Məhkəmə qərarları › İş №2(011)-2429/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2429/2023

07.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2429/2023 07.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixdə anadan olmuş oğlu X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay bir uşağa görə 300 manat Cavabdeh alimentin və mediasiya xərclərinin (57 manat) alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh ilə nikahından X2 anadan olmuşdur, oğlu öz himayəsindədir, onunla birgə yaşayır, məhkəmə qətnaməsi ilə uşağın saxlaması üçün cavabdehdən 193 manat aliment tutulması qət edilmişdir, özü oğlu ilə birlikdə kirayə yaşayır, oğlunun 12 yaşı var, onun saxlanması üçün ayrılmış aliment uşağın sağlam böyüməsi üçün bütün ehtiyaclarını ödəmir, oğlu məktəbə, ingilis-riyaziyyat hazırlıqlarına gedir, Hövsanda qalırlar, hazırlıqlar isə Əhmədlidədir, artıq yol pulunu ödəməyə çətinlik çəkir, cavabdeh oğlunun təlim-tədris, müalicə və müayinə xərclərinin ödənilməsində heç yardım göstərmir, o, bütün əmlaklarını 36 yaşlı digər oğluna bağışlamışdır, həmin oğlu xarici neft şirkətində işləyir, yüksək maaş alır, cavabdeh bacısına da ev almışdır, lakin öz oğluna maddi yardım göstərmir, cavabdeh də xarici neft şirkətində sürücü işləyir, aylıq gəliri 2000 manatdan çoxdur, ailəyə həmçinin digər yerlərdən də gəliri vardır, həmçinin cavabdeh xüsusi qulluğa ehtiyac olan və xərc tələb edən itlər saxlayır, itlərin saxlanmasına xərci 1000 manatdan çoxdur, cavabdehin həmişə olduğu kimi indi də yüksək səviyyədə maddi imkanı vardır, bu səbəbdən ondan 300 manat aliment tutulmasını istəyir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, işsizdir, 4 ay əvvəl məhkəmə olmuş, aliment 193 manata qalxmışdır, hazırda 63 yaşı var, ona iş vermirlər, neçə illərdir işsizdir, evdədir, pensiya almır, 200 manat alimenti borc alıb ödəyir, aliment ödəsə də yenə də iddiaçı onu və ailəsini rahat qoymur, narahat edir, zəng edir, maşını yoxdur. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-4660/2022 saylı Qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli 2(011)- 5572/2021 saylı qətnaməsi əsasında 27 dekabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 27 dekabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin Qətnamə ilə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı və cavabdehin qeyri-rəsmi nikah münasibətlərindən 27 dekabr 2010-cu il təvəllüdlü X6 anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli 2(011)-5572/2021 saylı qətnaməsi ilə 27 dekabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh bu qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmaqla hər ay 175 manat məbləğində sabit pul şəklində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 275142 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 27 dekabr 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, onun valideynləri - atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 18 mart 2023-cü il tarixli 3-17-7/2-C-13790/2023 saylı arayışdan görünür ki, Cavabdeh adına qüvvədə olan əmək müqaviləsinin aşkar edilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan 8 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış”dan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək, 50 manat məbləğində İMS xərcini və 5 manat kargüzarlıq və poçt xərcini ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddiaçı və cavabdehin qeyri-rəsmi nikah münasibətlərindən 27 dekabr 2010-cu il təvəllüdlü X2 anadan olmuşdur, uşaq ananın himayəsindədir, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-4660/2022 saylı Qətnaməsinə əsasən, uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 193 manat miqdarında aliment məbləği tutulması qət edilmişdir, məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş aliment məbləği uşağın saxlanması məqsədi ilə yetərli deyil və aliment məbləğinin artırılması tələbi onun əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır, cavabdehin rəsmi iş yeri yoxdur. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)- 4660/2022 saylı qətnaməsi ilə uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən, 2023-cü il üzrə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi ailə və əmlak vəziyyətini, uşağın yaş həddini, onun saxlanmasına cəlb edilməli olan şəxsin qadın olmasını, onun işləməməsini, habelə uşağın mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları nəzərə alaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Alimentin daha çox – iddia tələbi həcmində artırılmasını mümkün edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, iddiaçının “cavabdehin 2000 manat gəlirinin olması, digər yerlədən gəlirinin olması və s.” barədə dəlillərinə münasibətdə qeyd edir ki, İddiaçı bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin onun tərəfindən iş materiallarına buna dair mötəbər sübutlar əlavə edilməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı bu barədə dəlilləri məhkəmə tərəfindən nəzərə alına bilməz. Məhkəmə, cavabdehin “işsiz olması” barədə dəlillərinə münasibətdə hesab edir ki, bu hallar, cavabdehi uşağın qanunvericiliklə nəzərdə tutulmuş qaydada saxlanması vəzifəsindən azad etmir. Belə ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir və uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətlərinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideynlərin, o cümlədən cavabdehin vəzifəsidir, bu məqsədlə də uşağın valideynlərdən birinin - ananın yanında qalması ona qulluq, onun təhsil, inkişaf və s. qayğılarının çəkilməsinin daha çox onun üzərinə düşməsi, digər valideynin belə məsuliyyətini istisna etməməklə, alternativ olaraq saxlanma xərclərinin həddinin yaşayış minimumuna görə müəyyən edilməsinə əsas ola bilər. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndinə əsasən, uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir....Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 01 yanvar 2023-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 27 dekabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə dair ərizələr üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından, artırılmış alimentin məbləğinin illik ödəmə məcmusunun 1000 manatdan az (27x12=324 manat) olması nəzərə alınmalı, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən, bunun üzürlü olmasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, mediasiya ilə bağlı iddiaçının çəkdiyi 55 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görı 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən, iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-4660/2022 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 27 dekabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Mediasiyaya görə ödənilmiş 55 (əlli beş) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar