Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2401/2023 13.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizənin dəlilləri: Ərizəçi “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 17 sentyabr 1992-ci il təvəllüdlü övladı X3 2018-ci ilin mart ayından etibarən xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin 17 sentyabr 1992-ci il təvəllüdlü övladı X8 2012-ci il tarixdə Suriyaya getmişdir. Övladı ilə ilk vaxtlar əlaqə saxlaya bilsə də, artıq uzun müddətdir ki, əlaqələri yoxdur. Ərizəçi dəfələrlə yaxın qohumlarının köməyi ilə övladını axtarmağa çalışsa da tapa bilməmişdir. Ümumiyyətlə onun barəsində heç bir məlumat əldə edə bilməmişdir. Bundan başqa, X3 övladları dövlətimizin dəstəyi ilə ölkəyə gətirilmiş və ərizəçinin digər oğlu Nümayəndə Xətai Rayon İcra Hakimiyyətinin 05 noyabr 2021-ci il tarixli, 366 saylı sərəncamı əsasında 20 sentyabr 2015-ci il təvəllüdlü X2 və 30 mart 2017-ci il təvəllüdlü X1 qəyyumu təyin olunmuşdur. Ərizəçinin övladı barədə heç bir məlumatı olmasa da bugünədək onun xəbərsiz itkin düşməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Lakin daşınmaz əmlakın dövlət qeydiyyatına alınması ilə üçün ərizəçiyə verilmiş orderdə olan şəxslərin siyahısında oğlu X3 razılığı tələb olunduğundan həmin rəsmiləşdirmə işlərini apara bilmir. Sonuncu dəfə Əli Məlikov ilə qardaşı Nümayəndə 2018-ci ilin fevral ayında telefon əlaqəsi yaradaraq atasının rəhmətə getməsini bildirmişdir. Daha sonra 2018-ci ilin mart ayında oğlu Nümayəndə Suriyadan zəng gələrək qardaşı X6 vəfat etməsini bildirmişdir. Bundan sonra oğlundan heç bir xəbər alınmamışdır. Həmçinin, ərizəçi oğluna dair ölüm haqqında şəhadətnamənin verilməsi üçün 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmiş, ərizənin təmin edilməsinin mümkün olmaması bildirilərək bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Hal-hazırda rəsmiləşdirmə prosesinin aparılmasında oğlunun iştirakı mümkünsüz olduğundan o, məhkəmə qaydasında xəbərsiz itkin düşmüş hesab edilməlidir. Daha sonra ərizəçinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, hazırkı mülki iş üzrə maraqlı şəxs qismində 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin Bakı şəhəri Maraqlı şəxs ilə əvəz edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşin faktiki halları: İş materiallarında olan: • 6 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsinin 20 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi ölümün qeydiyyata alınması barədə ərizəsi ölümü təsdiq edən sənədin olmaması səbəbindən qeydiyyat şöbəsi tərəfindən təmin edilməmiş və ərizəçiyə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur; • Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş sərəncamdan çıxarışdan görünür ki, Nümayəndə X3 İraq Respublikasından Azərbaycan Respublikasına gətirilmiş övladları 20 sentyabr 2015-ci il təvəllüdlü X2 və 30 mart 2017-ci il təvəllüdlü X1 qəyyumu təyin olunmuşdur; • Bakı şəhəri Xətai rayon Polis İdarəsi 35-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə barədə qərarın surətindən görünür ki, Nümayəndə polis bölməsinə müraciət edərək 2018-ci ildə qardaşı Əlinin qaynatasının Suriyadan ona zəng edərək Əlinin vəfat etdiyini və orada dəfn olunduğunu bildirmiş, aprılan araşdırma zamanı məlum olmuşdur ki, 17 sentyabr 1992-ci il təvəllüdlü X8 2012-ci ilin mart ayının 7-si ölkə hüdudlarını tərk edərək Türkiyə Respublikasına getmiş və bir daha ölkəyə qayıtmamışdır; • Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, Ərizəçi 2012-ci il tarixdən hazırkı vaxta qədər hər hansı axtarışın elan olunması barədə heç bir müraciəti yoxdur; • Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, valideynləri 04 oktyabr 1950ci il təvəllüdlü X4 ilə 21 aprel 1951-ci il təvəllüdlü Ərizəçi olan 17 sentyabr 1992-ci il təvəllüdlü X3 doğumu 24 sentyabr 1992-ci il tarixdə Maraqlı şəxs tərəfindən qeydə alınmışdır. Həmçinin, valideynləri 17 sentyabr 1992-ci il təvəllüdlü X8 ilə 24 yanvar 2001-ci il təvəllüdlü Fidan Hacıyeva olan 20 sentyabr 2015-ci il təvəllüdlü X2 və 30 mart 2017-ci il təvəllüdlü X1 doğumu 07 oktyabr 2022-ci il tarixdə Maraqlı şəxsndə qeydə alınmışdır; • verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı tərəfindən ünvanlanmış məktubdan görünür ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “pensiya” və “sosial ödənişlər” altsistemlərinə əsasən X5 hər hansı növ pensiya və ya müavinət ödənilməsi barədə məlumat aşkar edilməmişdir; • Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrfütaı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, 17 sentyabr 1992-ci il təvəllüdlü X3 trestin balansında olan qəbiristanlıqlarda, o cümlədən qəbiristanlığın “kimsəsizlər” sektorunda dəfn olunub-olunmaması barədə heç bir məlumat tapılmamışdır; • Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyi PHŞ tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, 17 sentyabr 1992-ci il təvəllüdlü X8 xx.xx.2012-ci ildən hazıradək Birliyin Bakı şəhərinin rayon, Sumqayıt şəhər və Abşeron rayon şöbələrində meyitlərin qeydiyyat kitabından keçməmişlər; • Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki,”Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində X3 iştirakı ilə aparılan hər hansı notariat hərəkəti aşkar edilməmişdir; • Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, X8 21 iyun 2013-cü il tarixdə ölkədən çıxmışdır; • Dövlət Təhlükəsizlik Xidməti tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, 17 sentyabr 1992-ci il təvəllüdlü X8 vəhhabi təriqətinə etiqad edən şəxs kimi məlumdur. O, terrorçu qruplaşmaların tərkibinə qoşulmaq üçün 21 iyun 2013-cü il tarixdə ölkə ərazisini Gürcüstan Respublikası istiqamətində tərk etmiş, daha sonra Türkiyə ərazisindən keçərək Suriyaya səfər etmişdir. Həmin şəxsin hazırda olduğu yer və fəaliyyəti barədə xidmətə hər hansı məlumat daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 40.1-ci maddəsinə əsasən, əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 305.1.2-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 313-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. 316-cı maddəsinə əsasən, xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanun: 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı ərizəçinin nümayəndəsinin verdiyi izahat əsasında müəyyən edilmişdir ki, ərizəçinin X8 ilə ilk vaxtlar əlaqələri olsa da sonradan əlaqə kəsildiyindən və heç bir məlumat ala bilmədiyindən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40-cı maddəsi özündə iki əsas tərkib ünsürünü ehtiva edir. Belə ki, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi ilə bağlı normanın tərkib ünsürlərinə “fiziki şəxsin olduğu yerin məlum olmaması” və “iki il ərzində şəxsin yaşayış yerində görünməməsi” daxildir. Hazırkı iş üzrə məhkəmə iclasında verilmiş izahatlarla müəyyən olunur ki, Məlikov Əli sonuncu dəfə ailəsi ilə 2018-ci ilin fevral ayında əlaqə saxlamışdır. 2018-ci ilin martında onun ailə üzvlərinə onun ölməsi ilə bağlı qeyrirəsmi məlumat verilmişdir. Həmin tarixdən sonra onunla bağlı hər hansı məlumat mövcud deyildir. Eyni zamanda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən təqdim olunmuş məlumatlara əsasən müəyyən olunur ki, X8 21 iyun 2013-cü il tarixdə ölkə ərazisini Gürcüstan Respublikası istiqamətində tərk etmişdir. Beləliklə, hazırkı işin halları Mülki Məcəllənin 40-cı maddəsinin dispozitiv şərtləri ilə eynilik təşkil etdiyindən ərizə təmin edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi Nümayəndə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 17 sentyabr 1992-ci il təvəllüdlü X8 2018-ci ilin mart ayından etibarən xəbərsiz itkin düşmüş hesab edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2401/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2401/2023
13.06.2023 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver