Məhkəmə qərarları › İş №2(011)-2457/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2457/2021

09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2457/2021 09.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Əzimov Kamran Natiq oğluna qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Əzimov Kamran Natiq oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında 726 manat məbləğində əsas borcun, 423 manat məbləğində dəbbə pulunun və 30 manat dövlət rüsumu ilə birlikdə, ümumilikdə 1179 manat pul məbləğinin cavabdeh Əzimov Kamran Natiq oğlundan tutularaq İddiaçı MMC -yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC -nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Əzimov Kamran Natiq oğlu 15.02.2020-ci il tarixli, MOB03- 1932 nömrəli alqı-satqı müqaviləsi əsasında TEXNOPLUS mağazasından 819 manat dəyərində “Mobil telefon Samsung SM-A515 64 GB Black” almışdır, Cavabdeh eyni zamanda alqı-satqı müqaviləsi bağlanarkən müqaviləyə uyğun olaraq 27 manat həcmində ilkin ödəniş etmişdir, müqaviləyə əsasən 819 manat ümumi məbləğdən 27 manat ilkin ödəniş etdikdən sonra qalıq məbləğ 792 manat təşkil etmişdir, bu isə 12 aylıq ödəmə şərti ilə, hər aya 66 manat kimi müəyyən olunmuşdur, ödəniş cədvəlinə əsasən cavabdeh yalnız 14.03.2020-ci il tarixinə 66 manat ödəniş etmiş, indiyə qədər heç bir ödəniş etməmişdir, hazırda cavabdehin iddiaçıya 726 manat qalıq borc, 15.11.2020-ci il tarixinə qədər olan gedcikdirmə üzrə dəbbə pulu kimi 423 manat borcu var, üumilikdə cavabdeh tərəfindən qalıq borc və dəbbə pulu və məhkəmə üçün 30 manat dövlət rüsumu ilə birlikdə 1179 manat ödənilməlidir, borcluya bir neçə dəfə şifahi xəbərdarlıq edilməsinə, onunla söhbət aparılmasına baxmayaraq cavabdeh heç bir ödəniş etməmişdir, Sonda N.N.Ağayev iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Əzimov Kamran Natiq oğlu məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Əzimov Kamran Natiq oğlu arasında 15.02.2020-ci il tarixdə MOB03-1932 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 819 manat olan Samsung SM-A515 64 Gb Black markalı telefon cavabdehə kreditlə satılmışdır. İş materiallarında olan 24.11.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Əzimov Kamran Natiq oğlunun 15.02.2020-ci il tarixli, MOB03-1932 saylı müqavilə üzrə əsas borc məbləği 726 manat, cərimə üzrə borc məbləği 423 manat təşkil edir. İş materiallarında olan 05.11.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 15.02.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Əzimov Kamran Natiq oğlu müqaviləyə əsasən Samsung SM-A515 64 Gb Black markalı telefonu cavabdeh tam qüsursuz halda təhvil almışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Əzimov Kamran Natiq oğlu arasında bağlanmş müqaviləyə əsasən İddiaçı MMC -dən Samsung SM-A515 64 Gb Black markalı telefon almış, müqavilə üzrə iddiaçı öhdəliklərini icra etmiş, lakin müqavilə üzrə cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir, hazırda müqavilə üzrə cavabdehin İddiaçı MMC –yə ödənilməmiş əsas borcu 726 manatdır. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, yuxarıda adı çəkilən müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 150 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Əzimov Kamran Natiq oğlundan 726 manat əsas borc, 150 manat dəbbə pulu borcu olmaqla ümumilikdə 876 manat məbləğində kredit borcu alınaraq İddiaçı MMC -yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu qismində ödənilmiş 30 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Əzimov Kamran Natiq oğlundan əsas borc kimi 726 manat, dəbbə pulu borcu kimi 150 manat, ümumilikdə 876 (səkkiz yüz yetmiş altı) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar