Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2326/2024 04.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-444/2023 nömrəli 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək 02 mart 2012-ci il təvəllüdlü X7 və 12 oktyabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında və hər ay hər bir uşaq üçün 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e- 2(011)-444/2023 nömrəli 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, 02 mart 2012-ci il təvəllüdlü X6 və 12 oktyabr 2013-cü il təvəllüdlü X5 iddiaçının yanında saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün cavavabdeh Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında və hər ay bir uşaq üçün 28.50 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment övladlarının maddi və s. ehtiyaclarının təmin edilməsi üçün kifayət etmədiyindən alimentin məbləği dəyişdirilərək artırılması zərurəti yaranmışdır. Məhkəmə qətnaməsində qeyd edilən hər bir uşaq üçün ödənilməli olan 28,50 manat məbləği cavabdehin adına olan, lakin fəaliyyət göstərməyən firmasından tutulması qət edilsə də faktiki olaraq həmin firma fəaliyyətsiz olduğu üçün həmin məbləğlərin tutulması mümkünsüz olmuşdur. Onun əsas iş yerindən tutulan məbləğ isə qanunvericiliklə uşaqlar üçün müəyyən edilmiş minimum dolanacaq xərclərini ödəmir. Uşaqlar böyüdükcə onların maddi və digər ehtiyacları artır. Ona görə də övladlarının saxlanılması üçün aliment cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında, eyni zamanda hər bir uşaq üçün 100 manat olmaqla sabit pul məbləğində aliment tutulmalıdır. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-444/2023 nömrəli 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək birgə nikahdan olan övladlarının yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-444/2023 nömrəli 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 02 mart 2012-ci il təvəllüdlü X6 və 12 oktyabr 2013-cü il təvəllüdlü X5 analarının yanında qalması və onların saxlanması üçün Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında və hər ay bir uşaq üçün 28.50 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı hazırda təyin edilmiş alimentin sabit pul məbləğinə dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İş materiallarında olan şəhadətnamənin surətindən görünür ki, X8 iddiaçının atasıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu: 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə Cavabdeh iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi məsələsini müzakirə edərək qeyd edir ki, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşaqların yaş həddini və diqqətəlayiq olan digər halları əsas tutaraq, iddianın təmin edilərək, cavabdehdən hər ay hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-444/2023 nömrəli 19 aprel 2023-cü il tarixli qətnaməsi əsasında 02 mart 2012-ci il təvəllüdlü X6 və 12 oktyabr 2013cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh iddiaçı X1 xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 02 mart 2012-ci il təvəllüdlü X6 və 12 oktyabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-444/2023 nömrəli 19 aprel 2023-cü il tarixli qətnaməsi əsasında 02 mart 2012-ci il təvəllüdlü X6 və 12 oktyabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı X1 xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 02 mart 2012-ci il təvəllüdlü X6 və 12 oktyabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2326/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2326/2024
04.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver