Məhkəmə qərarları › İş №2(011)-2443/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2443/2025

30.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2443/2025 30.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, tərəflərin birgə nikahından olan xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 246 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsindən yolverilməzliyə görə imtina edilməlidir. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddia ərizəsi “alimentin artırılması” barədə olmaqla, iddia tələbinin əsasını ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artması təşkil edir. Belə olan halda məhkəmə qeyd edir ki, hazırkı tələb yaşayış minimumu və əmək haqqı artımına bağlı olaraq alimentin indeksasiyası olduğundan hazırkı işə iddia icraatı qaydasında baxılmalı olmadığından onun icraata qəbul edilərək baxılması mümkün deyil və ona görə də iddia ərizəsinin qəbul edilməsindən, iddianın yolverilməzliyinə görə imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.4-2-ci yarımbəndinə əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Həmin Qərarın 8.4-3-cü yarımbəndinə əsasən, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı ərizənin məhkəmə icraatı Azərbaycan Respublikası MPM-in tələblərinə uyğun olaraq mümkün deyildir. Məhkəmə, qeyd edir ki, iddiaçının əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiyası üçün Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələrinə əsasən, aliment məbləğinin indeksasiyası üçün icra icraatı qaydasında əvvəlki qətnaməni qəbul etmiş məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 153, 263, 264, 266-268 maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən onun yolverilməzliyinə görə imtina edilsin. İddiaçı aliment məbləğinin indeksasiyası üçün icra icraatı qaydasında əvvəlki qətnaməni qəbul etmiş məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar