Məhkəmə qərarları › İş №2(011)-2271/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2271/2024

04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2271/2024 04.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin ləğvi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6 saylı notariat ofisində 04 aprel 2023-cü il tarixli nəqliyyat vasitəsinin nisyə alğı-satqı müqaviləsinin ləğv olunması və Cavabdeh 3 aylıq 1.800 manat ödənişin, ödədiyi 256 manat cərimənin, maşına vurulmuş 2.354 manat ziyanın, yoxlanış aktı üçün ödənilən 65 manat məbləğin, cəmi 4.475 manat dəymiş ziyanın və dövlət rüsumu kimi ödədiyi 66 manat məbləğin alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh ilə 6 saylı notariat ofisində 04 aprel 2023-cü il tarixli nəqliyyat vasitəsinin nisyə alğı-satqı müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən iddiaçı özünə məxsus “Hyundai Matrix” minik markalı, 2006-cı il buraxılışlı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili 21.600 manata satır və alıcı Cavabdeh 3 il (36 ay) ərzində hər ay 600 manat 04 aprel 2026-cı il tarixədək ödəməyi öz öhdəsinə götürür. Cavabdeh aprel ayından iyul ayına kimi ödənişi normal etmişdir. Avqust ayında ödəniş etməmiş və iddiaçıya bildirmişdir ki, avtomobil xarabdı, onu təmir etdirməlidir. Onun üçün də avqust ayı ödəniş edə bilməyəcək. Həmin ödənişi 36 ay bitdikdən sonra 37-ci ay edəcək. İddiaçı da razılaşmışdır. 1 ay sonra sentyabr ayında avtomobili hələ də təmir etmədiyini və Şuşa şəhərində işlədiyini, maaşı oktyabr ayında alıb ödəniş edəcəyini bildirmişdir. Sonra iddiaçıya bildirmişdir ki, maşın servisdədir sən maşını təmir etdir mən maaş alıb sizə həmin məbləği ödəyəcəm. Sonra məlum olmuşdur ki, Cavabdeh avtomobili istifadə edən zaman cərimələri olmuşdur. Cavabdeh iddiaçıdan xahiş etmişdir ki, həmin cərimələri də ödəsin, sonra cavabdeh iddiaçıya hamısını birlikdə qaytaracaq. İddiaçı oktyabr ayının 12-də maşını servisdən götürmək istədiyi zaman məlum olmuşdur ki, avtomobilin bəzi problemləri var. Avtomobilin bəzi hissəslərini iddiaçı təmir etdirmişdir. Sonradan iddiaçı “Hyundai Servis” Mərkəzində “Hyundai Matrix” minik markalı, 2006-cı il buraxılışlı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili yoxlanış etdirmişdir. 2023-cü ilin oktyabr ayında iddiaçı Cavabdeh ilə telefonla əlaqə saxlamış və sonuncu, iddiaçıya bildirmişdir ki, iddiaçıya ödənişləri edə bilməyəcək. Ondan sonra cavabdeh iddiaçının mobil nömrələrini blok etmiş və iddiaçı onunla əlaqə saxlaya bilməmişdir. Halhazırda aralarında olan 6 saylı notariat ofisində 04 aprel 2023-cü il tarixli nəqliyyat vasitəsinin nisyə alğı-satqı müqaviləsi qüvvədə olduğundan, iddiaçı özünə məxsus olan “Hyundai Matrix” minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı heç bir hərəkət edə bilmir. Ona görə də hesab edir ki, Cavabdeh ilə iddiaçının arasında olan 04 aprel 2023-cü il tarixli nəqliyyat vasitəsinin nisyə alğı-satqı müqaviləsi ləğv olunmalıdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarından görünür ki, 04 aprel 2023-cü il tarixdə tərəflər arasında notarial qaydada nəqliyyat vasitəsinin nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, İddiaçı “Hyundai Matrix” minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili 21.600 manata Cavabdeh satmağı, Cavabdeh isə 36 ay ərzində (04 aprel 2026-cı il tarixədək) İddiaçı hər ay 600 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilənin qüvvədə olduğu müddət ərzində avtomobil cavabdeh tərəfindən yararsız hala gətirilmişdir. İddiaçı avtomobili təmir etdirmiş və xərc çəkmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 1 ədəd diskdə olan video fayldan görünür ki, cavabdeh avtomobilin xarab olduğunu, hazırda avtoservisdə saxlandığını, avtomobili təmir etdirmək və müqavilə üzrə ödənişləri etmək imkanının olmadığını bildirir. İş materiallarından görünür ki, 06 noyabr 2023-cü il tarixdə “Hyundai Servis” Gənclik Mərkəzində “Hyundai Matrix” minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı yoxlanış aktı tərtib edilmiş və yoxlanış xərci olaraq iddiaçı 65 manat ödəniş etmişdir. “Hyundai Servis” Gənclik Mərkəzində “Hyundai Matrix” minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobildə aşkar edilmiş nasazlıqların aradan qaldırılması üçün dəyişdiriləcək ehtiyat hissələr və görüləcək işlərin həcmi qüsur aktına əsasən 2.354 manat müəyyən edilmişdir. Avtomobil cavabdehin istifadəsində olan zaman həmin avtomobil barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar tərtib edilmiş, protokollar üzrə tələb edilən ümumilikdə 256 manat cərimə iddiaçı tərəfindən ödənilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddiaçının tələbində qeyd etdiyi hallara ayrı ayrılıqda qiymət verməyi zəruri hesab edir. Məhkəmə ilk növbədə iddia tələbinin 6 saylı notariat ofisində 04 aprel 2023-cü il tarixli nəqliyyat vasitəsinin nisyə alğı-satqı müqaviləsinin ləğv olunması hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş pretenziya məktubu ilə iddiaçı cavabdehə müqavilənin ləğv edilməsi yönündə iradə ifadəsini bəlli etmişdir. Qanunvericiliyin tələblərinə əsasən, müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulduqda müqavilənin birtərəfli qaydada pozulmasına yol verilir. Hazırkı iş materiallarından da görünür ki, cavabdeh müqavilə üzrə ödənişlərini vaxtında icra etməməklə müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, istinad olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı iradə ifadəsini bəlli etməklə müqaviləni birtərəfli qaydada ləğv etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, müqavilə artıq ləğv edildiyindən, bu hissəyə məhkəmə qətnaməsi ilə qiymət verilə bilməz. Odur ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin maşına vurulmuş 2.354 manat ziyanın ödənilməsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, iş materiallarında olan 06 noyabr 2023-cü il tarixli qüsur aktından görünür ki, “Hyundai Matrix” minik markalı, **-HY- *** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxıl keçirilən zaman nasazlıqların aradan qaldırılması üçün dəyişiləcək ehtiyat hissələr və görüləcək işlərin məbləği ümumilikdə 2.354 manat müəyyən edilmişdir. Cavabdeh qüsur aktında qeyd edilən və iddiaçının tələb etdiyi həmin məbləği mübahisələndirməmiş, onu təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, məhkəmə iddianın bu hissədə təmin edilməsi qənaətinə gəlir. Məhkəmə yoxlanış aktı üçün ödənilən 65 manat məbləğin cavabdehdən tutulmasına münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı “Hyundai Matrix” minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Hyundai Servis” Mərkəzində baxış keçirilməsi zamanı 65 manat ödəniş etdiyindən, məhkəmə 65 manat məbləğin də cavabdehdən iddiaçının xeyrinə tutulmalı olması qənaətinə gəlir. Məhkəmə iddia tələbinin Cavabdeh 3 aylıq 1.800 manat ödənişin alınması hissəsinə münasibətdə qeyd edir ki, hazırkı halda avtomobil iddiaçı tərəfindən geri alındığından həmin avtomobilə görə ödənilməmiş qalan məbləğin cavabdehdən tələb edilməsi ədalətli hesab oluna bilməz. Qeyd edilən mövqeyin əksinin düşünülməsi iddiaçının əsassız varlanmasına gətirib çıxarmış olardı. Beləliklə, sadalanan maddi hüquq normalarına istinadən məhkəmə hesab edir ki, iddiaçının ödənilməyən məbləği tələb etməsinin hüquqi əsası yoxdur. Odur ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin iddiaçının ödədiyi 256 manat cərimənin cavabdehdən tutulmasına münasibətdə qeyd edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, iddiaçının təqdim etdiyi cərimə ödənişlərindən görünür ki, iddiaçı 24.20 manat, 54.40 manat, 104.80 manat, 24.20 manat, 48.40 manat olmaqla, ümumilikdə 256 manat ödəniş etmişdir. Odur ki, iddiaçı avtomobilin cavabdehin istifadəsində olan zaman yazılmış cərimələr üçün ödədiyi 256 manat məbləği cavabdehdən tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2.354 manat maddi ziyan, ödənilmiş cərimənin əvəzi olaraq 256 manat tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 66 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia tələbinin təmin edilmiş hissəsinə müvafiq olaraq, cavabdehdən 66 manat dövlət rüsumunun 38.28 manatı alınıb iddiaçıya ödənilməli, qalan 27.72 manat isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2.354 (iki min üç yüz əlli dörd) manat maddi ziyan, ödənilmiş cərimənin əvəzi olan 256 (iki yüz əlli altı) manat və dövlət rüsumunun 38.28 (otuz səkkiz manat iyirmi səkkiz qəpik) manatı tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 27.72 (iyirmi yeddi manat yetmiş iki qəpik) manatı İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar