Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2342/2023 11.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı – alimentin artırılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5927/2018 saylı, 30 iyul 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək birgə nikahdan doğulmuş övladları 08 mart 2006-ci il təvəllüdlü Alızadə Fidan İlham qızının və 05 avqust 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin və 08 mart 2006-ci il təvəllüdlü Alızadə Fidan İlham qızının müalicə xərclərinə görə hər ay 50 (əlli) manat vəsaitin, Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul ediləsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə ailə həyatı qurmuş, birgə nikahdan 08 mart 2006-ci il təvəllüdlü Alızadə Fidan İlham qızı və 05 avqust 2011-ci il təvəllüdlü X3 adlı iki övladı dünyaya gəlmişdir. Ailə qurduqları ilk vaxtlar münasibətləri normal olsa da sonradan cavabdehin iddiaçıya qarşı laqeydliyi, hörmətsizliyi və ailəyə uymayan hərəkətləri nəticəsində münasibətləri korlanmışdır. Ona görə də aralarında olan nikah məhkəmə qətnaməsi əsasında pozulmuş, birgə nikahdan doğulmuş övladları iddiaçının himayəsində saxlanılmış, birgə nikahdan doğulmuş övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı müəyyən olunmuşdur. İddiaçı bildirir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5927/2018 saylı, 30 iyul 2018-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş övladları yetkinlik yaşına çatanadək saxlanılması üçün həmin Məhkəmənin 2(011)-1436/2013 saylı qətnaməsi əsasında müəyyən olunmuş alimentin miqdarı artırılaraq Cavabdeh hər ay hər uşağa görə 154 (yüz əlli dörd) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.İddiaçı həmçinin qeyd edir ki, istehlak mallarının qiymətində kəskin artım baş verdiyi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5439/2017 saylı, 31 may 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı uşaqların minimum dolanacaq xərclərinin ödənilməsinə kifayət etmir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Birgə nikahdan doğulmuş uşaqlardan biri- 08 mart 2006-ci il təvəllüdlü Alızadə Fidan İlham qızı sağlamlıq imkanları məhdud uşaqlar sırasına aid olduğu üçün onun da xəstəliyi ilə bağlı iddiaçı hər ay müəyyən xərclər çəkir. Ona görə də iddiaçı hesab edir ki, bu xərclərə görə də cavabdehdən hər ay 50 (əlli) manat əlavə vəsait tutulmalıdır. Tərəflərin izahatları: İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, əvvəllər həm pensiya həmdə əmək haqqı alırdı, lakin indi yalnız 624 manat məbləğində əmək haqqı alır, həmçinin himayəsində digər nikahdan 3 övladı var, indiyə qədər aliment borcu olmamışdır, hətta 2023-cü il üzrə iyul ayına qədər olan alimenti ödəmişdir. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5927/2018 saylı, 30 iyul 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1436/2013 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 08 mart 2006-ci il təvəllüdlü Alızadə Fidan İlham qızı və 05 avqust 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün həmin qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat məbləğində sabit pul şəkilində aliment tutularaq İddiaçı ödənilməsi, həmçinin 20 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinə barədə arayışın surətindən görünür ki, Alızadə Fidan İlham qızına davranış pozuntusunun olmaması və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, yüngük kəmağıllılıq, qavrama və dərketmə yaş səviyyəsindən geri qalması, nitq artikulyasiyasının spesifik pozğunluğu və nitqin aydın olmaması, sözlərin düzgün tələffüz etməməsi diaqnozu qoyulmuşdur. İş materiallarında olan, arayışdan görünür ki, Alıyev X2 Əliyev adına Hərbi İnstitutunda işləyir və onun hesablanmış aylıq əmək haqqısı 624,77 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı 1960 manat məbləğində eşitmə cihazı almış və hər ay 80 manat ödəniş etmişdir. xx.xx.2023-cü il tarixli Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında prosesin davam etdirilməməsi” barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir,İddiaçı tərəfindən Bakı 16 saylı Mediasiya təşkilatına 50 manat ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd- şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, Bakı şəhəri Xətai Rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən hər uşağa görə 154 manat məbləğində aliment tutulması müəyyənləşdirərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqların tələbatarı artmışdır, həm də uşaqlara görə müəyyənləşdirilmiş yaşayış minimumu 2023-cü il üçün 220 manat nəzərdə tutulmuşdur. Ona görə də, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşaqların saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşaqlarını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də cavabdehin yüksək olmayan aliment öhdəliyi daşımış olmasını məhkəmə əsas götürərək hesab edir ki, təyin edilmiş alimentin məbləği artırılmalıdır. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Cavabdehin əmək haqqının az olması və digər nikahdan da, uşaqlarının olması dəlilinə münasibətdə nəzərə alınmalıdır ki, bu hal onu iddiaçı ilə nikahından olan uşaqlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə iddia tələbinin 08 mart 2006-ci il təvəllüdlü Alızadə Fidan İlham qızının müalicə xərclərinə görə hər ay 50 (əlli) manat vəsaitin cavabdehdən tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia bu hissədə qismən əsaslıdır. Buna görə də cavabdehdən 08 mart 2006-ci il təvəllüdlü Alızadə Fidan İlham qızının müalicə xərclərinə görə hər ay 40 manat vəsait tutulmalıdır. Belə ki, iddiaçı uşağın xəstəliyi ilə bağlı pensiya alır və bu pensiya onun zəruri tələbatını ödəməyə yetərli deyildir. Həmçinin uşağa davranış pozuntusunun olmaması və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, yüngül kəmağıllıq, qavrama və dərketmə yaş səviyyəsindən geri qalması, nitq artikulyasiyasının spesifik pozğunluğu, nitqin aydın olmaması, sözlərin düzgün tələffüz etməməsi diaqnozu qoyulmuşdur. Həmin çıxarışdan görünür ki, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki qətnamənin icra olunacağı tarixdən uşaq yetkinlik yaşına çatacağı tarixə yəni, xx.xx.2024-cü il tarixədək olan müddət uzun olmadığından və uşağın xəstəliyi ilə əlaqədar mütəmadi həkim müayinəsi tələb olunduğundan alimentdən başqa da əlavə xərcələrə görə 40 manat məbləğində pulun tutulması ağlabatandır. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Alızadə Fidan İlham qızının xəstəliyi ilə əlaqədar olaraq daimi qulluğa ehtiyacı vardır. Belə olan halda iddiaçı uşağın qayğısına qaldığından və onu daimi nəzarətdə saxlamalı olduğundan işləyə bilmir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu (440+40=480) 480x12=5280 manat təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 72,80 manat təşkil edir. Odur ki, iddiaçı aliment ilə bağlı hissədə dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 72,80 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5927/2018 saylı, 30 iyul 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. 08 mart 2006-ci il təvəllüdlü Alızadə Fidan İlham qızının və 05 avqust 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hazırki qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat məbləğində olmaqla, cəmi 440 (dörd yüz qırx) manat məbləğində sabit pul şəklində aliment və 08 mart 2006-ci il təvəllüdlü Alızadə Fidan İlham qızının müalicə xərclərinə görə hər ay 40 (qırx) manat vəsaitin tutularaq İddiaçı ödənilsin. Cavabdeh 77,60 (yetmiş yeddi manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-2342/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2342/2023
11.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver