Məhkəmə qərarları › İş №2(011)-2448/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2448/2022

05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2448/2022 05.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc 255,37 manat, faiz borcu 2,60 manat, cəmi 257,97 manat və ödənilmiş 30 AZN dövlət rüsumunun tutulması və 08 iyul 2019-cu il tarixli 49-19-23- 091675 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh 24 ay müddətinə qaytarılmaq şərtilə 1700 manat kredit verilmiş və 15.12.2014-cü il tarixli 987/İ saylı kredit müqaviləsi bağlanmışdır, sonradan həmin kredit müqaviləsi üzrə yaranmış qalıq borc restruktruzasiya olunaraq cavabdeh ilə iddiaçı arasında 321,65 manat həcmində 60 ay müddətinə illik 1% olmaqla 08.07.2019-cu il tarixli 49-19-23-091675 saylı kredit müqaviləsi bağlanmışdır, borcun ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət olunmasına, məhkəmədən kənar həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh götürülən borcun qaytarılması üçün heş bir təşəbbüs göstərmir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilmiş 08.07.2019-cu il ərizədən görünür ki, Cavabdeh iddiaçıdan retrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi üçün 60 ay müddətinə 321,65 manat məbləğində kredit verilməsini xahiş etmişdir. İş materiallarında olan 08 iyul 2019-cu il tarixli 49-19-23-091675 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi imzalanmışdır. Bu müqaviləyə görə Bank kredit alana 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 321,65 manat kredit verməyi, borc alan isə krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 08 iyul 2019-cu il tarixli 49-19-23-091675 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh verilən kreditin məbləği 321,65 AZN, müddəti 60 ay, güzəşt müddəti 12 ay, faiz dərəcəsi 1%, aylıq annunitet 6,84 manatdır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş 08.07.2019-cu il ərizədən görünür ki, Cavabdeh cari hesabında yaranan 321,65 manat vəsaiti 15.12.2014-cü il tarixində götürdüyü 1700 AZN kreditin qalıq ssuda borcunun tam ödənilməsinə yönəldilməsini xahiş etmişdir. İş materiallarında olan 21 dekabr 2021-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh 08 iyul 2019-cu il tarixli 49-19-23-091675 saylı kredit müqaviləsi üzrə 20 dekabr 2021-ci il tarixinə iddiaçıya cəmi borcu 257,97 manat, əsas borcu 255,37 manat, faiz borcu 2,60 manatdır. İş materiallarından görünür ki, 29.11.2021-ci il tarixində İddiaçı ASC tərəfindən Cavabdeh “Xəbərdarlıq” göndərilməklə ondan borcunu 3 iş günü müddətində ödəməsi tələb edilmişdir. İş materiallarında olan 28.02.2022-ci il tarixli ********* saylı dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, İddiaçı ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında 08 iyul 2019-cu il tarixli 49-19-23-091675 saylı kredit müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən sonuncuya 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 321,65 manat kredit verilmişdir, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi və kredit xətti müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməmişdir, hazırda cavabdehin iddiaçıya həmin müqaviləyə əsasən 255,37 manat əsas borc, 2,60 manat faiz borcu, cəmi 257,97 manat borcu qalmışdır, cavabdeh borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Bununla belə, cavabdehin müqavilə öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqavilələrini öz riski ilə bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış müqavilə ləğv edilməli, Cavabdeh əsas borc 255,37 manat, faiz borcu 2,60 manat olmaqla cəmi 257,97 manat alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08 iyul 2019-cu il tarixli 49-19-23- 091675 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 255,37 manat əsas borc, 2,60 manat faiz borcu olmaqla cəmi 257 (iki yüz əlli yeddi) manat 97 (doxsan yeddi) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədan, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar