalıb 47.000 manat pul vermişdir ki, bağ satılsın və onun pulu verilsin. İddiaçı cavabdehə ünvan 3 ünvanınında yerləşən 5 otaqlı mənzili bağışlamışdır. Amma boşandılar deyə və ona qarşı tutduqları pis mövqeyə görə iddiaçı məhkəməyə müraciət edərək, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)-312/2023 saylı qərarı ilə mənzili geri almışdır. İddiaçı məhkəmə iclasında iddia tələblərini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək, atası İddiaçı ayrı-ayrı vaxtlarda ümumilikdə 137.000 manat pul vəsaitini borc aldığını və qaytarmadığını etiraf etmişdir. O bildirmişdir ki, həmin pulu X10 ilə birgə nikah dövründə daşınmaz əmlakların əldə edilməsinə, birgə nikah dövründə əldə edilmiş əmlakın təmirinə və sair bu kimi məqsədlərə xərcləmişdir. O, məhkəməyə yazılı izahat təqdim edərək, iddianı etiraf etdiyini bildirmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. O bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında borcla bağlı mübahisə yoxdur. Onlar bu işi planlaşdırıblar ki, daha sonra onu məhkəməyə verib bu borcun yarısını ondan tutsunlar. O, məhkəməyə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, iddia əsassızdır və bu iddiaçı ilə cavabdehin qarşılıqlı razılığı ilə birgə təşkil edilmiş prosesdir. İddiaçı ilə cavabdeh ata-oğul olmaqla, aralarında heç bir mübahisə yoxdur, sadəcə, hazırkı iddia Cavabdeh gələcəkdə ona qarşı pul tələbi ilə bağlı iddia irəli sürməsi üçün əsas hazırlamaq niyyəti ilə irəli sürülüb. Cavabdeh olaraq hazırkı iddianı etiraf etsə belə, məhkəmə bu etirafı qəbul etməməlidir. Belə ki, bu etiraf üçüncü şəxs kimi onun maraqlarına ziddir. Hazırkı iş üzrə iddia tələbi onunla əsaslandırılıb ki, iddiaçının oğlu Nəriman Əhmədovla üçüncü şəxs Nərminə Əhmədova birgə nikah dövründə olarkən əldə etdikləri daşınmaz əmlakların alınması və təmiri üçün iddiaçı müəyyən qədər vəsaiti borc olaraq oğluna verib. Məhkəmənin nəzərinə çatdırır ki, Nəriman Əhmədovla cavabdeh Nərminə Əhmədova arasında birgə nikah dövründə əldə edilmiş əmlakların bölgüsü ilə bağlı məhkəmə çəkişməsi olub və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, e-2(010)-991/2022 nömrəli qətnaməsi ilə (hakim N.C.Rzayeva) ilkin iddia təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0,0500 ha torpaq sahəsinin və Bakı şəhəri, Hovsan qəsəbəsi, “Kondisioner” b/y, 1502 saylı bağ evinin X5 ½ hissədə, Cavabdeh ½ hissədə mülkiyyət hüququ əsasında paylara bölünməsi, X3 X11 ilə arasında bağlanmış 07 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “HYUNDAİ ACCENT” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqı müqaviləsinə əsasən, ödənilmiş 10.000 manatın X2 tutularaq X6 ödənilməsi, “HYUNDAİ ACCENT” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə əldə edilmiş maşın hesab edilməklə, X5 ½ hissədə, Cavabdeh ½ hissədə mülkiyyət hüququ əsasında paylara bölünməsi, qarşılıqlı iddianın isə qismən təmin edilərək ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh adına rəsmiləşdirilən “Lexus ES350” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “KİA Picanto” markalı, **-FF-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsi üzərində ½ hissəsinin Cavabdeh, ½ hissəsinin isə X5 verilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin işdə də, hazırkı iş üzrə Cavabdeh və onun nümayəndəsi kimi çıxış edən İddiaçı məhkəməyə ərizə təqdim edərək, birgə nikah dövründə əldə edilmiş əmlakların alınmasında onun vəsaitindən istifadə edildiyi üçün əmlakın bölünməsi zamanı bunun nəzərə alınmasını xahiş edib. Lakin, bu hal təsdiqini tapmadığından, məhkəmə həmin arqumenti rədd edib. Bu o deməkdir ki, eyni məsələ ilə bağlı artıq qüvvədə olan məhkəmə qərarı var və işin bu hallarına qiymət verilib. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materilallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Zeynalova (Əhmədova) Nərminə Yaşar qızı arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5973/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X10 arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 1850 saylı aktla qeydə alınmış nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X4 anaları X3 himayəsində saxlanmaları, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. İş materiallarında olan satıcı X8 ilə alıcı X9 arasında bağlanmış xx.xx.2018-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 60,9 kv.metr, yaşayış sahəsi 28,1 kv.metr, yardımçı sahəsi 32,8 kv.metr olan 2 otaqlı fərdi yaşayış evini alıcının müəliyyətinə verir. Daşınmaz əmlak 195.000 manata satılmışdır. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli UB-YSM-2022/516 saylı arayışın surətindən görünür ki, X3 "xxxx" KB ASC qarşısında 41İK/18 saylı xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 57.067,15 manat öhdəliyi vardır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********47 nömrəli məktubunun surətindən görünür ki, X3 adına ünvan 6 ünvanı 46 saylı NK-nın 4ə-389 nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdə; Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0,0500 ha torpaq sahəsi 12 saylı NK-nın 4ə-1514 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə; Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Kondisioner” b/y, 1502 saylı bağ evi 12 saylı NK-nın 4ə-1515 reyestr nömrəli, xx.xx.2019-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2949-cu məhəllə, Xudu Məmmədov küçəsi, ev 1D, mənzil 62 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi 69, M12, mənzil 2) X3 xüsusi mülkiyyətindədir. İş materiallarında olan borcalan Cavabdeh ilə borcverən İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli yazılı borc müqaviləsindən görünür ki, borcverən borcalana 20.000 manat məbləğində borc pul vermiş, sonuncu pul vəsaitini qəbul etmiş, həmin məbləği borcalan hissə-hissə və ya birdəfəlik olmaqla geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı, Cavabdeh və X8 arasında olan xx.xx.2018-ci il tarixli yazılı kredit müqaviləsinə dair aktdan görünür ki, X8 özünə məxsus Bakı şəhəri, Səbail rayonu, M.Maqomayev küçəsi, ev 84 saylı mülkü 2018-ci ildə satmış, xx.xx.2018-ci il tarixdə Cavabdeh "xxxx" KB ASC-dən ipoteka krediti götürüb mənzil almaq üçün atası İddiaçı 20.000 manat pul vermişdir. Həmin pul Cavabdeh yaşadığı ünvan 7 ünvanında həyat yoldaşı X3 iştirakı ilə verilmişdir. Bu hal İddiaçı, Cavabdeh və X8 tərəfindən imzaları ilə təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1501 saylı bağ sahəsi X3 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1502, “Kondisioner” b/y X3 xüsusi mülkiyyətindədir. İş materiallarında olan borcalan Cavabdeh ilə borcverən İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli yazılı borc müqaviləsindən görünür ki, borcverən borcalana 15.000 manat məbləğində borc pul vermiş, sonuncu pul vəsaitini qəbul etmiş, həmin məbləği borcalan 2021-ci ilin dekabr ayına kimi geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı, Cavabdeh, X8 və X12 arasında olan xx.xx.2019-cu il tarixli yazılı kredit müqaviləsinə dair aktdan görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Kondisioner” b/y bağlar massivindən 1501 saylı 5 st torpaq sahəsini və 1502 saylı 2 mərtəbəli bağ evini 96.000 manata almışdır. Bu puldan 46.000 manat nağd və 50.000 manat bankdan kredit götürməklə verilmişdir. Nağd verilən 46.000 manatdan 15.000 manatı atası Vaqifdən boc götürərək vermişdir. Bu hal İddiaçı, Cavabdeh, X12 və X8 tərəfindən imzaları ilə təsdiq olunmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 2146 nömrəli arayışın surətindən görünür ki, X10 ilə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 50.000 manat kredit verilmişdir. xx.xx.2021-ci il tarixə olan məlumata əsasən X3 bank qarşısında qeyd olunan kredit üzrə öhdəliyi yoxdur. İş materiallarında olan borcalan Cavabdeh ilə borcverən İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli yazılı borc müqaviləsindən görünür ki, borcverən tərəfindən borcalana xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hissə-hissə 55.000 manat məbləğində borc pul verilmiş, sonuncu pul vəsaitini qəbul etmiş, həmin məbləği borcalan 2021-ci ilin dekabr ayına kimi geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı, Cavabdeh, X8 və X12 arasında olan xx.xx.2020-ci il tarixli yazılı kredit müqaviləsinə dair aktdan görünür ki, Cavabdeh atası İddiaçı hissəhissə 55.000 manat pul vəsaitini Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Kondisioner” b/y bağlar massivindən 1501 saylı torpağı və 1502 saylı 2 mərtəbəli bağ evini almaq üçün bankdan götürdüyü krediti ödəmək üçün hissə-hissə almışdır. Bu hal İddiaçı, Cavabdeh, X12 və X8 tərəfindən imzaları ilə təsdiq olunmuşdur. İş materiallarında olan İddiaçı, Cavabdeh, X8 və X12 arasında olan xx.xx.2020-ci il tarixli yazılı kredit müqaviləsinə aktdan görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Kondisioner” b/y massivindən 1501 və 1502 saylı 10 st torpaq sahəsində 2 mərtəbəli bağ evini almışdır. Bu bağ evinin təmirinə xx.xx.2020-ci ildə başlanmışdır. Bağın təmirində pultla qapısı açılan 2 maşınlıq qaraj tikilmişdir, pultla açılan giriş darvazası quraşdırılmışdır, kərpicdən manqal tikilmişdir, 12 tonluq yeraltı içməli su hovuzu tikilmişdir, şirin su xətti çəkilmişdir, istilikxana tikilmişdir, mətbəx mebeli mərmərdən tökülmüş və bəzi əlavə işlər görülmüşdür. Bağın təmirinə görə Elnur atası Vaqifdən hissə-hissə 30.000+17.000=47.000 manat borc pul almışdır. Bu hal İddiaçı, Cavabdeh, X12 və X8 tərəfindən imzaları ilə təsdiq olunmuşdur. İş materiallarında olan borcalan Cavabdeh ilə borcverən İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli yazılı borc müqaviləsindən görünür ki, borcverən borcalana xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hissə-hissə 30.000+17.000=47.000 manat məbləğində borc pul vermişdir, sonuncu pul vəsaitini qəbul etmiş, həmin məbləği borcalan 2021-ci ilin dekabr ayına kimi geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-399/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, ünvan 6 (yeni qaydalarla ünvan 8 ünvanında yerləşən mənzilin alınması üçün ilkin olaraq ödənilmiş 15.000 manatdan 1.875 manat, 14.905,57 manat aylıq ipoteka ödənişindən 1.863 manat Cavabdeh payı hesab edilir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 991/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0,0500 ha torpaq sahəsinin və Bakı şəhəri, Hövsan qəsəbəsi, “Kondisioner” b/y, 1502 saylı bağ evinin X5 ½ hissədə, Cavabdeh ½ hissədə mülkiyyət hüququ əsasında paylara bölünməsi, X10 ilə X11 ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “Hyundai Accent” markalı ** FK *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqı müqaviləsinə əsasən ödənilmiş 10.000 manatının X2 tutularaq X6 ödənilməsi, “Hyundai Accent” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobili birgə nikah dövründə əldə edilmiş maşın hesab edilməklə, X5 ½ hissədə, Cavabdeh ½ hissədə mülkiyyət hüququ əsasında paylara bölünməsi, qarşılıqlı iddianın qismən təmin edilərək, Cavabdeh adına rəsmiləşdirilən “Lexus ES 350” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “KİA Picanto” markalı **-FF-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsi üzərində ½ hissəsinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh, ½ hissəsinin isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X5 verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6838/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-991/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 774/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6838/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-5/185 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2(011)-227/2024 nömrəli mülki işin materiallarında “yazılı borc müqavilə”si və “yazılı borc müqaviləsinə akt” adlı sənədlərdə (xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020-ci il tarixli) olan yazıların rəngləyici maddələri kimyəvi tərkibinə görə diyircəkli qələmlərdə istifadə olunan rəngləyicimaddələrə aiddir. Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiqata təqdim edilmiş mülki işin materiallarında “yazılı borc müqavilə”si və “yazılı borc müqaviləsinə akt” adlı sənədlərdə olan yazıların icra vaxtını müəyyən etmək mümkün olmadı. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh atası (iddiaçı) İddiaçı hissə-hissə olmaqla ümumilikdə 137.000 manat məbləğində borc almışdır və həmin borcu ona qaytarmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında borc münasibətlərinin olması işin mübahisəsiz halıdır. Buna görə də borcun qaytarılması ilə bağlı iddia tələbləri təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən, hazırki iddia tələbləri borc məbləğinin cavabdehin ailə ehtiyaclarına xərclənməsi ilə bağlı faktiki hallarla əsaslandırıldığından və həmin halların araşdırılması cavabdehin keçmiş arvadı N.Əhmədovanın hüquqlarına toxunduğundan, iddia tələbinin qəbul ediməsi barədə cavabdehin mövqeyi nəzərə alınmaqla, iddia tələblərində göstərilən faktiki halların ümumi qaydada sübut edilməsi tələb olunur. Belə ki, cavabdeh iddiaçının iddia ərizəsində göstərdiyi qaydada borcun alındığını və ailə ehtiyaclarına xərləndiyini təsdiq etsə də, həmin faktiki hallar məhkəmə araşdırması müddətində ümumi qaydada sübuta yetirilmədiyindən onlar işin mübahisəsiz hallarını təşkil etmir. Lakin borcun cavabdeh tərəfindən iddia edilən həcmdə alınması və qaytarılmaması işin mübahisəsiz halı olduğundan, iddia tələbləri cavabdehdən iddiaçının xeyrinə 137.000 manat məbləğində borcun tutulması hissəsində təmin edilməlidir. Belə ki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 saylı qərarın 3.18-ci bəndinin mənasına görə ər-arvadın ümumi əmlakdakı borc öhdəliklərinə təsir edə biləcək borc müqavilələri üzrə iddia tələblərinə baxılarkən iddiaçının tələblərini əsaslandırdığı faktlar cavabdeh tərəfindən etiraf edildikdə, habelə kreditorla (kreditorlarla) borcalan arasında barışıq sazişi bağlandıqda məhkəmələr Mülki-Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsinin və tərəflərin barışıq sazişinin qanuna zidd olub-olmadığına, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozub-pozmadığına, yaxud Mülki-Prosessual Məcəllənin 106.4-cü maddəsinə əsasən faktın işin hallarının gizlədilməsi məqsədi ilə etiraf olunmasına xüsusi diqqət yetirməlidirlər. Bu cür halların mövcudluğu müəyyən edilərsə, belə hərəkətlər qəbul olunmamaqla, mübahisəyə mahiyyəti üzrə baxılması davam etdirilməli və ya həmin faktlar ümumi qaydada sübut edilməlidir. Həmin Qərarın 3.19-cu bəndinin mənasına görə qeyd olunan mübahisələr üzrə iddianın predmeti borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı olduğundan, alınmış vəsaitin ailənin ümumi ehtiyaclarına sərf edilib-edilməməsi üzrə araşdırmanın aparılması tələb olunmur. Bu baxımdan həmin iş üzrə qəbul edilmiş məhkəmə aktında bununla bağlı hal müəyyən edilməməlidir, edildiyi halda isə ərarvad arasında ümumi əmlak bölgüsünə dair mübahisələrdə hər hansı preyudisial əhəmiyyətə malik olmadığı nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, iddia tələbləri ər-arvadın nikahı dövründə alınmış borcun bölünməsi ilə bağlı olmadığından hazırki qətnamə ər-arvad arasında ümumi əmlak bölgüsünə dair mübahisələrdə hər hansı preyudisial əhəmiyyətə malik deyil. Belə ki, hazırki iddia tələbləri çərçivəsində ər-arvad arasında nikah dövründə əldə edilmiş borcların olub-olmaması araşdırılmır və bunula bağlı qətnamədə hər hansı faktiki hallar müəyyən edilmir. Məhkəmə həmçinin iddianın 427 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissəsini də araşdıraraq məhkəmə hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş 427 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri təmin edilsin. Cavabdeh 137.000 (bir yüz otuz yeddi min) manat borc məbləği və 427 (dörd yüz iyirmi yeddi) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. 100 (bir yüz) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar