Məhkəmə qərarları › İş №2(011)-2423/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2423/2021

25.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2423/2021 25.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.08.2011-ci il təvəllüdlü X1 və 22.06.2012-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 175 manat, ümumilikdə 350 manat aliment məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, cavabdehlə 2011-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 11.08.2011-ci il təvəllüdlü X3 və 22.06.2012-cu il təvəllüdlü X4 anadan olmuşdur, onun cavabdeh ilə aralarındakı nikahları 2015-ci il tarixdə pozulmuş, övladları 11.08.2011-ci il təvəllüdlü X3 və 22.06.2012-cu il təvəllüdlü X4 ananın himayəsində qalmış və onların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 108 manat, cəmi 216 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq ona ödənilmişdir, həmçinin 2017-ci il tarixdə uşaqların saxlanması üçün daha çox vəsait tələb olunduğuna görə alimentin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddiası təmin olunaraq hər uşağa görə ayda 136 manat olmaqla, ümumilikdə 272 manat aliment təyin olunmuşdur, cavabdeh alimenti ödəməkdən boyun qaçırdığına görə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, 21.07.2016-cı il tarixdən “Best Beef” ət və ət məhsulları isehsalı müəssisəsində fəhlə vəzifəsində çalışır və aylıq əmək haqqı 450 manat təşkil edir, 24.09.2016-cı il tarixdə yenidən nikaha daxil olmuşdur və o, ikinci nikahdan olan ailəsinin və övladının mənafelərini də düşünməlidir, buna görə də hal-hazırda hər uşağa görə ayda 175 manat olmaqla cəmi 350 manat məbləğində aliment ödəmək iqtidarında deyil. Sonda Cavabdeh iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1578/2020 saylı 28.02.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı 11.08.2011-ci il təvəllüdlü X1 və 22.06.2012-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan aliment məbləğinin artırılaraq hər ay 180 manat, ümumilikdə 360 manat olmaqla cavabdehdən alınaraq ona ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir. Həmin Qətnamə ilə işin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh ikinci dəfə nikaha daxil olmuşdur və onun həmin nikahdan 11.02.2017-ci il təvəllüdlü X5 adlı bir övladı doğulmuşdur, cavabdeh 21.07.2016-cı ildən “Best Beef” ət və ət məhsulları istehsalı müəssisəsində fəhlə vəzifəsində çalışır və onun aylıq əmək haqqı 450 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri, Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 28.09.2016-cı il tarixdə verilmiş AZ-İ 249907 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 09.10.2015-ci il tarixdə 426 saylı aktla qeydiyyat aparılmışdır. Nikah ləğv olunandan sonra kişiyə Rüstəmov, qadına Qasımova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 28.09.2016-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 797187 saylı doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 11.08.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 28.09.2016-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 797186 saylı doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 22.06.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahdan 11.08.2011-ci il təvəllüdlü X3 və 22.06.2012-cu il təvəllüdlü X7 adlı 2 övladı doğulmuşdur, tərəflər arasındakı nikah pozulduqdan sonra uşaqlar iddiaçının yanında saxlanılmış və hal-hazırda da onun yanındadır, aliment məbləğinin artırılması tələbi uşaqların əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır. Bununla belə, məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, aliment miqdarının artırılmasının müəyyən edilməsinə münasibətdə, tərəflərin ailə vəziyyətini, uşaqların saxlanılmasına cəlb edilməli olan şəxsin qadın olmasını, uşaqların əvvəlki yaşayış səviyyəsini və onların mənafeyinin müdafiəsi zəruriliyini, həmçinin cavabdehin ikinci nikahdan 11.02.2017-ci il təvəllüdlü X5 adlı bir övladının olmasını və digər diqqətəlayiq halları nəzərə alaraq alimentin miqdarının hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 11.08.2011-ci il təvəllüdlü X1 və 22.06.2012-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Cavabdeh hər ay hər uşaq üçün 150 (yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti olaraq bir il ərzində ödəniləcək alimentin məbləği 500 (beş yüz) manatdan az olduğundan, cavabdehdən dövlət mədaxilinə 20 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti 500 manatdan az olduqda, 20 manat dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3048/2017 saylı 17.03.2017-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 11.08.2011-ci il təvəllüdlü X1 və 22.06.2012-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Cavabdeh hər ay hər uşaq üçün 150 (yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar