Məhkəmə qərarları › İş №2(011)-2323/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2323/2024

14.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2323/2024 14.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə rəsmi qaydada xx.xx.2004cü il tarixdə Bakı şəhəri Xətai Rayon Qeydiyyat şöbəsində nikah rəsmiləşdirilməklə ailə qurmuşdur. Birgə nikah dövründə iki övladı – xx.xx.2003-cü il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Uşaqlardan xx.xx.2003-cü il təvəllüdlü X5 artıq yetkinlik yaşına çatmışdır. Cavabdehlə bir müddət mehriban yaşamışlar, lakin aralarında narazılıqların artması onların tamamilə başqa-başqa adamlar olduğunu sübut etmişdir. İddiaçı cavabdehə qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsində nikahın pozulması və aliment tələbinə dair iddia qaldırmış və iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-4675/2019 saylı qətnaməsinə əsasən təmin edilərək, nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər Cavabdeh hər ay hər uşaq üçün 160 manat, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdehlə ayrıldıqdan sonra uşaqları iddiaçının himayəsində qalmışdır. Uşaqlarını iddiaçı özü saxlamış və cavabdeh məhkəmənin təyin etdiyi 160 manat alimenti gecikdirmələrlə ödəmişdir. Hal-hazırda yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X4 maddi cəhətdən təmin olunması üçün çətinlik çəkmişdir. Çünki onun gündəlik tələbatını, sağlamlığını və ümumiyyətlə cəmiyyətə layiqli bir insan kimi yetişməsi üçün kifayət qədər vəsait tələb olunur. Bütün öhdəliklər iddiaçının üzərində qalmışdır. Halbuki, uşağın saxlanması üçün onun tələbatını ödəmək bir valideyn kimi cavabdehin də üzərinə düşür. İndi həmin miqdarda olan pula oğlunu saxlamaq və onun tələbatını ödəmək çox çətindir. İddiaçı oğlunun tələbatını ödəməyə çətinlik çəkir. İddiaçı bir ana kimi onun arzusunu həyata keçirə bilməmişdir. Cavabdehin isə imkanı çatır ki, alimenti artıq miqdarda ödəsin. Ona görə də, alimentin artırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh yetkinlik yaşına çatmamış xx.xx.2007-ci il təvəllüdlü X2 üçün iddiaçının xeyrinə tutulan alimentin miqdarı artırılaraq, hər ay 250 manat sabit pul məbləğində alimentin alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməklə yanaşı, məhkəməyə ərizə ilə müraciət edərək, iddianın təmin edilməsinə etiraz olmadığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4675/2019 saylı 07 may 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddiası təmin edilmiş, Məmmədova (Hüseynova) Xəyalə Qurban qızı ilə Cavabdeh arasında Bakı şəhəri Xətai rayonu VVADQ şöbəsi tərəfindən 17 iyul 2004-cü il tarixli, 719 saylı akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, 20 iyul 2003-cü il təvəllüdlü X5 və 01 avqust 2007-ci il təvəllüdlü X1 və tərbiyə edilmələri üçün anası İddiaçı yanında qalması, 20 iyul 2003-cü il təvəllüdlü X5 və 01 avqust 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan, həmçinin cavabdeh iddia tələbini qəbul etdiyindən Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4675/2019 saylı 07 may 2019-cu il tarixli qətnaməsinə əsasən 01 avqust 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 250 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4675/2019 saylı 07 may 2019cu il tarixli qətnaməsinə əsasən 01 avqust 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 250 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh İddiaçı oğlundan 50 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar