Məhkəmə qərarları › İş №2(011)-2345/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2345/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2345/2023 23.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin halları: İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 52 saylı noariat ofisində 8000 manat məbləğin 2022-ci ilin oktyabr ayının 30-dan başlayaraq 10 ay müddətinədək hər ayın son günü 800 manat pulun geri qaytarılması şərtilə, xx.xx.2022-ci il tarixdə isə 4200 manat məbləğin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək geri qaytarılması şərtilə mövcud borcun etirafı müqaviləsi bağlanmışdır. Hər müqavilə üzrə Cavabdeh aylıq 800 manat məbləğində pul vəsaitini hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin sözügedən mövcud borcun etirafı müqavilələri üzrə cavabdeh öz üzərinə götürdüyü öhdəliyi kobud surətdə pozaraq borcu ödəməkdən boyun qaçırmışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh məxsus (+994 50 484 28 28) mobil nömrəsi ilə olan danışıqlar və yazışmalardan da aydın olur ki, iddiaçı sözügedən 12200 manat pul məbləğini cavabdehə borc olaraq vermiş, o isə borcu qaytarmağı öz öhdəsinə götürmüşdür. Qeyd edilənlərə əsasən, iddiaçı məhkəmədən 12200 manat pul məbləğinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbi: Cavabdeh 12200 manat pul məbləğinin, ödənilmiş 127 manat dövlət rüsumunun və iddia ərizəsinin tərtib edilməsinə görə çəkilmiş 50 manat əlavə xərcin əvəzinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti: Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz onun anası X2 tərəfindən təqdim edilmişdir. Lakin etiraz ərizəsinə X1 cavabdehin nümayəndəsi qismində çıxış etmə hüququnu təsdiq edən sənəd əlavə edilməmişdir. Odur ki, məhkəmə həmin etiraz ərizəsini cavabdeh tərəfindən verilmiş etiraz ərizəsi olaraq qiymətləndirə bilməz. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehə biznes qurmaq üçün borc pul vermişdir. İddiaçı borcla bağlı zaminlərə münasibətdə zaminlərin də hər birinin, cavabdehin atası və xalasıoğlunu tanıdığını qeyd etmişdir. Cavabdeh borcu ödəyəcəyini vəd etsə də, daha sonra ölkə ərazisini tərk etmişdir. Tələbin həcmi ilə bağlı iddiaçı bildirmişdir ki, ona bugünədək cəmi 500 manat ödəniş edilmişdir. Son olaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: - Cavabdeh ilə İddiaçı arasında 52 saylı notariat ofisində xx.xx.2022-ci il tarixli mövcud borcun etirafı müqaviləsinə əsasən borclu Cavabdeh bu müqavilə ilə İddiaçı 8000 manat borcunun olduğunu bəyan və tam etiraf edir və həmin məbləği bu müqavilədə müəyyən edilmiş müddətdə və şərtlərlə borc verənə tam həcmdə qaytarmağı öhdəsinə götürür. Borclu bu müqavilə ilə etiraf etdiyi borcu oktyabr ayının 3-dan başlamaqla 10 ay müddətində hər ayın son günü 800 manat pulu borcverənə qaytarmağı öz öhdəsinə götürür; - Cavabdeh ilə İddiaçı arasında 52 saylı notariat ofisində xx.xx.2022-ci il tarixli mövcud borcun etirafı müqaviləsinə əsasən Cavabdeh bu müqavilə ilə İddiaçı 4200 manat borcunun olduğunu bəyan və tam etiraf edir və həmin məbləği bu müqavilədə müəyyən edilmiş müddətdə və şərtlərlə borc verənə tam həcmdə qaytarmağı öhdəsinə götürür. Borclu bu müqavilə ilə etiraf etdiyi borcu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 800 manat, xx.xx.2024-cü il tarixdə 200 yüz manat olmaqla, borc verənə qaytarmağı öhdəsinə götürür; - Xətai RPİ-nin 34-cü Polis Şöbəsi tərəfindən verilmiş vətəndaş İddiaçı şikayət ərizəsi əsasında görülmüş işlərə dair Arayışa əsasən, ərizədə vətəndaş İddiaçı 2022-ci ilin avqust ayında Cavabdeh notarial qaydada 12200 manat və 1000 manat məbləöində pul verdiyi və bugünkü günə qədər heç bir məbləğin geri qaytarılmaması barədə məlumat göstərilmişdir. Arayışa əsasən müəyyən olunur ki, aparılan araşdırma zamanı izahatı alınmış vətəndaş X5 övladı Cavabdeh aldığı pul borcunun ona heç bir aidiyyatının olmadığını və heç bir cavabdehlik daşımaması barədə öz izahatında qeyd etmişdir. Göstərilən xüsusatlar mülki xarakterli olduğundan aidiyyəti üzrə müraciət etməsi barədə vətəndaşa rəsmi məlumat verilmişdir; - Xətai RPİ-nin 34-cü Polis Şöbəsində verilmiş izahatlara əsasən, Babaşov Zamin Sərxay oğlu öz izahatında qeyd etmişdir ki, Cavabdeh onun xalasıoğludur. Rəşad adlı şəxsə borcunun olmasından xəbərdardır, Kənan 4200 manat borc almışdır. Lakin o, bildirmişdir ki, Rəşadla danışıqları olmuşdur ki, Kənanın borcuna görə onun yaxınlarını və ailə üzvlərini narahat etməsin, borc pul məsələsini də özləri öz aralarında həll etsinlər. X5 öz izahatında qeyd etmişdir ki, Cavabdeh onun oğludur. Kənan İddiaçı Atakişi oğlundan notarial qaydada 12200 manat borc alması ilə bağlı məlumat vardır. Həmin borc puldan sonradan xəbəri olmuşdur. Hal-hazırda həmin pulu oğlum Kənan tərəfindən borcu aldığı üçün və mənə məsləhət etmədiyi üçün özləri bilərlər. X2 öz izahatında qeyd etmişdir ki, Cavabdeh onun oğludur. Müxtəlif vaxtlarda İddiaçı notarial qaydada 12200 manat borc almasından xəbərim sonradan olub. Hal-hazırda həmin pulu oğlum Kənan alarkən mənə məsləhət etmədiyi üçün özləri bilərlər. İddiaçı öz izahatında qeyd etmişdir ki, 2022-ci ilin avqust ayının əvvəlində iş qurmaq məqsədilə Cavabdeh əvvəl 8000 manat, sonra isə 4200 manat pul vermişdir. Pulu verərkən məqsədimiz Laçın Ticarət Mərkəzində icarə kostyum və ayaqqabı işi görmək idi. Lakin sonra Kənan pulu geri qaytara bilmədi. Kənan qeyd etdi ki, o olmadığı halda pulu atası ödəyəcək. Yekun nəticədə Cavabdeh 12200 notariat qaydada, 1000 manat isə əlbəəl borcu vardır; - İş materiallarına əlavə edilmiş “Whatsapp” yazışmaları təsdiq edir ki, Cavabdeh borcunu etiraf edir, hətta iddiaçı dəfələrlə borc pulun qaytarılmasını istəsə də, cavabdeh pulu qaytarmayacağını iddia etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.1. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli Qərarı Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

Məhkəmənin mövqeyi: Məhkəmə, iddiaçının izahatını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində cavabdehə 12200 pul məbləğində borcun verilməsinə istinad etmiş və istinad etdiyi halları faktları təsdiq edən sübutları - Cavabdeh ilə İddiaçı arasında 52 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli borcun etirafı müqavilələrini, bununla yanaşı cavabdehlə aralarında borca dair olan “Whatsapp” yazışmalarını məhkəməyə təqdim etmişdir. “Whatsapp” yazışmaları ilə cavabdehin borc pul aldığı və iddiaçı pulu qaytarmasını istəsə də, heç bir halda qaytarmayacağını bildirməsi öz təsdiqini tapmışdır. Belə ki, tərəflər arasında baş tutmuş danışıqlar onların qarşılıqlı münasibətlərindən irəli gəlmiş və eləcə də tərəflər üçün sirr deyildir. Buna əsasən, iddiaçı və cavabdeh arasında baş tutmuş yazışmalar sübut kimi qiymətləndirilməlidir. Müqavilələr isə notarial qaydada bağlanmış və Cavabdeh iddiaçı X3 12200 manat borcu olduğunu öz imzası ilə etiraf edərək təsdiq etmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 12200 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Həmçinin iddia tələblərindən biri də iddia ərizəsinin tərtib edilməsinə görə çəkilmiş 50 manat əlavə xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsidir ki, bu tələblə bağlı iddiaçı çəkdiyi xərci təsdiq edən sənədi (qəbzi) mülki iş materiallarına əlavə etmişdir. Odur ki, məhkəmə çəkilmiş əlavə xərc olan 50 manatın da Cavabdeh tutularaq İddiaçı ödənilməsi qənaətinə gəlir. Bütün qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 127 (bir yüz iyirmi yeddi) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iddia ərizəsinin tərtib edilməsinə görə çəkilmiş əlavə 50 manat xərc də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bunu iddiaçı xx.xx.2023-cü il tarixli mədaxil qəbzini mülki iş materiallarına əlavə edərək təsdiq etmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 52 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli borcun etirafı müqavilələri ləğv edilsin. İddiaçı ilə Cavabdeh arasında 52 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli borcun etirafı müqaviləsi üzrə 8000 (səkkiz min) manat və xx.xx.2022-ci il tarixli borcun etirafı müqaviləsi üzrə 4200 (dörd min iki yüz) manat, cəmi 12200 (on iki min iki yüz) manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsumunun əvəzi və 50 (əlli) manat iddia ərizəsinin tərtib edilməsinə görə çəkilmiş əlavə xərcin əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar