Məhkəmə qərarları › İş №2(011)-2274/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2274/2021

21.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2274/2021 21.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 8.453 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30.40 manat dövlət rüsumunun, ümumilikdə 8.483,40 manat pulun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-yə məxsus, X3 tərəfindən idarə olunan **-AA-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” markalı avtomobil 20 oktyabr 2020-ci il tarixdə hərəkətdə olarkən Cavabdeh2 məxsus və Cavabdeh1 tərəfindən idarə olunan **-CF-*** dövlət qeydiyyat nişanlı, “Nissan Teana” markalı avtomobillə toqquşmuşdur. Bakı şəhər DYPİ YNH inspektoru tərəfindən tərtib olunmuş 20 oktyabr 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və 20 oktyabr 2020-ci il tarixli, TP4006451 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən **-CF-*** dövlət qeydiyyat nişanlı, “Nissan Teana” markalı avtomobilin sürücüsü Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində təqsirli bilinmiş və AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Avtomobilə dəymiş zərərin müəyyən olunması üçün nəqliyyat vasitəsi "xxxx" MMC-yə təqdim edilmiş və bu barədə cavabdehlərə bildiriş təqdim olunmuşdur. Lakin cavabdehlər bildirişi almalarına baxmayaraq qiymətləndirmə prosesində iştirak etməmişlər. Hadisə zamanı **-AA-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” markalı avtomobilə "xxxx" MMC tərəfindən verilmiş qüsur aktına əsasən 13.453 manat məbləğində maddi ziyan dəyməsi müəyyən olunmuşdur. **-CF-*** dövlət qeydiyyat nişanlı, “Nissan Teana” markalı avtomobilin icbari qaydada sığortalı olduğu təşkilat tərəfindən qanunvericiliyə əsasən 5.000 manat məbləğində sığorta ödənişi avtomobilin təmir olduğu təmir müəssisəsinə ödənilmişdir. Cavabdehlərə 8.453 manat pul məbləğinin iddiaçıya ödənilməsinə dair məktub göndərilməsinə baxmayaraq, cavabdehlər ödənişdən boyun qaçırmışlar. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada avtomobilə dəymiş zərərə görə 8.453 manat məbləğində pul vəsaitinin, avtomobilin əmtəə dəyərinin aşağı düşməsinə görə 5.000 manat məbləğində pul vəsaiti və ödənilmiş 30.40 manat dövlət rüsumunun, ümumilikdə 13.483,40 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 7.928 manat məbləğində maddi ziyanın və ödənilmiş 30.40 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçı "xxxx" MMC-yə məxsus, X3 tərəfindən idarə olunan **-AA-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” markalı avtomobil 20 oktyabr 2020-ci il tarixdə hərəkətdə olarkən Cavabdeh2 məxsus və Cavabdeh1 tərəfindən idarə olunan **-CF-*** dövlət qeydiyyat nişanlı, “Nissan Teana” markalı avtomobillə toqquşmuşdur. Bakı şəhər DYPİ YNH inspektoru tərəfindən tərtib olunmuş 20 oktyabr 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və 20 oktyabr 2020-ci il tarixli, TP4006451 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən **-CF-*** dövlət qeydiyyat nişanlı, “Nissan Teana” markalı avtomobilin sürücüsü Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində təqsirli bilinmiş və AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Avtomobilə dəymiş zərərin müəyyən olunması üçün nəqliyyat vasitəsi "xxxx" MMC-yə təqdim edilmiş və bu barədə cavabdehlərə bildiriş təqdim olunmuşdur. Lakin cavabdehlər bildirişi almalarına baxmayaraq qiymətləndirmə prosesində iştirak etməmişlər. Hadisə zamanı **-AA-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” markalı avtomobilə "xxxx" MMC tərəfindən verilmiş qüsur aktına əsasən 13.453 manat məbləğində maddi ziyan dəyməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 avqust 2021-ci il tarixli rəydən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin 02 dekabr 2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı, “Toyota Camry” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12.928 manat müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi “Nissan Teana” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə 20 oktyabr 2020-ci il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı "xxxx" MMC-yə məxsus- X2 etibarnamə əsasında idarə etdiyi “Toyota Camry” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. Həmin hal tərəflərin izahatı, "xxxx" MMC tərəfindən tərtib etdilmiş qüsur aktı ilə və iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq olunur. Bu hal təsdiq olunduğundan, müvafiq olaraq iddiaçıya məxsus əmlaka vurulmuş maddi zərərə görə cavabdehin mülki hüquqi məsuliyyəti yaranmışdır. İddia tələbinə dəqiqləşmədən göründüyü kimi iddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin ödənilməsini tələb edərkən həmin maddi zərəri 7.928 manat məbləğində qiymətləndirmişdir. Məhkəmə iddia tələbinin digər Cavabdeh2 pulun tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, hazırkı işin halları baxımından vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdeh1dur. Yol-nəqliyyat hadisəsi baş verən dövrdə o avtomobilin qanuni sahibi, onu etibarnamə əsasında idarə etmək hüququna malik olan şəxs olmuşdur. Belə ki, Cavabdeh1 22 aprel 2016-cı il tarixdə avtomobili Cavabdeh2 tərəfindən verilmiş etibarnaməyə əsasən idarə edərkən hadisəni törətmişdir. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə vurulmuş zərərə görə Cavabdeh1 məsuliyyət daşıyır. Məhkəmə qeyd olunanlar kontekstində hesab edir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş maddi zərərin əvəzinin tam həcmdə ödənilməsi vəzifəsi Cavabdeh1 öhdəsinə qoyulmalıdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 7.928 manat maddi ziyan tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30.40 manat dövlət rüsumu ödəmişdir, cavabdehdən 30.40 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehdən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 7.928 (yeddi min doqquz yüz iyirmi səkkiz) manat maddi ziyan və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh1 alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar