Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2325/2025 27.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynova Nuranə Rafiq qızının katibliyi İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. İddiaçı Cavabdeh 05 sentyabr 2023-cü il tarixində 1 il qaytarılmaq şərtilə 30000 manat, 10 oktyabr 2023-cü il tarixində isə 10000 manat olmaqla, ümumilikdə 40000 manat məbləğində borc vermişdir. Borc müqaviləsi Bakı şəhəri 25 saylı notariat ofisində rəsmiləşdirilmişdir.
2. Bundan sonra cavabdeh ondan 22000 manat pul vəsaiti istəmiş, iddiaçının qardaşı tərəfindən ona 22000 manat pul vəsaiti də verilmişdir. Lakin bu pulun notariat ofisində rəsmiləşdirilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən cavabdehə ümumilikdə 62000 manat pul vəsaiti verilmiş, lakin cavabdeh pulu ödəməmişdir.
İddiaçının tələbi:
3. İş üzrə Cavabdeh 62000 manat borcun, vəkil xərci üçün ödədiyi 520 manatın, məhkəmə rüsumu olaraq ödədiyi 276 manatın, ümumilikdə 62796 manatın alınaraq ona, yəni İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
4. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
Tərəflərin izahatı:
5. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 öz ziahatında iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı Cavabdeh 05 sentyabr 2023-cü il tarixində 1 il qaytarılmaq şərtilə 30000 manat, 10 oktyabr 2023-cü il tarixində isə 10000 manat olmaqla, ümumilikdə 40000 manat məbləğində borc vermişdir. Borc müqaviləsi Bakı şəhəri 25 saylı notariat ofisində rəsmiləşdirilmişdir. Bundan sonra cavabdeh ondan 22000 manat pul vəsaiti istəmiş, iddiaçının qardaşı tərəfindən ona 22000 manat pul vəsaiti də verilmişdir. Lakin bu pulun notariat ofisində rəsmiləşdirilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən cavabdehə ümumilikdə 62000 manat pul vəsaiti verilmiş, lakin cavabdeh pulu ödəməmişdir. Həmçinin, iddiaçının nümayəndəsi bildirmişdir ki, onlar cavabdeh tərəflə əlaqə yaratmışdırlar.Cavabdeh tərəf təxmini ümumi borcdan 3600 manat geri qaytarmışdır. iddiaçının nümayəndəsi pulun qaytarıldığını qəbul etmişdir.
6. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında borc aldığını etiraf etmiş, lakin bildirmişdir ki, 22000 manat borcdan müəyyən qədər ödənişlər etmişdir. Məhkəmədən ödənişlərin dəqiqləşməsi üçün vaxt verilməsini xahiş etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər:
7. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən, borc verən (İddiaçı) borc alana (Cavabdeh) 30000 manat məbləğində borc pul vermiş, borc alan krediti xx.xx.2024-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
8. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 oktyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən, borc verən (İddiaçı) borc alana (Cavabdeh) 10000 manat məbləğində borc pul vermiş, borc alan krediti xx.xx.2024-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
9. xx.xx.2025-ci il tarixli qəbzə əsasən, “mpay” ödəniş sistemi vasitəsilə “6 saylı” Vəkil Bürosunun hesabına İddiaçı tərəfindən 520 manat məbləğində pul vəsaiti ödənilmişdir.
10. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi (AR MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
13. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahatını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
14. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, tərəflər arasında borc müqavilələri bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd edilənlər məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş 05 sentyabr 2023-cü il tarixli və 10 oktyabr 2023-cü il tarixli10 oktyabr 2023-cü il tarixli borc müqavilələrində öz təsdiqini tapır. (§7,8) Müqaviləyə əsasən cavabdeh xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixinədək hər iki müqavilə üzrə ümumilikdə 40000 manat məbləğində borcun geri qaytarılmasını öhdəsinə götürmüş, lakin məhkəmə araşdırması zamanı borcun qaytarılmasını sübut edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. MM-in 742.1-cü maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada borcverənə qaytarmalıdır. (§11)
15. Bundan başqa iddiaçı iddia tələbində 40000 manat dəyərində iki borc müqaviləsindən əlavə cavabdehə verdiyi 22000 manat pul vəsaitin də cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclasında verdiyi izahda iddiaçıdan ümumilikdə 62000 manat pul aldığını, lakin ondan müəyyən məbləği qaytardığını bildirmişdir. (§6) Eyni zamanda xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 həmin məbləğdən 3600 manatın onlara qaytarıldığını bildirmişdir. (§5) Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə 58400 manat məbləğində pulun qaytarılması hissəsində əsaslıdır.
16. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında müqavilə və razılaşma əsasında iddiaçıdan pul vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin pul vəsaitini daha sonra iddiaçıya ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə tərəflər arasındakı müqavilə əsasında pul vəsaitini almaq hüququndan istifadə etmiş, lakin həmin pul vəsaitini geri qaytarmalı olmasına dair vəzifəsini yerinə yetirməmişdir.
17. İddiaçının digər bir tələbi isə hüquqi yardım üçün ödədiyi 520 manat pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi olmuşdur. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzə əsasən, “mpay” ödəniş sistemi vasitəsilə “6 Saylı” Vəkil Bürosunun hesabına İddiaçı tərəfindən 520 manat məbləğində pul vəsaiti ödənildiyini təsdiq edir. Buna görə də iddia həmin hissədə də təmin edilməlidir. (§9)
18. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 58400 manat borc və vəkil xərcinə görə ödənilmiş 520 manat pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 265,2 (iki yüz altmış beş manat iyirmi qəpik) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
20. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. Cavabdeh 58400 (əlli səkkiz min dörd yüz) manat tutularaq İddiaçı ödənilsin.
3. Cavabdeh 6 Saylı Vəkil Bürosuna ödənilmiş hüquqi yardımın əvəzi olaraq 520 (beş yüz iyirmi) manat pul tutularaq İddiaçı ödənilsin.
4. Cavabdeh 265,2 (iki yüz altmış beş manat iyirmi qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin.
5. İddia qalan hissədə təmin edilməsin.
6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova