Məhkəmə qərarları › İş №2(011)-2315/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2315/2023

13.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2315/2023 13.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə cavabdeh nikaha daxil olmuşlar və onların nikahından iki övladları, xx.xx.2008ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 doğulmuşdur.

2. Tərəflərin nikahı məhkəmə qaydasında pozulmuş, birgə nikahından doğulmuş uşaqların iddiaçının himayəsində saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən Cavabdeh hər ay hər uşaq üçün 87 manat məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Sonuncu dəfə Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-4753/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə uşaqların saxlanılması üçün cavabdehdən Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 110 manat müəyyənləşdirilmişdir.

3. Cavabdeh müddətli (xx.xx.2028-ci ilədək) ikinci dəcəli əlil olmaqla, əmək qabiliyyətsizdir, ona F20 Şizofreniya, Şizofreniya paronoid forma faziləsiz gedişli psixi qüsur halı. Şəkərli diabet. Tip 2. Orta ağır diaqnoz təyin olunmuşdur.

4. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

5. İddiaçı cavabdehdən birgə nikahdan anadan olmuş övladları 17 noyabr 2008-ci il təvəllüdlü X3, 09 aprel 2012-ci il təvəllüdlü X1 18 yaşına çatanadək hər ay hər bir uşaq üçün 193 manat, cəmi 579 manat məbləğində alimentin artırılması və cavabdehin valideynlərinin pensiya məbləğindən və ya əmək haqqından tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən tbirgə nikahdan anadan olmuş övladları 17 noyabr 2008-ci il təvəllüdlü X3, 09 aprel 2012-ci il təvəllüdlü X1 18 yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 193 manat, cəmi 579 manat məbləğində alimentin artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli İş № 2(011 )-4753/2019 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan rəsmi nikah pozulmuş, birgə nikahdan anadan olmuş uşaqlar yetkinlik yaşına çatanadək hər ay onun xeyrinə 110 manat məbləğində, cəmi 220 manat aliment məbləğinin ödənilməsi barədə qətnamə qəbul etmişdir. Cavabdeh bir ata kimi övladların saxlanması ilə maraqlanmır. Cavabdeh xəstəliyi ilə əlaqədar alimenti 5 ildir ki, ödəmir. Ona görə də, cavabdehin valideynlərinin pensiya məbləğindən və ya əmək haqqısından alimentin tutulma edilməsinin tələbindədir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

8. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

9. Məhkəmə iclasında verilən izahatlar:

10. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh hazırda xəstədir, işləmir, 10 000 manata yaxın aliment borcu yığılıb.

11. Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı bildirdi ki, sonuncu dəfə sentyabr ayında 200 manat aliment ödəyib. İddiaçı indiyədək yığılmış aliment borcu barədə heç bir söz deməyib. Cavabdehin əmək qabiliyyəti yoxdur. Cavabdeh yalnız pensiya alır.

12. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

13. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

17. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.

18. Belə ki, alimentin artırılmasının hüquqi əsasları Azərbaycan Respublikası AMnin 112.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

19. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, qanun müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) konkret əsaslarını müəyyən etmişdir. Bu əsaslar tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə şərtləndirilmişdir. Ailə vəziyyətində dəyişikliyin olması dedikdə, tərəflərdən birinin yeni nikaha daxil olması, ailədə yeni uşağın doğulması, aliment ödənilən uşağın yetkinlik yaşına çatması və s., maddi vəziyyətində dəyişiklik olması dedikdə isə, tərəflərdən birinin əvvəlki gəlirlərinin artması, xərclərinin artması və s. kimi başa düşülə bilər.

20. Məhkəmə qeyd edir ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-4753/2019 saylı qətnamə ilə cavbdehdən hər ay hər bir uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat məbləğində alimentin iddiaçıya ödənilməsi qət edilmişdir. Lakin iddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin çıxarılmasından sonra alimentin məbləğinin artırılması barədə yenidən iddia ərizəsi ilə müəraciət emtiş, əvvəlki məhkəmə qətnaməsinin qəbul edildiyi xx.xx.2019-cu il tarixdən sonra onun, yaxud cavabdehin maddi vəziyyətində (məsələn, gəlirlərinin artması) hansı dəyişikliklərin olması, özünün, yaxud himayəsində olan uşaqların xərclərinin artması, özünün maddi vəziyyətinin pisləşməsi və s. hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir MPM-nin 77.1-ci maddəsi).

21. Cavabdehin maddi vəziyyətinə gəldikdə isə, o, paranoid şizofreniya xəstəliyindən əziyyət çəkir, əmək qabiliyyətsizdir və ikinci qrup əlildir. Əlilliyə görə 220 manat məbləğində pensiiya alır. Göründüyü kimi qeyd edilən mülki iş üzrə qətnamənin çıxarıldığı xx.xx.2019-cu il tarixdən sonra onun maddi vəziyyətində hər hansı dəyişiklik olmamış, əksinə səhhəti pisləşmiş və əmək qabiliyyətini də itirmişdir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar