Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2330/2024 03.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı “subroqasiya qaydasında dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, İddiaçı MMC Bakı şəhəri ərazisində və ətrafında sərnişin daşıma işləri ilə məşğul olmuş və MMC-nin balansında bir çox sayda avtobuslar mövcuddur. Belə ki, MMC-nin balansında olan avtobuslardan **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusa ASC tərəfindən sığorta edilmiş **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən xəsarət yetirilmiş və maddi ziyana səbəb olmuşdur. Həmin dəymiş zərərin sübuta yetirilməsi ilə bağlı fotoşəkillər və sürücülər tərəfindən polis idarəsində verilmiş izahatlar məhkəməyə təqdim edilmişdir. Həmin izahatlardan qeyd edilmişdir ki, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən öz səhlənkarlığı nəticəsində iddiaçıya məxsus olan avtobusa zərər vurmuşdur, həmin zaman o dayanmış vəziyyətdə olan avtobusu görmədiyini bildirmişdir. Daha sonra iddiaçı tərəfindən avtobusa dəymiş ziyanın ödənilməsi ilə bağlı "xxxx" ASC ilə sığorta edilmiş avtomobil tərəfindən iddiaçının avtobusuna dəymiş zərərin ödənilməsinin təmin edilməsi ilə əlaqədar müraciət edilmişdir. ASC tərəfindən iddiaçıya dəymiş zərər isə 1000 manat dəyərində müəyyən edilmişdir. Lakin iddiaçı həmin vəsaitin yetərli olmamasını bildirərək, iddiaçıya məxsus avtobusa dəymiş zərərin dəyərinin müəyyən edilməsi üçün Haval Azerbaijan "xxxx" QSC-yə müraciət etmişdir. Həmin QSC tərəfindən iddiaçıya ətraflı məlumatlar verilmiş və həmin zərərin toplamda qiymətinin 11200 manat olması müəyyən edilmişdir. Həmin avtobusa dəymiş bütün zərər barədə məlumatlar ilkin qiymətləndirmə aktında ətraflı şəkildə qeyd edilmişdir. Beləliklə, iddiaçıya dəymiş maddi zərərin məbləğinin 11200 manat müəyyən edilməsinə baxmayaraq, cavabdeh ASC tərəfindən onlara cəmi 1000 manat məbləğində pul vəsaitinin ödənilməsi həyata keçirilmişdir. Nəticədə iddiaçının mülkiyyət hüquqları pozulmuş və bununla bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, tələb kimi **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş 11200 manat dəyərində maddi zərərin "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməsinin təmin edilməsi qoyulmuşdur, həmin iddia Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2691/2023 saylı qətnaməsi ilə qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-nin öhdəliyinə “İSUZU” markalı **-JA-*** qeydiyyat nişanlı avtobusa dəymiş zərərə görə 5000 manat məbləğində və məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci olan 50 manat məbləğində pulun 22.32 manat hissəsində tutularaq ödənilməsi qoyulmuşdur. İddiaçı hesab edir ki, dəymiş zərərin qalan hissəsini subroqasiya qaydasında yol nəqliyyat hadisəsinin səbəbkarı olmuş **-HH- *** qeydiyyat nişanlı “BMW 320” markalı minik avtomobilinin mülkiyyətçisi Cavabdeh tələb etmək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən onun subyektiv hüququdur, yəni geriyə qalan 6200 manat məbləğində vəsait Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinin müəyyən etdiyi qaydada cavabdehdən tutulmalıdır. İddiaçı hesab edir ki, sığorta şirkəti tərəfindən 5000 manat ödəniş edildikdən sonra geriyə qalan 6200 manat dəyərində pul vəsaiti Cavabdeh tərəfindən ödənilməlidir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh tərəfindən ona məxsus olan avtobusa vurulmuş zərərin 6200 manat dəyərində hissəsinin tutularaq İddiaçı MMC-yə ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdeh “Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəmə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2691/2023 saylı 23 noyabr 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbi barədə iddiası qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən “İsuzu” markalı **-JA-*** qeydiyyat nişanlı avtobusa dəymiş zərərə görə 5000 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, məhkəmə baxışında tədqiq edilən sübutlara əsasən müəyyən edilmişdir ki, BMW 320 minik markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək üçüncü şəxslərin əmlakına 5000 manat məbləğində dəyən zərər üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. xx.xx.2022-ci il tarixində yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “BMW” 320 minik markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsus olan “İsuzu” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuş, nəticədə iddiaçıya məxsus avtobusa Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən 10805,20 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, 07 sentyabr 2022-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh idarə etdiyi “BMW” 320 minik markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsus olan “İsuzu” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü tə`sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, cavabdehin mülkiyyətində olan BMW 320 minik markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək üçüncü şəxslərin əmlakına 5000 manat məbləğində dəyən zərər üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. xx.xx.2022-ci il tarixində yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “BMW” 320 minik markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsus olan “İsuzu” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuş, nəticədə iddiaçıya məxsus avtobusa Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən 10805,20 manat məbləğində zərər dəymişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2691/2023 saylı 23 noyabr 2023cü il tarixli qətnaməsi ilə həmin maddi zərərdən 5000 manat məbləğində pul tutularaq, iddiaçıya ödənilmişdir. İddiaçı hazırda 6200 manat dəyərində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etsə də, iş materialları ilə təsdiq edilir ki, maddi zərərin ödənilməmiş hissəsi 5805,20 manat (10805,20-5000=5805,20) təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunaraq, cavabdehdən “İsuzu” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusa vurulan zərərdən 5805,20 manat pul vəsaiti tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə, Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5805,20 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qismən təmin edildiyi üçün İddiaçı MMC tərəfindən ödənilmiş 82,40 manat dövlət rüsumunun 94 %, yəni 77,40 manat Cavabdeh tutularaq iddiaçıya ödənilsin, qalan 6 %, yəni 5 manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2330/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2330/2024
03.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver