Məhkəmə qərarları › İş №2(011)-2393/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2393/2024

05.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2393/2024 05.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh ilə birgə nikah dövründə anadan olmuş 08 iyul 2013-cü il təvəllüdlü X8 və 29 oktyabr 2015-ci il təvəllüdlü X1 üçün bir uşağa görə sabit pul məbləğində 170 (bir yüz yemiş) manat olan alimentin miqdarı bir uşağa 65 (altmış beş) manat, iki uşağa görə isə 130 (bir yüz otuz) manat məbləğində artırılaraq, bir uşağa görə 235 (iki yüz otuz beş) manat, iki uşağın saxlanması üçün isə cəmi 470 (dörd yüz yetmiş) manat alimentin sabit pul məbləğində tutulması, məhkəmə xərclərinə görə çəkdiyim xərcə görə, Bakı 8 saylı Mediyasiya Təşkilatı 51 (əlli bir) manat və 21,40 (iyirmi bir manat qırx qəpik) manat sənəd təsdiqinə görə, Cavabdeh alınaraq, mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbinin dəlilləri: İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 03 noyabr 2011-ci il tarixinə daxil olmuşdur. Bir müddət keçdikdən sonra Cavabdeh nikahın pozulmasına dair Tovuz rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Tovuz rayon məhkəməsi 29 sentyabr 2021-ci il tarixli, 2(062)-1233/2021 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh iddia tələbi təmin edilmiş, 03 noyabr 2011-ci tarixdə Tovuz rayon İHB-nin Əyyublu kənd İƏD üzrə nümayəndəliyində 46 saylı bağlanmış nikah pozulmuş, birgə nikahdan 08 iyul 2013-cü il tarixdə anadan olmuş Aylin və 29 oktyabr 2015-ci il tarixdə anadan olmuş Lalə adlı uşaqlar cavabdeh İddiaçı yanında və himayəsində saxlanması və 12 iyul 2021-ci il tarixdən başlayaraq, Cavabdeh oğlu ilə İddiaçı birgə nikahlarından 08 iyul 2013-cü il tarixdə anadan olmuş Aylin və 29 oktyabr 2015-ci il tarixdə anadan olmuş Lalə adlı uşaqların yetkinlik yaşma çatanadək saxlanmaları üçün iddiaçı Cavabdeh hər ay bir uşaq üçün 140 (bir yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnaməni Tovuz regional «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə almışdır. Məhkəmə qətnaməsindən bir neçə il keçdikdən sonra, iddiaçı alimentin miqdarının artırılması barədə hər uşağa görə 193 manat pulun tutulması barədə, Tovuz rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2023cü il tarixdə, Tovuz rayon Məhkəməsində baxılmış, iddia tələbi qismən təmin edələrək, xx.xx.2023-cü il tarixli, 2(062)-436/2023 saylı qətnaməsinə əsasən, iddia tələbi qismən təmin olunaraq, 08 iyul 2013-cü il tarixdə anadan olmuş Aylin və 29 oktyabr 2015-ci il tarixdə anadan olmuş Lalə adlı uşaqların yetkinlik yaşma çatanadək saxlanmaları üçün Tovuz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-1233/2021 qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin ödənilməsi qət edilmişdir. Xüsusən qeyd etmək istəyir ki, hal-hazırda azyaşlı uşağı iddiaçı ilə qalır və hesab edir ki, bu günkü bahalıqla əlaqədar olaraq, uşağın saxlanması üçün cavabdehdən onun xeyrinə bir uşağa görə sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat aliment çox az olduğundan alimentin artırılmasına dair məhkəmədən əvvəl mediasiya müraciət etmək qərarına gəlmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçı ailə münasibətləri ilə əlaqədar olan mübahisələrə görə, mediasiya şurasına müracət etmişdir. Orada iddiaçının müraciətinə əsasən mediator təyin edildi, mediatora iddiaçı tərəfindən 51 (əlli bir) manat dövlət rüsumu ödənilmiş, 12 yanvar 2024-cü tarixdə, Bakı 8 saylı Mediyasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən arayış verilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, 170 (bir yüz yetmiş) manat uşağın saxlanmasına çatmır, uşağın qeyimləri, qidalanmaqları, 300 manat ev kirayə pulu və fərdi müəllim hazırlıqlarını nəzərə alsaq, yuxarıda qeyd olunan aliment məbləği ilə uşağı saxlamaqda olduqça çətinlik çətinlik çəkir. Hesab edir ki, indiki bahalıqla əlaqədar olaraq, bir uşağın saxlanması üçün 170 manat pul məbləği uşağın yaşayış minimumundan az olduğundan, 65 manat artırılaraq, bir uşağa görə 235 manat alimentin sabit pul məbləğində tutulması, məhkəmə xərclərinə görə, yəni Bakı 8 saylı Mediyasiya Təşkilatı çəkdiyim 51 manat və 21,40 manat isə sənəd təsdiqinə görə, Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçı Cavabdeh ilə məhkəmə iclasında üz-üzə gəlmək istəmir, cavabdehlə məhkəmə çəkişməsində iştrak etmək istəmir, çünki iddiaçı stress keçirdikdən sonra, səhhətində müxtəlif problemlər yaranır. Ona görə istəyir ki, bunları nəzərə alaraq, işə onun iştirakı olmadan baxaraq, iddia tələbimi təmin edilsin. Tərəflərin izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, onun ikinci nikahından da yeni doğulan uşağının olmasını,özünün kirayə mənzildə yaşadığını, həmçinin valideynlərinin xəstə və onun himayəsində olmalarını nəzərə alaraq məhkəmədən hər uşaq üçün 180 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Tovuz Rayon Məhkəməsinin 2(062)-1233/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə Tovuz Rayon İHB Əyyublu kənd İƏD üzrə nümayəndəliyində 46 saylı bağlanmış nikahın pozulması, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2013-cü il tarixdə anadan olmuş Aylin və xx.xx.2015-ci il tarixdə anadan olmuş Lalə adlı uşaqların cavabdeh İddiaçı yanında və himayəsində saxlanılması, xx.xx.2021-ci il tarixindən başlayaraq, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2013-cü il tarixdə anadan olmuş Aylin və xx.xx.2015-ci il tarixdə anadan olmuş Lalə adlı uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddiaçı Cavabdeh saxlanılmaları üçün iddiaçı Cavabdeh hər ay bir uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğində aliment alınaraq cavabdeh İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2013cü ildə anadan olmuş, atası Cavabdeh, anası isə X3r. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2015-ci ildə anadan olmuşdur, atası Cavabdeh, anası isə X3r. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı notariat xidmətlərinin göstərilməsi üçün 21 manat məbləğində pul vəsaitini X5 (6 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariusu) hesabına ödəmişdir. xx.xx.2024-cü il tarixli Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci və 10 manat poçtkargüzarlıq xərci ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü uk tarixli kirayə müqaviləsinin surətindən görünür ki, X12 ilə Qurbanova X2, ev 23 ünvanında yerləşən 15 saylı mənzili aylıq 300 manat məbləğində müəyyən edilməklə 1 il müddətinə İddiaçı kirayə verilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh BOKT “X20 Maliyyə” MMC-də daxili auditor vəzifəsində işləyir, aylıq əmək haqqı 345 manatdır. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X9 xx.xx.2023-cü il tarixində rəsmi nikaha girmiş, nikahdan sonra ərə Qocayev, arvada Arifzadə soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2024-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə Arifzadə Elman qızıdır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı Bakı şəhər üzrə Təhsil İdarəsində müəllim, ümumi təhsil məktəbi/bədən tərbiyəsi vəzifəsində işləyir, əmək haqqı 781.89 manatdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Əhalinin əsas sosialdemoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, Tovuz Rayon Məhkəməsi 2(062)-1233/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat məbləğində aliment tutulması müəyyənləşdirərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm uşağın tələbatları artmışdır. Ona görə də, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağının əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də cavabdehin yüksək olmayan aliment öhdəliyi daşımış olmasını məhkəmə əsas götürərək hesab edir ki, təyin edilmiş alimentin məbləği artırılmalıdır. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Cavabdehin maddi qazancının az olması dəlilinə münasibətdə isə nəzərə alınmalıdır ki, bu hal onu iddiaçı ilə nikahından olan uşağının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Məhkəmə cavabdehin aylıq əmək haqqının 345 manat olduğunu, onun ikinci nikaha daxil olmasını və həmin nikahdan xx.xx.2024-cü il təvəllüdlü uşağının olmasını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli və uşaqların saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər bir uşaq üçün 193 manat müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə iddianın sənədin təsdiqi üçün ödənilmiş 21 manatın cavabdehdən tutulması hissəsinə münasibət olaraq bildirir ki, iddia ərizəsi verilərkən ona əlavə edilən sənədlərin notarial qaydada təsdiqi imperativ norma deyildir. Buna görə də iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin artırılan hissəsi 1272 manat (106 x 12=1272) təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 30 manat təşkil edir. Odur ki, iddiaçı aliment ilə bağlı hissədə dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 32.72 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-1233/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. 08 iyul 2013-cü il təvəllüdlü X8 və 29 oktyabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hazırki qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay, hər uşaq üçün 193 (yüz doxsan üç) manat, olmaqla cəmi 386 (üç yüz səksən altı) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 32.72 (otuz iki manat yetmiş iki) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar