Məhkəmə qərarları › İş №2(011)-2419/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2419/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2419/2025 22.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsı və iddianın dəqiqləşdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək, Cavabdeh ona verilmiş 10543,8 manat məbləğində pul vəsaitinin, lombarda qoyulmuş “Asus” markalı komputerə görə ödənilmiş cərimə və aylıq ödənişlər olaraq 490 manat pul vəsaitinin, “Dell” markalı komputerin satılmasına görə vurulmuş maddi ziyanın dəyəri olan 5000 manat pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsinə, həmçinin, 1200 ABŞ dolları (2040 manat nisbətində) briliyant sırğasını və 2000 manat dəyərində olan misir qızılının cavabdehdən alınaraq iddiaçıya verilməsinə, həmin qızıl-zinət əşyaları olmadıqda onların dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2024-cü ilin avqust ayının əvəvlərində tanış olublar, dostluq münasibətləri yaranıb, cavabdeh onda özünə qarşı inam və etibar yaratmış, lakin, çox keçmədən aralarında yaranmış dostluq münasibətlərindən sui- istifadə edən cavabdeh problemləri yarandığını, işə düşdüyünü, polis tərəfindən çağırıldığını və sair kimi “ciddi” səbəblər gətirərək iddiaçıdan ona pul verməsini xahiş etmişdir. O da yeni dostuna müxtəlif məbləğlərdə pullar verərək cavabdehin uydurduğu hadisələrdən, problemlərdən çıxa bilməsi üçün maddi kömklik etmişdir ki, çətinlikdən çıxsın və onun pullarını qaytarsın.Beləliklə, iddiaçı cavabdehə 2024-cü ilin avqust ayının sonlarından 2024-cü ilin oktyabr ayının sonlarına kimi 8.418,8 manat qəbz üzrə pul göndərmiş, 500 manat isə anasına xahiş edərək onun vasitəsilə əlbəəl vermişdir, ümumilikdə iddiaçı cavabdehə 8.918,8 manat pul vermişdir. Bandan başqa, iddiaçı cavabdehin xahişi ilə 3.000 manat dəyəri olan kompüterini lombarda qoymuş cavabdeh lombarddan pul götürmüşdür.Sonra, iddiaçı iş yoldaşı Rəhim Fərhadovun 5.000 manat dəyərində komputerini lombarda qoymuş, cavabdeh lombarddan pul götürmüşdür. Daha sonra, iddiaçı özünə məxsus 1.200 ABŞ dolları (2.040 manat nisbətində) dəyərində briliyant sırğasını və 2.000 manat dəyərində olan misir qızılını cavabdehin xahişi ilə lombarda qoymuş, cavabdeh lombarddan pul götürmüşdür.Ümimilikdə, cavabdehin xahişi ilə iddiaçı ona 8.418,8 (8.418,8+500) manat nəğd pul vermiş, 3.000 manat dəyərində özünə məxsus, 5.000 manat dəyərində tanışına məxsus kompüterləri, 1.200 ABŞ dolları (2.040 manat) dəyərində brilyant sığasını və 2.000 manat dəyərində misir qızılını lombarda qoymuş, cavabdeh pul götürmüşdür. Lakin, cavabdeh iddiaçının ona olan inamından, maddi köməyindən sui- istifadə edərək ona verilmiş 8.918,8 manat nəğd pulu qaytarmamışdır. Həmçinin, cavabdeh lombardların pulunu ödəməyərək iddiaçının əmlakının əldən çıxarması nəticəsində ona 12.040(3.000+5.000+2.040+2.000) manat maddi ziyan vurmuşdur. Beləliklə, cavabdeh iddiaçı ilə dostluq münasibətinə daxil olaraq, onda özünə qarşı inam və etibar yaradıb iddiaçının 8.918,8 manat nəğd pulunu ələ keçrimiş, bundan başqa, 12.040 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdeh öz hərəkətləri ilə iddiaçya qarşı vicdansızcasma davranmış, onun hesabına əsassız olaraq varlanmış, nəticədə iddiaçını 20.958,8 manat dəyərində nəğd pul və əmlakdan məhrum etmiş, iddiaçıya həmin məbləğdə maddi zərər vurmuşdur. Odur ki, cavabdehdən əsassız varlanma və iddiaçıya vurduğu zərərin dəyəri olaraq 20.958,8 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. İddia tələbinin dəqiqləşdirilməsinə dair sonuncu ərizədə qeyd edilmişdir ki, cavabdehin iddiaçıya vurduğu zərər aşağıdakı kimidir: iddiaçı 8418,8 manat qəbz üzrə, 500 manat anası vasitəsi ilə, 800 manat Əhəd Məmmədzadədən alaraq, 825 manat “Asus” markalı komputerin lombarda qoyulmasından əldə edilərək, cəmi 10543,8 manat pul vermişdir. “Asus” markalı komputerə görə cavabdehin təqsirinə görə lombarda ödənilmiş 200 manat cərimə, xx.xx.2024-cü il tarixdən başlayaraq aylıqlar olaraq 120 manat, 2025-ci ilin yanvar ayında 85 manat, fevral ayında 85 manat, mart ayında 85 manat olmaqla 290 manat pul, cəmi 490 manat ödəniş, “Dell” markalı komputerin aylıqlarını cavabdeh ödəmədiyi üçün onun lombarddan satılması nəticəsində vurulmuş ziyana görə komputerin 5000 manat məbləğində dəyəri, iddiaçıya məxsus 1200 ABŞ dolları (2040 manat nisbətində) dəyərində briliyant sırğası və 2000 manat dəyərində olan misir qızılı. xx.xx.2025-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə yazılı etiraz verərək, göstərmişdir ki, iddiaçınin iddia tələblərinin bir qismi əsassızdır və təmin edilə bilməz, İddiaçı və Cavabdeh dost olmuşlar. İddiaçı Cavabdeh göndərdiyi pulları ümumiyyətlə borc kimi verməmiş, bir dost yardımı kimi vermişdir. Bundan əlavə, həmin pulları iddiaçı və cavabdeh birgə gəzməklə, əylənməklə, yeyib-içməklə, bahalı avtomobilləri icarəyə götürüb sürməklə birgə xərcləmişlər. İddia ərizəsinə əlavə edilmiş "qəbz" adlanan sənədlər əslində qəbz deyil, sadəcə pulun bank kartından silinməsinin göstəricisidir. Doğrudur, Cavabdeh həmin pulları almasını inkar etmir və həmin pulları alarkən İddiaçı onları qaytaracağını bildirdiyini etiraf edir. Yəni, Cavabdeh olaraq iddianın 8.418,8 mant hissəsini qəbul edir. İddiaçı anasının Cavabdeh verdiyi 500 manata gəlincə, həmin 500 manat pul Cavabdeh tərəfindən İddiaçı qaytarılmışdır. Lombarda qoyulmuş, iki ədəd komputerin birinin 3000 manat, digərinin isə 5000 manat dəyərində olması həqiqətə uyğun deyildir. Lombard tərəfindən onlardan biri 200 manata, digəri isə 150 manata götürülmüşdür. Bu fakt İddiaçı səs yazısı ilə təsdiq olunur. Bundan əlavə, lombarda qoyulmuş misir qızılı 2040 manata deyil, cəmi 300 manat dəyərində olmuşdur. Briliant sırğa isə nə iddiaçı, nə də cavabdeh tərəfindən lombarda qoyulmamış, cavabdeh onu görməmişdir.Cavabdeh əsassız varlanmamışdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2 maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Yəni, nə qanunda, nə də tərəflər arasında bağlanmış müqavilədə əsassız varlanan şəxsə hər hansı bir əmlakın verilməsi nəzərdə tutulmur. İddiaçı ilə Cavabdeh arasında olan münasibətlər dostluq münasibətləri olmuşdur. Yəni bu münasibətlərin qanuna və ya hər hansı bir müqaviləyə uzlaşdırılması mümkünsüzdür. İddiaçı Cavabdeh pul verməsi əslində heç borc müqaviləsi də deyildir. Bununla belə, Cavabdeh İddiaçı ona göndərdiyi 8418,8 manatı, kompüterlərə görə alınmış 350 manatı və misir qızılına görə alınmış 300 manatı, cəmi 9068,8 manat pulu ödəməyi öhdəsinə götürür. İddiaçı Cavabdeh 20.958,8 manat pulun alınaraq ona verilməsinə dair iddia ərizəsinin 9068,8 manat hissəsini təmin etməklə qalan hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclaslarında cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qismən qəbul edərək, yazılı etirazın məzmununa uyğun olaraq bildirmişdir ki, cavabdeh iddianın 8418,8 manat hissəsini qəbul edir və həmin hissədə tərəflər arasında mübahisə yoxdur. Bundan başqa cavabdehin komputerlərin birinə görə 150 manat, digərinə görə 250 manat pul götürdüyünü, misir qızılına görə isə təxminən 300 manat pul aldığını, 500 manat əblbəəl verilən borcun cavabdeh tərəfindən qaytarıldığını, 800 manat məbləğində borcun isə ümumiyyətlə cavbdehə verilmədiyini qeyd etmişdir. Məhkəmə baxış iclasında isə cavabdehin vəkili və nümayəndəsi iddia tələbinin 8418,8 manat hissəsinə dair hansı məbləği qaytarmalı olduğunu cavabdehin özünün qeyd edəcəyini bildirmişdir. Məhkəmə hazırlıq iclaslarında Cavabdeh iddia tələbinin 8418,8 manat hissəsinin qəbul edilməsinə dair yazılı ərizəni mübahisələndirməmiş və həmin hissədə iddiaya etiraz etməmişdir. Məhkəmə baxış iclasında isə Cavabdeh 8418,8 manat məbləğdən yalnız təxminən 3000 manatı borc kimi geri qaytarmağa razı olduğunu bildirmişdir. İddia tələbinin digər hissələrinə münasibətdə isə qeyd etmişdir ki, 500 manat məbləğində pulu borc alsa da, sonradan onu iddiaçıya geri qaytarmış, 800 manat əlbəəl borc isə ona verilməmişdir. “Dell” markalı komputerin lombarda qoyulmasından sonra o, yalnız 250 manat, “Asus” markalı komputerin lombarda qoyulmasından sonra 150 manat pul aldığını bildirmiş, həmçinin qeyd etmişdir ki, o, sadəcə iddiaçıya ona pul lazım olduğunu demiş, iddiaçı özü bildirmişdir ki, onda komputerlər vardır, onları lombarda qoyub pul götürə bilər, komputerləri lombarda qoymaq iddiaçının öz fikri olmuş, o, yalnız komputerlər lombarda qoyulduqdan sonra ona verilmiş məbləğlərin geri qaytarılmasına söz vermişdir. Misir qızılını isə lombarda qoymaq üçün iddiaçıdan aldığını, həmin qızılın lombard tərəfindən 245 manat qiymətləndirildiyini və ona yalnız həmin məbləğdə pul verildiyini qeyd etmişdir. İddia ərizəsinə etirazda misir qızılının dəyərinin 300 manat qeyd edilməsi ilə bağlı, cavabdeh bildirmişdir ki, qızılın əvvəl qiymətləndirilən dəyəri dəqiq yadında qalmamışdır, ola bilsin əvvəl 300 manat qiyməltəndirilmişdir, lakin üzərindəki qaşı çıxarıldıqdan sonra misir qızılı 245 manat qiymətləndirilmişdir. Brilliyant sırğaya münasibətdə isə cavabdeh həmin hissədə ümumiyyətlə iddianı qəbul etmədiyini, sırğanın onun tərəfindən qəbul edilmədiyini bildirmişdir. Video materialda misir qızılı ilə yanaşı briliyant sırğanın da əks olunmasına baxmayaraq, onun tərəfindən yalnız misir qızılının qəbul edildiyini qeyd etmişdir. Cavabdeh sonda bildirmişdir ki, iddiaçıya təxminən 3000 manat pulu, komputerlərin lombarda qoyulmasından sonra ona verilən pulları və misir qızılının dəyəri 245 manatı qaytarmağa razıdır. İş materiallarında olan: Hesabdan çıxarışlardan və ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 8418,8 manat məbləğdə pul vəsaiti köçürülmüşdür. xx.xx.2024-cü il tarixli, 562025 nömrəli girov biletindən görünür ki, İddiaçı “Dell” markalı komputeri girov qoyaraq 600 manat məbləğində pul götürmüşdür. xx.xx.2024-cü il tarixli, 005956 nömrəli girov müqaviləsindən görünür ki, İddiaçı “Asus” markalı komputeri girov qoyaraq 825 manat məbləğində pul götürmüşdür. CD diskə əlavə edilmiş video materialda tərəflərin mübahisləndirdiyi misir qızılının və briliyant sırğanın görüntüsü əks olunmuşdur. İddiaçı ilə cavabdeh arasında olan “whatsapp” yazışmalarından görünür ki, Cavabdeh müxtəlif vaxtlarda mesajlarda İddiaçı pul məbləğlərinin verilməsini xahiş etmiş, müəyyən mesajlarda isə məbləğləri qaytaracağını bildirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1.Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.2.Borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqaviləilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. 119.1. Müüvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin hər bir hissəsinə ayrılıqda qiymət verərək aşağıdakıları qeyd edir. İddia tələbinin qəbz üzrə verilmiş 8418,8 manat məbləğində pulun qaytarılması hissəsində məhkəmə qeyd edir ki, 8418,8 manat məbləğində pulun iddiaçı tərəfindən cavabdehin hesabına köçürülməsi iş materiallarında olan sübutlarla təsdiq olunur. İddiaçı həmin məbləğlərin cavabdehə qaytarılmaq şərti ilə verildiyini bildirmişdir. İddia ərizəsinə yazılı etirazda və məhkəmə hazırlıq iclaslarında iddia tələbinin bu hissəsi cavabdeh tərəfindən mübahisələndirilməmiş, yazılı etirazda “Cavabdeh həmin pulları almasını inkar etmir və həmin pulları alarkən İddiaçı onları qaytaracağını bildirdiyini etiraf edir. Yəni, Cavabdeh olaraq iddianın 8418,8 manat hissəsini qəbul edir” qeyd edilmişdir. Məhkəmə baxış iclasında isə Cavabdeh həmin məbləğdən təxminən 3000 manatının borc kimi verildiyini qəbul etdiyini bildirmişdir. Məhkəmə eyd edir ki, cavabdeh baxış iclasında iddia tələbinin bu hissəsində etiraf etdiyi borc məbləğini dəyişsə də, həmin məbləğdən təxminən 3000 manatının borc kimi verildiyini qəbul edərək hər bir halda aralarında borc münasibətləri olduğunu etiraf etmişdir. Lakin, o, tələb olunan qəbzlə ödənilmiş 8418,8 manat məbləğdən niyə məhz 3000 manatının borc, qalan məbləğin isə borc kimi verilmədiyini aydınlaşdırmamışdır. Odur ki, məhkəmə hesab edir ki, 8418,8 manatdan borc kimi etiraf etdiyi 3000 manat puldan yerdə qalan məbləğin borc verilmədiyini sübutetmə yükü cavabdehin üzərinə düşmüş, lakin bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Əksinə, iş materiallarında olan tərəflər arasında olan “whatsapp” yazışmalarından görünür ki, cavabdeh mesajlarda ona ödənilən pul məbləğlərini qaytaracağını bildirmişdir. Məhkəmə qeyd edilənləri, həmçinin, ayrı-ayrı vaxtlarda qəbzlə ödənilən pul məbləğlərinin 3000 manatdan artıq olmadığını, fiziki şəxslər arasında 3000 manata qədər məbləğdə şifahi bağlanmış borc müqavilələrinin etibarlı olduğunu nəzərə alaraq, belə qənaətə gəlir ki, bu hissədə iddia təmin edilməlidir. İddia tələbinin cavabdehə 500 manat nağd şəkildə verilən pulun qaytarılması ilə bağlı hissəsində cavabdeh bildirmişdir ki, həmin məbləğdə borcu iddiaçıdan alsa da, sonradan 500 manatı İddiaçı özünə qaytarmışdır. Cavabdeh 500 manat borcun ona əlbəəl verildiyini etiraf etdiyi üçün iddiaçı tərəf bu hissədə sübutetmə yükündən azad olmuş, əksinə borcun qaytarılmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşmüşdür. Lakin 500 manat borcun qaytarılması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, bu hissədə də iddia təmin edilməlidir. İddia tələbinin cavabdehə 800 manat nağd şəkildə verilən pulun qaytarılması ilə bağlı hissəsinə cavabdeh etiraz edərək, ona həmin məbləğdə nağd borcun verilmədiyini bildirmişdir. İddiaçı tərəf isə iddia tələbini bu hissədə təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Odur ki, həmin hissədə iddia təmin edilə bilməz. 825 manat “Asus” markalı komputerin lombarda qoyulmasından əldə edilərək pul verilməsi, “Asus” markalı komputerə görə cavabdehin təqsirinə görə lombarda ödənilmiş 200 manat cərimə, xx.xx.2024-cü il tarixdən başlayaraq aylıqlar olaraq 120 manat, 2025-ci ilin yanvar ayında 85 manat, fevral ayında 85 manat, mart ayında 85 manat olmaqla 290 manat pul, cəmi 490 manat ödəniş, “Dell” markalı komputerin aylıqlarını cavabdeh ödəmədiyi üçün onun lombarddan satılması nəticəsində vurulmuş ziyana görə komputerin 5000 manat məbləğində dəyərinin cavabdehdən tələb edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, bu hissəyə münasibətdə cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir, o, yalnız özünə pul lazım olduğunu bildirmiş, komputerləri girov qoymaq iddiaçının öz fikri olmuş, ona “Dell” markalı komputerin lombarda qoyulmasından sonra 250 manat, “Asus” markalı komputerin lombarda qoyulmasından sonra 150 manat pul verilmiş, o, da, yalnız həmin məbləğləri geri qaytaracığını öhdəsinə götürmüş, lakin bu günə kimi məbləğləri iddiaçıya qaytarmamışdır. Məhkəmə qeyd edir ki, komputerlərin lomabrda qoyulmasından sonra daha artıq məbləğlərin cavabdehə verilməsi iş materialları ilə təsdiq olunmur. Əksinə, iş materialları ilə təsdiq olunur ki, hər iki komputer iddiaçının özü tərəfindən lombarda qoyulmuş, komputerlərin lombarda qoyulması ilə bağlı müqavilə münasibətləri lombard təşkilatı ilə iddiaçı arasında yaranmış, müqavilə üzrə öhdəliklərini yerinə yetirmək, girov qoyulmuş əşya satıldıqda borc məbləğindən artıq hissəni geri almaq kimi müqavilə münasibətlərindən irəli gələn hüquq və vəzifələri iddiaçı daşımışdır. Məhkəmə hesab edir ki, lomabrd təşkilatı ilə bağladığı müqavilələr üzrə öhdəliklərinin yerinə yetirilməməsi və ya vaxtında yerinə yetirilməməsi ilə bağlı, eləcə də girov qoyulmuş əşya satılmışdırsa borc ödənildikdən sonra artıq məbləğin geri tələb edilməməsi ilə bağlı məsuliyyət iddiaçının öz üzərinə düşür. Odur ki, bu hissədə iddia tələbi yalnız cavabdehin etiraf etdiyi, komputerlərin lombarda qoyulmasından sonra ona ödənilən 400 (250+150) manat həddində təmin edilməlidir. 2000 manat dəyərində olan misir qızılının və ya dəyərinin qaytarılması ilə bağlı hissədə cavabdeh etiraf etmişdir ki, həqiqətən də həmin qızıl onun tərəfindən lombarda qoyulmuş, lakin qızılın məbləği qeyd edilən kimi 2000 manat olmamış, həmin qızıl lombard tərəfindən 245 manat (əvvəl 300, qızılın qaşı çıxarıldıqdan sonra 245 manat) qiymətləndirilərək, ona yalnız 245 manat pul verilmiş, sonradan lombarda pul ödənilmədiyindən qızılı geri götürmək mümkün olmamışdır. İddiaçı tərəf isə qızılın qiymətininin 2000 manat olduğunu bildirmiş, lakin məhkəmə tərəfindən bununla bağlı sübut təqdim edilməsi təklif edilməsinə və hazırlıq iclası bir neçə dəfə təxirə salınmasına baxmayaraq heç bir sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, bu hissədə iddia qismən təmin edilərək, qızılın geri qaytarılması mümkün olmadığından onun dəyərinin cavabdeh tərəfindən etiraf olunan 245 manat pul məbləği iddiaçıya qaytarılmalıdır. 1200 ABŞ dolları (2040 manat nisbətində) dəyərində brilliyant sırğa və ya onun dəyərinin qaytarılmasına münasibətdə məhkəmə qeyd edir ki, bu hissədə iddia təmin edilə bilməz. Belə ki, brilliyant sırğanın cavabdeh tərəfindən götürüldüyü iş materialları ilə sübuta yetirilməmiş, cavabdeh özü isə video materialda misir qızılı ilə yanaşı briliyant sırğanın da əks olunmasına baxmayaraq, onun tərəfindən yalnız misir qızılının qəbul edildiyini bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh hesabına köçürülmüş 8418,8 manat, Cavabdeh nağd verilmiş 500 manat, komputerlərin lombarda qoyulmasından sonra cavabdehə verilmiş 400 manat, eləcə də misir qızılının dəyəri 245 manat olmaqla, ümumilikdə 9563,8 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 9563,8 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. 115,63 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar