Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2379/2022 20.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh2 Seydəddin oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Seydəddin oğluna və Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna qarşı kredit müqaviləsinin ləğvi və icra qeydinin ləğv edilərək geri qaytarılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Bakı şəhər 6 saylı notariat ofisində cavabdehlə aralarında bağlanmış xx.xx.2019-cu il tarxli, 3M-2923 №-li kredit müqaviləsinə əsasən 3300 ABŞ dolları, Azərbaycan Respublikası Milli Bankın həmin günə olan məzənnəsinə əsasən 5610 manat məbləğində pul borcunu cavabdehə hissə-hissə olmaqla tam ödədiyi üçün həmin kredit müqavilənin ləğv edilməsi, Bakı şəhər Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X2 xx.xx.2021-ci il tarixdə icraatına daxil olmuş Bakı şəhəri, 6 saylı Notariat Kontoru tərəfindən verilən xx.xx.2019-cü il tarixli, 3M-2923 nömrəli icra sənədinin icraatına xitam verilərək geri qayıtması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı ilə Cavabdeh2 ilə aralarında xx.xx.2019-vu il tarixdə notarial qaydada kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə görə, cavabdeh iddiaçıdan aldığı 3300 ABŞ dolları pulu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən iddiaçıdan 3300 ABŞ dolları pulun tutularaq Cavabdeh2 ödənilməsi barədə icra qeydi aparılmışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, xx.xx.2019-cu il tarxli, 3M-2923 №-li kredit müqaviləsinə əsasən 3300 ABŞ dolları Azərbaycan Respublikası Milli Bankın həmin günə olan məzənnəsinə əsasən 5610 manat məbləğində pulu borc almışdır. Elə həmin gün orada notariat kontoruda 3300 ABŞ dollarından Cavabdeh2 kredit müqaviləsinə ödənilmiş 92 manat rüsum ilə birlikdə 800 ABŞ dollarını ondan 3 aylıq faiz kimi tutaraq ona nəğd olaraq 2500 ABŞ dolları pul vermişdir. Kredit müqaviləsinin 3-cü bəndində isə o pulu faizsiz verildiyi yazılmışdır. Həmin kredit müqaviləsinin 2-ci bəndində borcun xx.xx.2020-ci il tarixə kimi qaytarması nəzərdə tutulub (2500 ABŞ dolan 2 500 * 1.70=4250 manat). Ondan 1275+50=1325 manatı 3 ay əzində bir dəfəyə ödəmişdir. Qalıq 2,925 manatı da tam ödəyərək onun cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi tam yerinə yetirilmişdir. Ona görə də, bu barədə Bakı Şəhər 6 Saylı Notariat Ofisinin Xüsusi X1 ərizə ilə müraciət edərək pul borcunu tam ödədiyi üçün həmin kredit müqaviləsini ləğv edərək Nəsimi İcra Şöbəsinə verilmiş xx.xx.2019-cu il tarxli, 3M-2923 №-li icra sənədini geri götürülməsini xahiş etmişdir. Həmin kredit müqaviləsi üzrə icra qeydinin mövcud olması və hazırda icra edilmədiyi üçün icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə əsas olmuş və onun hüquqlarını məhdudlaşdırır. O, faktiki olaraq borcunu ödədiyi halda əlavə mübahisə yaranmışdır. Ona görə də həmin kredit müqaviləsi üzrə icra qeydinin verilməsi borc ödənildiyinə görə öz hüquqi əhəmiyyətini itirmişdir. İddiaçı, onun vəkili və nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Cavabdeh2 iddia ərizəsinə etiraz edərək bildirdi ki, deyilənlərin hamısı yalandır. O, iddiaçıdan faiz kimi 800 ABŞ dolları məbləğində pul almayıb. Pulu verəndə Rövşən adlı şəxs də orada olub. Pulu iddiaçı alıb, sayıb və götürüb. İddiaçı borcu ona qaytarmayıb. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri kimi hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasını nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu xx.xx.2021-ci il tarixli Qərarında isə göstərir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Odur ki, məhkəmə icraatından irəli gələn vəzifələrinə uyğun olaraq məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış borc müqaviləsinin etibarlı olub-olmamasının müəyyən edilməsi zəruridir. Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, borc müqaviləsi o halda bağlanmış hesab edilir ki, borc verən borc predmeti olan pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürmüş olsun. Tərəflər arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli borc (kredit) müqaviləsinin 1-ci bəndindən görünür ki, cavabdeh (borc verən) 3300 ABŞ dolları (AR Mərkəzi Bankının həmin günə olan mzənnəsinə əsasən 5610 manat) pulu iddiaçıya (borc alana) vermiş, iddiaçı həmin pul vəsaitini qəbul etmiş (bu işin mübahisəsiz halıdır) və konkret müddəti göstərilməklə, pul vəsaitinin qaytarılması barədə öhdəlik də götürmüşdür. Mülki Məcəllənin 740-cı maddəsində də göstərilmişdir ki, borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış borc müqaviləsi qanunla müəyyən edilmiş əsaslarla bağlanmış, müqavilənin formasına əməl edilmiş və müqavilənin şərtləri aydın şəkildə ifadə edilmişdir. İddiaçı iddia ərizəsində bildirir ki, Cavabdeh2 aldığı pulu tam olaraq qaytarmış və öhdəliyini tam icra etmişdir. İddiaçının irəli sürdüyü iddia tələbinin hüquqi tənzimlənməsi Mülki Məcəllənin 529cu maddəsində nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 529-cu maddəsində isə göstərilir ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir (529.1-ci maddə). Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissəhissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir (529.3-cü maddə). Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər (529.6-cı maddə). Göstərilən müddəalardan da görünür ki, öhdəliyin icrasının sübut edilməsi vəzifəsi borc alanın üzərinə düşür. Öhdəliyin icarısnın sübuta yetirilməsinin bir neçə qaydası isə adı çəkilən 529-cu maddədə əks olunmuşdur. Lakin iddiaçı aldığı borcun qaytarılmasını və öhdəliyini icra etməsini təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllə müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1-ci maddə). Bundan başqa, iddiaçı xx.xx.2019-cu il tarixli borc (kredit) müqaviləsinin ləğvini həmin müqavilə üzrə öhdəliyini tam icra etməsi əsası ilə ləğv ediləməsini tələb edir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd edilən müddəada müqavilənin ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı kredit müqaviləsinin ləğv edilməsini öhdəliyini icra etdiyi üçün tələb etsə də, məhkəmə qeyd edir ki, öhdəliyin icra edilməsi müqavilənin ləğvi deyil, xitamı üçün əsasdır. Belə ki, Mülki Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildikdən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-2379/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2379/2022
20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver