Məhkəmə qərarları › İş №2(011)-2375/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2375/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2375/2023 22.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – İddiaçı “faiz borcunun silinməsi və kreditin hissə-hissə ödənilməsi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “faiz borcunun silinməsi və kreditin hissə-hissə ödənilməsi ” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, hazırkı iddiaya məhkəmədə baxılmalı olmadığından, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. İddiadan görünür ki, iddiaçı hesablanmış faiz borcunu silinməklə əsas borcu hissə-hissə ayda 50 (əlli) manat ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3805/2022 saylı 23 avqust 2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 4460,52 manat, faiz borcuna görə 673,34 manat, cəmi 5133,86 manat pul məbləğinin İddiaçı alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə (71,33 manat dövlət rüsumunun tutulması hissəsində) təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin tələblərinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Belə ki, “faiz borcunun silinməsi və kreditin hissə-hissə ödənilməsi” barədə tələbə iddia icraatı qaydasında deyil Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3805/2022 saylı 23 avqust 2022-ci il tarixli qətnaməsinin icrası qaydasında həmin işə baxmış hakim tərəfindən baxıla bilər. İddiaçı Cavabdeh ASC-yə qarşı “faiz borcunun silinməsi və kreditin hissə-hissə ödənilməsi” barədə iddia ərizəsi iddia icraatı qaydasında məhkəmədə baxılmalı olmadığından, yolverilməzliyə görə iddianın qəbul edilməsindən imtina edilməlidir. İddiaçıya bu tələblə əlaqədar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3805/2022 saylı 23 avqust 2022-ci il tarixli qətnaməsi üzrə faiz borcunun silinməsi və kreditin hissə-hissə ödənilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh ASC-yə qarşı “faiz borcunun silinməsi və kreditin hissə-hissə ödənilməsi” barədə iddia ərizəsi, iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya bu tələblə əlaqədar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3805/2022 saylı 23 avqust 2022-ci il tarixli qətnaməsi üzrə faiz borcunun silinməsi və kreditin hissə-hissə ödənilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardad və iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya rəsmi qaydada verilsin. İddiaçıya izah olunsun ki, iddianın qəbul etməkdən imtina edilməsi həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə mane olur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar