Məhkəmə qərarları › İş №2(011)-2429/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2429/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2429/2021 04.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək əvvəlki sahibinə geri qaytarılması, həmin avtomobilin hərracda satılaraq, satışdan əldə olunan pulun uşaqların mənafeyi nəzərə alınmaqla 70%-nin iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı birgə nikah dövründə Cavabdeh1 adına alınmış **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin digər Cavabdeh2 ilə 11.11.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobilin əvvəlki sahibinə geri qaytarılaraq və hərracda satılmaqla əldə olunan pulun uşaqların mənafeyi nəzərə alınmaqla 70%-nin iddiaçıya verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçının keçmiş həyat yoldaşıdır. Onunla 01.12.2007-ci il tarixdə nikahını rəsmi olaraq qeyd etdirməklə ailə qurmuşdur. Ailə quran vaxt, o özünə məxsus əmlakını gətirərək cavabdehin yaşadığı ünvan 1 ünvanda yerləşən evin 104-cü mənzilinə köçmüş və ailənin bütün üzvləri ilə birlikdə ümumi təsərrüfat aparmaqla ailə üzvü olmuşdur. Həmin nikahdan 26.01.2010-cu il tarixdə X4 və 10.02.2015-ci ildə X5 olmuşdur. İddiaçı və uşaqlar həmin mənzildə qeydiyyatda olmaqla yaşayırlar. Birgə nikahda olduqları vaxt, yaşadığı mənzil xüsusi mülkiyyət kimi cavabdehin adına qeydiyyatdan keçmişdir və eyni zamanda, 17.01.2019-cu il tarixdə Cavabdeh1 adına 90-HS 414 nömrə nişanlı "HYUNDAİ" markalı minik avtomobili almış, adına 17.01.2019-cu il tarixdə AD424476 saylı şəhadərnamə verilmişdir. Cavabdehlə bir müddət mehriban yaşamış, son illər onun təqsiri üzündən tez-tez narazılıqlar olmuş, onun başqa qadınlarla görüşmələrindən məlumatım olmuşdur. 2019-cu ilin sentyabr ayında cavabdeh qəti olaraq bildirmişdir ki, onun həyatında başqa qadın var, həmin qadının yanında yaşamaq istəyir və nikahını pozmaq fikrində deyil. Bundan bir müddət sonra isə, özünə məxsus bəzi əşyalarını yığaraq dediyi qadının yanına getmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi 10.12.2020-ci il tarixli qətnamə ilə iddiaçının iddia tələbimin təmin edərək, Cavabdeh1 ilə 01.12.2007-ci il tarixdə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra hər iki övladının iddiaçının yanında qalması və hər iki uşağa görə cavabdehdən aliment tutulması barədə qətnamə qəbul etmişdir. Cavabdeh1 özünə məxsus bəzi əşyalarını yığışdırıb evdən gedəndə, özü ilə birgə nikah dövründə onun adına aldıqları avtomaşınıda aparmışdır və həmin vaxtdan avtomobili yalnız öz şəxsi işlərinə istifadə edir. Cavabdeh X7 avtomobildən yalnız özü istifadə etdiyindən, iddiaçı birgə nikah dövründə aldıqları avtomobildən iddiaçıya düşən hissənin alınaraq ona verilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün sənədləri toplayanda müəyyən olundu ki, cavabdeh məhkəmədə nikahın pozulması barədə iddia tələbinin olduğunu bilən kimi, birgə nigah dövründə olarkən 17.01.2019-cu il tarixdə adına aldıqları ** HS *** dövlət qeydiyyat nişanlı, "HYUNDAİ” markalı avtomaşını, 11.11.2020-ci tarixdə alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına keçirmiş və elə həmin gün avtomobilin yeni sahibi olan Cavabdeh2 adına "etibarnamə" alaraq özü idarə etməyə başlamışdır. Bildiyinə görə adına alğı-satqı ilə avtomobili keçirmiş Cavabdeh2 Əbülfəz oğlu ilə Cavabdeh1 Əbülfəz oğlu hər ikisi Ata sğorta şirəkətində işləyir və dostluq edirlər. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamədən və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında nikah 01.12.2007-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində bağlanmış və 1791 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Tərəflərin birgə nikahlarından 26.01.2010-cu il təvəllüdlü X4 və 10.02.2015-ci il təvəllüdlü X5 anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6582/2020 nömrəli 10.12.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 01.12.2007-ci il tarixdə Bakı şəhəri Xətar rayon Qeydiyyat şöbəsində bağlanmış və 1791 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Boşanmadan sonra 26.01.2010-cu il təvəllüdlü X2 və 10.02.2015-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında qalmaları müəyyən edilsin. Cavabdeh1 26.01.2010-cu il təvəllüdlü X2 və 10.02.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 05 noyabr 2020-ci il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. İş materiallarında olan AZ-İ seriyalı 379652 nömrəli Nikahın pozulması haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 və İddiaçı nikahına 02.02.2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 31.12.2020-ci il tarixli, 016-120967-1220 nömrəli arayışına və ona əlavə edilmiş kompyuter çıxarışına əsasən, Cavabdeh1 adına 17.01.2019-cu il tarixdə “HYUNDAİ AZERA” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, 11.11.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq dövlət qeydiyyat nişanı dəyişdirilmədən Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Qeyd olunan avtomobilin etibarnamə əsasında 11.11.2020-ci il tarixdən 16.07.2021-ci il tarixədək Cavabdeh2 istifadəsinə verilməsi barədə DİN-in Baş X12 idarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur (kompüter çıxarışı əlavə olunur). Həmçinin, hal-hazırda Cavabdeh1 adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. İş materiallarında olan 17.01.2019-cu il tarixli Nəqliyyat vasitənin alqı-satqı müqaviləsinə əsasən alıcı Cavabdeh1 satıcı X6 məxsus buraxılış ili 2013, ban nömrəsi KMHFH41H9DA248595 olan “Hyundai Azera minik” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobili 29.500 manat ödəyərək almışdır. İş materiallarında olan 11.11.2020-ci il tarixli Nəqliyyat vasitənin alqı-satqı müqaviləsinə əsasən alıcı Cavabdeh2 satıcı Cavabdeh1 məxsus buraxılış ili 2013, ban nömrəsi KMHFH41H9DA248595 olan “Hyundai Azera minik” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobili 25.000 manat ödəyərək almışdır. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə yəni, 17.01.2019-cu il tarixdə Cavabdeh1 adına “HYUNDAİ AZERA” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobil 17.01.2019-cu il tarixli Nəqliyyat vasitənin alqı-satqı müqaviləsinə əsasən qeydiyyata alınmışdır. Həmin avtomobil Cavabdeh2 və Cavabdeh1 arasında imzalanmış 11.11.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adından qeydiyyatdan çıxarılaraq dövlət qeydiyyat nişanı dəyişdirilmədən Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Həmin tarixdə, yəni 11.11.2020-ci il tarixdə avtomobil etibarnamə əsasında Cavabdeh2 istifadəsinə verilmişdir. İddiaçı 05.11.2020-ci il tarixdə Cavabdeh1 qarşı “nikahın pozulması və aliment tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, həmin iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6582/2020 nömrəli 10.12.2020-ci il tarixli qətnaməsi qəbul edilmişdir. Həmin avtomobilin sonuncu alqı-satqı müqaviləsi tərəflərin nikah münasibətlərinin pozulduğu və mübahisənin məhkəmə araşdırması dövründə bağlandığını, eyni zamanda alıcı Cavabdeh2 tərəfindən alqı-satqı müqaviləsi bağlandığı tarixdə avtomobilin etibarnamə əsasında Cavabdeh1 idarəetməsinə verilməsi belə qənaətə gəlməyə imkan verir ki, 11.11.2020-ci il tarixli Nəqliyyat vasitənin alqı-satqı müqaviləsi Cavabdeh1 tərəfindən birgə nikah dövründə əldə edilmiş əmlaka arvadı İddiaçı ümumi birgə mülkiyyətinin müəyyən edilməsinin qarşısını almaq məqsədi ilə görünüş üçün bağlanmışdır. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Beləliklə, məhkəmə proses iştirakçıların izahatlarına və iş materiallarında olan digər sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, “Hyundaı Azera” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair Cavabdeh2 və Cavabdeh1 arasında imzalanmış 11.11.2020-ci il tarixli alqı-satqı müqaviləsi, Cavabdeh1 tərəfindən, arvadı İddiaçı razılığı olmadan, görünüş üçün bağlandığından, həmin müqavilə etibarsız hesab edilməli, müqavilə predmeti olan **-HS-*** dövlət qeydiyyat nişanlı “Hyundai Azera minik” markalı avtomobil Cavabdeh1 geri qaytarılmalıdır. Məhkəmə araşdırması zamanı, “Hyundaı Azera” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair Cavabdeh2 və Cavabdeh1 arasında imzalanmış 11.11.2020-ci il tarixli alqı-satqı müqaviləsinin görünüş üçün bağlandığı müəyyən edildiyindən, məhkəmə, etibarsızlığı müəyyən edilən həmin müqavilədə göstərilmiş 25000 manat satış qiymətinin geri qaytarılmalı olmadığı qənaətinə gəlir. Məhkəmə iddia tələbini mübahisəli avtomobilin hərracda satılmaqla əldə olunan pulun uşaqların mənafeyi nəzərə alınmaqla 70%-nin iddiaçıya verilməsi hissəsində araşdıraraq hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (220.1). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (220.2). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (220.3). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (220.4). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (220.5). Bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (220.6). Həmin Məcəllənin 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6. və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib sürətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Qeyd edilən normaların tələblərinə və işin hallarına əsasən məhkəmə qeyd edir ki, mübahisəli avtomobil tərəflərin birgə nikahı dövründə əldə edilməsinə baxmayaraq, onun açıq hərracda satılması üçün ilk öncə əmlakda tərəflərin paylarının müəyyən edilməsi zəruridir. Bu səbəbdən, iddia avtomobilin açıq hərracda satılması hissəsində təmin edilə bilməz. Odur ki, iddia tələbi mübahisəli avtomobilin hərracda satılmaqla əldə olunan pulun uşaqların mənafeyi nəzərə alınmaqla 70%-nin iddiaçıya verilməsi hissəsində rədd edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən əsaslıdır, buna görə də qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. **-HS-*** dövlət qeydiyyat nişanlı “Hyundai Azera minik” markalı avtomobilin alqısatqısına dair Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 11.11.2020-ci il tarixli Nəqliyyat vasitənin alq-satqı müqaviləsi etibarsız hesab edilsin. **-HS-*** dövlət qeydiyyat nişanlı “Hyundai Azera minik” markalı avtomobil Cavabdeh1 geri qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar