Məhkəmə qərarları › İş №2(011)-2320/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2320/2024

13.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2320/2024 13.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclası katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh qarşı Ucar Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2(063)-957/2022 nömrəli qətnaməsinə əsasən 22 sentyabr 2022-ci il tarixdən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə hər ay 85 manat olmaqla tutulması qət edilmiş alimentin miqdarının artırılaraq 235 manat məbləğində müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, Zərdab Rayon Məhkəməsinin 2(035)- 228/2022 nömrəli 01 mart 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında rəsmiləşdirilmiş nikah pozulmuş, 04 avqust 2013-cü il təvəllüdlü X2 atası İddiaçı, 02 mart 2016-cı il təvəllüdlü X3 isə anası Cavabdeh yanında saxlanılması, X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sabit pul məbləğində 170 manat məbləğində alimentin tutulması qət edilmişdir. Bundan sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7572/2022 nömrəli 23 dekabr 2022-ci il tarixli qətnaməsi ilə Zərdab Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarı dəyişdirilərək X1 üçün Cavabdeha qızının xeyrinə hər ay İddiaçı qazancı və başqa qəlirlərinin ¼ hissəsində alimentin tutulması qət edilmişdir. Həmin qətnamədən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2384/2023 nömrəli 03 aprel 2024-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7572/2022 nömrəli 23 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. O, verdiyi izahatında göstərmişdir ki, cavabdeh 02 mart 2016-cı il təvəllüdlü X5 ilə görüşməyə maneələr yaradır, bu iddiaçı üçün əlavə çətinliklər yaradır. O, uşaqla görüşmək üçün əlavə maddi zərər çəkir. Uşaq cavabdeh tərəfindən gəlir mənbəyi olaraq istifadə edilir. Cavabdeh 04 avqust 2013-cü il təvəllüdlü X4 ilə maraqlanmır. Anası ilə qalan uşağın onun tərəfindən gəlir mənbəsi kimi istifadə edilməsi, ona vurulan maddi zərəri, süründürməçiliyi, uşağın tərbiyəsi, təhsilində iştirakı üçün yaranan maneələrin, əlavə çəkdiyi xərcləri, onunla qalan uşağa tək baxmağını, əmək haqqı və digər gəlirlərin ¼ hissəsində aliment ödədəyini nəzərə alaraq, onunla qalan uşağı istədiyi kimi baxmaq üçün onun maddi vəziyyətinin düzəldilməsi üçün aliment məbləğinin artırılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. O, verdiyi izahatında göstərmişdir ki, onunla qalan uşaq idmana, hazırlıqlara gedir, o da ayda 160 manat xərc çəkir. İddiaçı 1300 manat əmək haqqı alır, anası da təqaüd alır, özü də kənd təsərrüfatı ilə məşğul olur. O, atası ilə qalan uşağı ilə maraqlanmaması ilə bağlı bildirmişdir ki, iddiaçı uşağa onun barəsində pis fikirlər öyrədib. Uşaq ona yaxın durmur. O, əlil olan qardaşı, onun əlil yoldaşı və uşağı ilə kirayədə yaşayır. Onun nənəsindən qalan evi var idi, lakin rayonda iddiaçı imkan vermədi yaşamağa. Cavabdeh rayonda işləyib dolana bilmədiyinə görə Bakıya gəlmişdir. Onun aliment üzrə borcu da qalıb. Daimi olaraq işi yoxdur, evləri yığışdırmağa, xörək bişirməyə çağıranda gedib işləyir. İşin halları - Zərdab Rayon Məhkəməsinin 2(035)-228/2022 nömrəli 01 mart 2022-ci il tarixli Qətnaməsi ilə İddiaçı ilə Cavabdeha qızı arasında rəsmiləşdirilmiş nikahın pozulması, 02 mart 2016-cı il təvəllüdlü X3 Cavabdeh, 04 avqust 2013-cü il təvəllüdlü X2 İddiaçı yanında saxlanılması, İddiaçı 02 iyul 2020-ci il tarixdən başlayaraq 02 mart 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat məbləğində alimentin tutularaq Cavabdeha qızına ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7572/2022 nömrəli 23 dekabr 2022ci il tarixli qətnaməsi ilə İddiaçı 02 mart 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsində alimentin tutularaq iddiaçı Cavabdeha qızına ödənilməsi qət edilmişdir. - Ucar Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2(063)-957/2022 nömrəli qətnaməsi ilə Cavabdeha qızından 02 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 04 avqust 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 85 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - “Elektron məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işləyir, onun aylıq əmək haqqı məbləği 1369 manat təşkil edir. Cavabdeha qızının rəsmi gəlir məlumatları mövcud deyildir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 112.2. Yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanun Maddə 13. Uşağın zəruri maddi təminat hüququ Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia aşağıda qeyd edilənlərə əsasən əsassızdır və rədd edilməlidir. Belə ki, yuxarıda istinad edilən qanunvericilik normalarına əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən dəyişdirilə bilər. İddiaçı isə özünün və ya cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə hər hansı dəlilə istinad etməmiş və bununla bağlı sübutlar təqdim etməmişdir. İddianın dəlilləri əsasən ondan ibarət olmuşdur ki, cavabdeh onunla yaşayan uşaqla ünsiyyətdə olmağa maneələr yaradır, bununla da ona əlavə maddi zərər yetirir. Bundan başqa iddiaçı özü ilə qalan uşağa tək başına baxır və cavabdehin xeyrinə qazancı digər gəlirlərin ¼ hissəsində alimenti ödəyir. Lakin qeyd edilən dəlillər, alimentin miqdarının artırılması ilə bağlı iddianın təmin olunması əsas ola bilməz. Belə ki, aliment yetərli maddi imkanı malik olmayan valideynin yanında qalan uşağın tələbatlarını ödənilməsi məqsədi ilə tutulur. Alimentin məbləği isə uşağın tələbatlarını ödəyəcəyi qədərdə müəyyən edilməlidir. İşin hallarından göründüyü kimi, Cavabdeh yanında qalan uşağın tələbatlarını ödəmək məqsədi ilə hər iki tərəfin maddi vəziyyəti də nəzərə alınmaqla Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7572/2022 nömrəli 23 dekabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı 02 mart 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsində alimentin tutularaq iddiaçı Cavabdeha qızına ödənilməsi qət edilmişdir. Belə olan halda, cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin məbləğinin artırılması Cavabdeh yanında qalan uşağın maraqlarına xələl gətirmiş olacaq. Yuxarıda göstərilənləri, tərəflərin maddi və ailə vəziyyətini, yaşadıqları şəraiti nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı Ucar Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2(063)-957/2022 nömrəli qətnaməsinə əsasən 22 sentyabr 2022-ci il tarixdən hesablanmaqla Cavabdeha qızından İddiaçı xeyrinə hər ay 85 manat olmaqla tutulması qət edilmiş alimentin miqdarının artırılaraq 235 manat məbləğində müəyyən edilməsi tələbinə əsassızdır və rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Ucar Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2(063)-957/2022 nömrəli qətnaməsinə əsasən 22 sentyabr 2022-ci il tarixdən hesablanmaqla Cavabdeha qızından İddiaçı xeyrinə hər ay 85 manat olmaqla tutulması qət edilmiş alimentin miqdarının artırılaraq 235 manat məbləğində müəyyən edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar