Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2394/2021 12.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı1, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “maddi zərər tələbinə dair” mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu maddi zərərə görə 1600 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 12.04.2021-ci il tarixli məhkəmə iclasında İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Cavabdeh tərəfindən onlara vurulmuş maddi zərərə görə cavabdehdən 1600 manat pul alınaraq həmin pulun 2/5 hissəsinin İddiaçı1, 1/5 hissəsinin X1, 1/5 hissəsinin X2 ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ********** qeydiyyat nömrəli, 19.11.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyeystrindən Çıxarış əsasında mülkiyyətlərində Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində 0,2630 ha həyətyanı torpaq sahəsi vardır, Bakı şəhərində pasport qeydiyyatında olmaqla, orada yaşayan Cavabdeh həyat yoldaşı və oğlu ilə birlikdə onlara məxsus olan həyətyanı torpaq sahəsindəki 78 ədəd xirnik, 3 adəd qoz və 1 ədəd alma ağaclarının məhsulunu etirazlarına rəğmən özbaşına yığmışdır, xirnik ağaclarının məhsulunu yığarkən, tərəfindən 102 qaynar xətt xidmətinə müraciət edilmiş, lakin 2019-cu ildə olduğu kimi, 2020-ci ildə də polis əməkdaşları tərəfindən məhsilun talanmasına göz yumulması və şərait yaradılması səbəbindən xirnik məhsulu cavabdeh tərəfindən yığılaraq götürülmüş və onlara xeyli miqdarda zərər vurulmuşdur, Bakı şəhər sakini Cavabdeh 19.11.2020-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən onlara məxsus olan həyətyanı torpaq sahəsinə qanunsuz müdaxilə edərək torpaq üzərində istifadə, sərəncam və mülkiyyət hüquqlarının pozmuşdur, 2020-ci ilin noyabr ayında o, bağlarında olan 78 xurma ağacdan 200 yeşik xurma sataraq 1600 manat qazanc əldə etmişdir. Sonda İddiaçı1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçılar İddiaçı1 onun qardaşı, İddiaçı2 və İddiaçı3 isə Fəxrəddinin oğullarıdır, onlar ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Seyfəli kəndində yaşayırlar, yaşadıqları ev onların atası tərəfindən tikilmişdir, atası 1985-ci ildə vəfat etmişdir, atası vəfat etdikdən sonra atasından miras qalmış mülkdə yaşamaqla təsərrüfat idarə etmişdir, Fəxrəddin ailəsi ilə birlikdə 1994-cü ildə ata yurdundan çıxaraq Rusiya Federasiyasına getmişdir, 2006-cı ildə isə yenidən ata yurduna qayıtmışdır, onun özü 2006-cı ildə işi ilə əlaqədar bir müddət ailəsi ilə birlikdə evdə olmamışdır, 2008-ci ildə tərəflər arasında mübahisə baş verdiyinə görə yaşadıqları mülki iki hissəyə bölmüşlər və hazırkı vaxta kimi həmin qaydada istifadə edirlər, qeyd olunan 78 ədəd xurma ağacını o özü əkmişdir, daim onlara qulluq etmişdir, bu səbəbdən onun barını da öz məhsulu hesab edir, ağacların olduğu həmin torpaqyanı sahə şəhadətnamə əsasında iddiaçıya məxsusdir, ağacların barını öz məhsulu bildiyi üçün onları dərib satmış, iddia tələbində qeyd olunmuş məbləğ hədsiz şişirdilmiş məbləğdir, 78 ədəd ağacdan əldə olunan məhsul 60-70 yeşik təşkil edir və 1 yeşik xurmanın qiyməti 6,50 manatdır, belə olan halda iddia tələbi 1600 manat təşkil edə bilməz, bu səbəbdən iddia tələbi rədd edilməlidir, həmçinin Şəmkir rayon Məhkəməsinin 2(076)-124/2019 saylı 13.12.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1 oğlu və X5 46579,40 manat alınıb ona ödənilməsi qət edilmişdir, həmin qətnamə qanuni qüvvəsini almasına baxmayaraq bu vaxta kimi icra edilməmiş həmin pul məbləği ona ödənilməmişdir, həmin məbləğ ona ödənildiyi halda o, həmin torpaq sahəsindən çıxaraq oranı boşaldacaqdır. Sonda Cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, digər iddiaçılar İddiaçı2 və İddiaçı3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə mülki işə gəlməyən iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, 12.04.2021-ci il tarixli məhkəmə iclasında 01.05.1963-cü il təvəllüdlü X8 şahid qismində ifadə verərək bildirmişdir ki, o, iddiaçı və cavabdehin bacısıdır, mübahisəli torpaq sahəsi Fəxrəddinə məxsusdur, Fəxrəddin ona zəng edərək Zaməddin tərəfindən xurma ağaclarının məhsulunun icazəsiz ylğıldığını, Zaməddin tərəfindən döyüldüyünü bildirmişdir. Sonda T.Mövsümova qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Şəmkir rayon İH başçısının Yuxarı Seyfəli kəndi İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin 14.01.2021-ci il tarixli 31 saylı arayışından görünür ki, İddiaçı1 Şəmkir rayonunun Yuxarı Seyfəli kənd İƏD-də daimi qeydiyyatda olmaqla həmin kənddə yaşayır və X17, X3 və İddiaçı2 ibarət ailə üzvləri vardır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 19.11.2020-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 57 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin çıxarışda ümumi sahəsi 149.9 kv.m olan fərdi yaşayış evinin və sahəsi 0.2630 ha olan həyətyanı torpaq sahəsininin hüquqi sahibləri aşağıdakı kimi müəyyən edilmişdir: X16, torpaq sahəsi – 1/5 hissə, İddiaçı3, torpaq sahəsi – 1/5 hissə, İddiaçı2, torpaq sahəsi – 1/5 hissə, İddiaçı1, ev tam, torpaq sahəsi – 2/5 hissə. İş materiallarında olan Şəmkir RPŞ-nin İddiaçı1 ünvanlanan 03.12.2020-ci il tarixli 190-30662M saylı məktubundan görünür ki, ərizəçinin DİN-nin 102 xidmətinə etdiyi müraciət tərəflərindən araşdırılmış, göstərilən xüsusatların mülki xarakterli olması səbəbindən ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. İş materiallarında olan Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru E.Məmmədovun 30.10.2019-cu il tarixli və Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru T.Gözəlovun 26.11.2019-cu il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarlarının surətindən görünür ki, tərəflər arasında yaranmış mübahisə mülki xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etmələri və göstərilənlərə əsasən faktda cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan 02.12.2008-ci il tarixli aktın surətindən görünür ki, Yuxarı Seyfəli kəndində yerləşən X12 məxsus ev onun oğulları İddiaçı1 və Cavabdeh arasında bölünmüş, sonuncuya evin ikinci mərtəbəsinin sağ otağı aynabəndlə birlikdə, naves, rəmədə yerləşən navesin arxa tərəfi olan torpaq sahəsi və aşağıda yerləşən 0,18 ha olan torpaq əkin sahəsi verilmiş, yerdə qalan mülk isə İddiaçı1 verilmişdir. İş materiallarında olan Şəmkir rayon Məhkəməsinin 2(076)-3386/2018 saylı 12.10.2018-ci il tarixli qətnaməsindən görünür ki, JN-456F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də qeyd olunmuş Şəmkir rayonu, Yuxarı Seyfəli kəndi ərazisində yerləşən 0,28 ha torpaq sahəsi və orada inşa edilmiş fərdi yaşayış evi üzərində iddiaçı X9 mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 11 saylı Şəmkir ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi fəaliyyətə Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(104)-812/2019 saylı 06.02.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3386/2018 saylı 12.10.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)-5108/2019 saylı 17.07.2019-cu il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(104)-812/2019 saylı 06.02.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5660/2019 saylı 28.06.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X10 Cavabdeh qarşı – cavabdehdən maddi zərərə görə 30000 manatın, 6000 ABŞ dolları borcunun və dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun alınaraq ona verilməsi barədə iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)- 12028/2019 saylı 20.09.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5660/2019 saylı 28.06.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)-1441/2020 saylı 04.03.2020-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-12028/2019 saylı 20.09.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Şəmkir rayon Məhkəməsinin 2(076)-124/2019 saylı 13.12.2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı1 və X6 46579,40 manat pul və 15 manat dövlət rüsumu alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(104)-1805/2020 saylı 27.11.2020-ci il tarixli qətnaməsindən görünür ki, Şəmkir rayon Məhkəməsinin 2(076)-124/2019 saylı 13.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Şəmkir rayon Məhkəməsinin 2(076)-578/2021 saylı 04.03.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər X13, İddiaçı1, İddiaçı3, İddiaçı2 və X11 qarşı cavabdehlərdən 5500 manat pulun və məhkəməyə ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-832/2021 saylı 11.02.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X10, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı cavabdehdən maddi zərərə görə 700 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb onlara ödənilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər qohumluq münasibətindədirlər, DƏDRX tərəfindən verilmiş 19.11.2020-ci il tarixli çıxarış əsasında Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adınadır, sahəsi 0.2630 ha olan həyətyanı torpaq sahəsi 1/5 hissədə X11, 1/5 hissədə İddiaçı3, 1/5 hissədə İddiaçı2, 2/5 hissədə İddiaçı1 məxsusdur, iddiaçılara məxsus torpaq sahəsi Cavabdeh faktiki istifadəsindədir, cavabdeh həmin həyətyanı torpaq sahəsindəki 78 ədəd ağacın məhsulunu sataraq qazanc əldə etmişdir, iddia tələbi cavabdeh tərəfindən qismən etiraf edilir. Bununla belə, cavabdehin həmin torpaq sahəsində olan ağacların bəhərindən istifadə hüququna əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, cavabdehin hüquqa zidd əməli iddiaçılara məxsus məhsulun onların razılığı olmadan satılması ilə iddiaçılara dəymiş ziyanla əlaqədar olduğundan iddiaçıların bununla əlaqədar əldə edə bilmədiyi gəlirlər əldən çıxmış fayda kimi nəzərə alınmalıdır. Məhkəmə, əldən çıxmış fayda kimi dəymiş zərər məbləğinə münasibətdə qeyd edir ki, bu məbləğin miqdarının müəyyən olunması məhsulun satış qiymətindən asılı olaraq qiymətləndirilməlidir. İddia tələbi iddiaçı tərəfindən 1600 manat həddində göstərilsə də, buna dair sübutları məhkəməyə təqdim edə bilməmişdir, cavabdeh tərəfindən iddia qismən etiraf edildiyindən, dəymiş zərərin həddi cavabdehin etiraf etdiyi məbləğə uyğun müəyyən edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabadehin təqsirkar əməli nəticəsində iddiaçıya 455 manat məbləğində maddi zərər dəymişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən, bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara da şamil edilir. Həmin Məcəllənin 135.12-ci maddəsinə əsasən, əşyanın verdiyi gəlir, artım və (və ya) üstünlük əşyanın bəhəridir. Ayrılanadək bəhər əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi kimdirsə, əşyanın təbii bəhəri də onun mülkiyyətindədir. Həmin Məcəllənin 238.2-ci maddəsinə əsasən, əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Həmin Məcəllənin 238.3-cü maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, 3sassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh dəymiş maddi zərərin əvəzi kimi 455 manat alınaraq paylara uyğun olaraq iddiaçılara ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə uyğun olaraq cavabdehə aid edilməli, İddiaçı1 tərəfindən bu məqsədlə ödənilmiş 30 manatdan 20 manat cavabdehə, 10 manat isə İddiaçı1 aid edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin tələbinə görə, iddia qiyməti 500 manatdan az olduqda, 20 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərin əvəzi kimi 455 (dörd yüz əlli beş) manat pul məbləği alınaraq, 1/5 hissədə İddiaçı3, 1/5 hissədə İddiaçı2, 2/5 hissədə İddiaçı1 ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat Cavabdeh alınaraq İddiaçı1 ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2394/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2394/2021
12.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver