Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2356/2022 31.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı elektron nəzarət qurğusunun dəyəri olan 2277,40 manat pulun cavabdehdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verilməsi barədə iddia ərizəsi və iddia ərizəsinin həcminin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 66/2021 saylı, 13.04.2021-ci il tarixli hökmü ilə cavabdeh AR CM-nin 179.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın icrasının təmin olunması məqsədilə cavabdehə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuşdur. Cavabdeh elektron nəzarət vasitəsini sındırmışdır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, 27.05.2021-ci il tarixdə böyük icra məmuru Rövşən Ağayev məhkumun özünün iştirakı ilə məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokolla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd elektron qolbaq üçün enerji bankı, bir ədəd siqnal ötürücüsü, bir ədəd enerji toplayıcı cavabdehə təhvil verilmişdir. Məhkum Cavabdeh 04.08.2021-ci il tarixli izahatında mobil qurğunun əlindən düşərək sındığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat idarəsinə mobil qurğunun qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması üçün sorğu edilmiş və həmin vasitənin dəyəri 2277 manat 40 qəpik hesablanmışdır. Cavabdehdən dəymiş ziyan tələb olunmuş, lakin hal-hazırda maddi vəziyətinin yaxşı olmadığı üçün ziyanı hissə-hissə ödəyə biləcəyini bildirmişdir. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməməsinin üzürlü olması barədə məhkəməyə əvvəlcədən məlumat vermədiyindən, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Buna görə də, cavabdehin mülki hüquq pozuntusu törədib-tərətməməsinə, törətdiyi halda onun təqsirli olmasına iş materiallarında olan sübutlarla əlaqəli şəkildə araşdırılaraq qiymət verilməlidir. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin təyin olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə 27.05.2021-ci il tarixdə tərtib edilmiş Protokolla müəyyən edilir ki, cavabdehə tətbiq edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası məqsədilə ona elektron nəzarət qurğusu və ona aid avadanlıqlar təhkim olunmuş, həmin nəzarət avadanlıqlarına xidmət etmək, zədələməmək, onu üzərində saxlamaq, nəzarət avadanlıqlarını zədələdikdə dəymiş maddi zərərin ondan tutulması barədə xəbərdarlıq edilmiş, həmçinin bu barədə cavabdehə yaddaş kitabçası verilmişdir. Protokol icra məmuru Rövşən Ağayev və cavabdeh tərəfindən imzalanmışdır. Həmçinin, iş materiallarında olan cavabdehin 04.08.2021-ci il tarixdə yazdığı izahatından görünür ki, o, elektron nəzarət vasitəsini sındırmağını etiraf etmişdir. Beləliklə, işin şərh edilən hallarından da göründüyü kimi cavabdeh, məhkum olunduğu azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasının təmin edilməsi üçün təhkim edilmiş nəzarət avadanlıqlarının salamatlığına əməl etməyə borclu olduğu halda bunu etməməklə (qanunazidd əməl), ona verilmiş elektron nəzarət qurğusunu itirməsi (təqsirli hərəkət) nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirlinə maddi zərər dəyməsinə səbəb olan (səbəbli əlaqə) mülki hüquq pozuntusu törətmişdir. Dəymiş zərərin həcminə gəldikdə isə, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəisi tərəfindən tərtib edilmiş qiymət cədvəlinə əsasən elektron nəzarət qurğusunun dəyəri 2277,40 manatdır. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus elektron nəzarət qurğusunu zədələməklə ona maddi ziyan vurduğundan, iddia təmin edilməklə dəymiş ziyan cavabdehdən tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bir ədəd elektron nəzarət qurğusunun dəyəri olan 2277,40 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-2356/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2356/2022
31.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver