Məhkəmə qərarları › İş №2(011)-24/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-24/2022

06.10.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-24/2022 06.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı sahiblik və istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. 29 noyabr 2007-ci il tarixdə cavabdeh "xxxx" MMC ilə X2 arasında müqavilə bağlanmış, müqaviləyə əsasən "xxxx" MMC ünvan 1 ünvanda tikilməkdə olan yaşayış binasının 3-cü (4-cü) korpus, 3-cü (5-ci) giriş, 1-ci mərtəbəsində yerləşən sahəsi 497,5 kv.metr olan qeyri-yaşayış sahəsini tikib Hikmət Zərgərova təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti 497.500 manat müəyyən edilməklə, eyni tarixli kassa mədaxil orderinə əsasən Hikmət Zərgərov tərəfindən "xxxx" MMC-yə tam məbləğdə ödənilmişdir (Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı).

2. Daha sonra, iddiaçının sifarişi ilə onunla cavabdeh "xxxx" MMC arasında xx.xx.2008-ci il tarixli Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" MMC ünvan 2 ünvanında tikilməkdə olan yaşayış binasının 3-cü korpus, 3-cü giriş, 1-ci mərtəbəsində yerləşən, sahəsi 497,5 kv.m olan qeyri-yaşayış (bundan sonra – Qeyri-yaşayış sahəsi) sahəsinin tikintisi barədə öhdəlik götürmüşdür. Qeyri-yaşayış sahəsinin dəyəri müqavilə ilə 536802,5 manat müəyyən edilmiş və "xxxx" MMC-nin möhürü və direktorunun imzası ilə təsdiq edilmiş maliyyə arayışına əsasən tam şəkildə ödənilmişdir.

3. xx.xx.2015-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh2 arasında sonuncunun sifarişi ilə Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə bağlanmış, müqaviləyə görə "xxxx" MMC Qeyri-yaşayış sahəsinin tikintisi barədə öhdəlik götürmüş, müqavilənin qiyməti 497000 manat müəyyən edilməklə, xx.xx.2015-ci il tarixdə verilmiş ********** nömrəli mədaxil qəbzi və maliyyə arayışına əsasən tam şəkildə Cavabdeh2 tərəfindən ödənilmişdir.

4. 15.11.2015-ci il tarixdə isə iddiaçı AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Qeyri-yaşayış sahəsini cavabdeh (hansı iş üzrə cavabdeh olması məlum deyil) X1 xeyrinə imtina etməsi və onun adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir.

5. Həmçinin, xx.xx.2015-ci il tarixdə Hikmət Zərgərov "xxxx" MMC-yə ərizə yazaraq Qeyri-yaşayış sahəsini satdığını və onun Cavabdeh2 adına sənədləşdirilməsini xahiş etmişdir.

6. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri:

7. İddiaçı ona məxsus ünvan 3 ünvanında yaşayış binasının 3-cü korpus, 3-cü giriş, 1-ci mərtəbəsində yerləşən, sahəsi 497,5 kv.m olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadəyə, onun tərəfindən təmir işlərinin aparılmasına yaradılmış maneələrin aradan qaldırılması və bu manelərin yaradılmasının cavabdehlərə qadağan edilməsi, ona məxsus qeyri-yaşayış sahəsinin sxeminin təqdim olunması vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə tikintisi başa çatdıqdan sonra həmin binanın “D” blokunun 8-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 90.5 kv.m olan 15 saylı, 9-cu mərətəbəsində yerləşən, ümumi sahəsi 98.5 kv.m olan 16 saylı yaşayış sahəsinin ona verilməsi, yaxud vurulmuş zərərin "xxxx" MTK tərəfindən tam ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. İddiaçının nümayəndəsi və vəkili daha sonra, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında, binanın A1 blokunun 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 123,4 kv.m təşkil edən və Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında, binanın A1 blokunun 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 123,4 kv.m mənzillərə bərabər yaşayış sahəsinin (mənzillərin) "xxxx" MMC-dən alınaraq zərərin əvəzi kimi ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.2008-ci il tarixdə “Fateh-N" MMC ilə müqavilə bağlayaraq, Qqeyri-yaşayış sahəsini almışdır. Qeyri-yaşayış sahəsinin dəyərini tam ödənilməsinə dair “Fateh-N" MMC tərəfindən ona maliyyə arayışı verilmişdir. Lakin yaşayış binası 2011-ci ildə tam olaraq istifadəyə verilməsinə baxmayaraq cavabdeh Qeyri-yaşayış sahəsini ona təhvil vermədiyindən, Fateh-N' MMC-yə qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2014-cu il tarixli 2(011)-1483/2014 saylı qətnaməsi ilə iddia tələbim təmin olunaraq, qətnamə qanuni qüvvəsinin aldıqdan sonra, icra sənədi xx.xx.2019-cu il tarixdə icra edilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. 2019-cu ilin noyabr ayında həmin qeyri-yaşayış sahəsində təmir işlərinə başlamaq istədiyi zaman ona məlum olmayan səbəblərdən "xxxx" MMC-nin işçiləri təmir işlərinin aparılmasını dayandırılmasını tələb edərək və bunun "xxxx" MMC-nin rəhbərliyinin göstərişi olduğunu bildirərək, hazıradək təmir işlərinin aparılmasına şərait yaratması barədə müraciət edəndə, həmin qeyri-yaşayış sahəsinin Nadir adlı bır şəxsə verildiyini bildirdilər.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

11. Cavabdehlərin nümayəndələri etirazlarını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

12. Məhkəmə iclasında verilən izahatlar:

13. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir.

14. Cavabdeh2 vəkili ərizə ilə məhkəməyə müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasında edə bilməsiklərini, işə onların iştirakı ilə baxılaraq iddianın rədd edilməsini xahiş etmişdir.

15. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

16. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

22. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.

23. İş materialları ilə müəyyən edilir ki, iddiaçının "xxxx" MMC-yə qarşı ünvan 1 ünvanda yerləşən yaşayış binasının 3- cü korpus, 3-cü giriş, 1-ci mərtəbədə yerləşən, sahəsi 497,5 kv.metr qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin sonuncuya həvalə edilməsi barədə iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir.

24. Həmçinin, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 iddiaçıya qarşı, Qeyri-yaşayış sahəsinə dair iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, iddiaçının Cavabdeh2 və digərlərinə qarşı Qeyri-yaşayış sahəsinə dair Cavabdeh2la "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.

25. Bundan sonra, Cavabdeh2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli qətnaməsindən, iddiaçının isə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında bir icraatda birləşdirilmiş və həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 aprel 2014-cü il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə, Qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi vəzifəsinin "xxxx" MMC həvalə edilməsi barədə iddiası rədd edilmişdir.

26. Göstərilən qərarlar üzrə işə baxan apelyasiya və kassasiya instansiyası məhkəmələri gəldikləri nəticələ ondan ibarət ibarət olmuşdur ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair ilkin olaraq 29 noyabr 2007-ci il tarixdə "xxxx" MMC ilə Hikmət Zərgərov arasında müqavilə bağlanıb. Bundan sonra, "xxxx" MMC həmin sahəyə dair 07 aprel 2008-ci il tarixdə İddiaçılə də müqavilə bağlamışdır. Lakin, "xxxx" MMC tərəfindən təqdim edilmiş arayışlarda sözügedən qeyri-yaşayış sahəsinə dair ilkin olaraq və yalnız Hikmət Zərgərovla müqavilə bağlandığını göstərib İddiaçı iddia tələblərinə etiraz edir və göstərir ki, sözügedən ünvanda yerləşən binanın birinci mərtəbəsində qeyri-yaşayış sahəsinin satıldığı şəxslərin siyahısında yalnız Hikmət Zərgərovun adı vardır və həmin siyahıdı İddiaçı adı yoxdur. İddiaçı isə mübahisəli qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu bildirsə də, onun həmin sahənin hüquqi müqəddəratının müəyyən olunmasına yönəlmiş bəzi iradə ifadələri bu qənaətə gəlməyə imkan vermir. Belə ki, işdən görünür ki, Xətai Rayon Məhkəməsinin 17 aprel 2014-cü il tarixli qətnaməsi ilə sözügedən qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyi "xxxx" MMC üzərinə qoyulub və qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlib. Bundan sonra, İddiaçı 15 noyabr 2015-ci il tarixdə ərizə ilə Reyestr Xitdmətinə müraciət edərək, adına olan sözügedən qeyri-yaşayış sahəsindən Hikmət Zərgərovun xeyrinə imtina edir və onun adına özəlləşdirilməsinə etiraz etmir. Eyni zamanda bildirir ki, gələcəkdə bununla bağlı hər hansı maddi iradı və tələbi olmayacaqdır. Daha sonra, Xətai rayon İcra Şöbəsinə ünvanladığı 15 dekabr 2015-ci il tarixli ərizəsində İddiaçı Xətai Rayon məhkəməsinin 17 aprel 2014-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə olan tələbindən imtina etdiyini bildirir. Göründüyü kimi, İddiaçı, qeyriyaşayış sahəsinin ona təhvil verilməsi barədə məhkəmə qətnaməsinin icrası mərhələsində tələbindən imtina etməklə və həmin sahənin H.Zərgərovun adına sənədləşdirilməsinə razılıq verməklə, həmin sahəyə dair onunla "xxxx" MMC arasında bağlanmış müqavilənin etibarlılığını şübhə altına almışdır.

27. İşə baxan Məhkəmələr qeyd edilən əsaslar üzrə iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış müqavilənin etibarız hesab edilməsi, hazırkı mübahisə üzrə cavabdehlər arasında bağlanılmış müqavilənin etibarlı əqd olması qənaətinə gəlmişlər.

28. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cavabdehlərə qarşı Qeyri-yaşayış sahəsinə sahiblik və istifadəyə yaradılmış maneələrin aradan qaldırılması barədə iddiasında irəli sürlümüş tələbin hüquqi əsası ilə Cavabdeh2 iddiaçıya qarşı və iddiaçının Cavabdeh2 və digərlərinə qarşı qarşı müqavilənin etibarsız hesab edilməsi barədə bir-birlərinə qarşı irəli sürdükləri iddiaların hüquqi əsasları eyni olduğundan, sonuncu iddialara məhkəmədə baxılarkən tərəflərin mübahisəli Qeyri-yaşayış sahəsinə dair hüquqları ilə bağlı faktlar araşdırıldığından və onlara hüquqi qiymət verilərək iddiaçının mübahisəli əmlaka dair bağladığı xx.xx.2007-ci il tarixli müqavilə etibarsız hesab edildiyindən, hazırkı mübahisə üzrə iddiaçının iddia tələbində irəli sürdüyü dəlillərin yenidən araşdırılması zərurəti aradan qalxmış olur (§ 21). Bundan başqa, Mülki Məcəllənin 157.2-ci maddəsinin mənasından da göründüyü kimi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün üç dispozitiv şərtin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. Həmçinin, qanunun mənasından o da bəlli olur ki, cavabdeh tərəfindən etiraf edilmədiyi halda, hər üç dispozitiv şərtin sübut edilməsi yükü iddiaçının üzərinə düşür.

29. Məhkəmə qeyd edir ki, yuxarıda da şərh edildiyi kimi, iddiaçının mübahisəli Qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC ilə bağladığı xx.xx.2007-ci il tarixli müqavilə məhkəmə tərəfində etibarsız hesab edilmiş və bununla bağlı çıxarılmış məhkəmə qətnamələri qanuni qüvvəsini almışdır. Hazırda iddiaçının həmin Qeyri-yaşayış sahəsinə dair hər hansı bir hüquqi mövcud deyil. Göründüyü kimi, iddiaçnın iddiasının əsaslılığına dəlalət edən birinci dispozitiv şərt artıq mövcud deyil.

30. Məhkəmə hesab edir ki, birinci dispozitiv şərtin mövcud olmaması, prosessual qənaət prinsipi baxımından, digərlərinin araşdırılaraq hüquqi qiymət verilməsi zəruriliyini aradan qaldırmış olur.

31. Beləliklə, şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar