Məhkəmə qərarları › İş №2(011)-2473/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2473/2021

30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2473/2021 30.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi ilə, İddiaçı "Finca Azərbaycan” MM Qeyri-Bank Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh1 qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 22.753.32 AZN, faiz borcuna görə 00,00 AZN, cərimə borcuna görə 00,00 AZN, cəmi 22.753.32 (iyirmi iki min yeddi yüz əlli üç manat,otuz iki qəpik) AZN məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun “FİNCA Azerbaijan” MMQBKT-nın xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 24.11.2014-cü il tarixli, **********1315 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 23% faiz dərəcəsi olmaqla 14 ay müddətinə 25.000 USD məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 2057 USD olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, 24.11.2014-cü il tarixli, **********1315 saylı kredit müqaviləsi 18.11.2016-cı il tarixli **********7748 yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 22.861,00 AZN, faiz 0,00 AZN, cərimə 0,00 AZN müəyyən edilmişdir. Beləliklə, 12.02.2020-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 22.753.32 AZN, faiz borcuna görə 00,00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 22.753.32 (iyirmi iki min yeddi yüz əlli üç manat,otuz iki qəpik) AZN təşkil edir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin, danışıqlar heç bir nəticə verməmişdir və kreditor “Finca Azerbaijan” MM QBKT öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün müvafiq məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qənaətinə gəlmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 iştirak etdiyi məhkəmə iclasında iddiaya etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı X2-Bank Kredit Təşkilatı ilə kredit alan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 24.11.2014-cü il tarixli **********1315 nömrəli Kredit müqaviləsinə əsasən, iddiaçı kredit alana istehlak məqsədləri üçün illik 23% faiz dərəcəsi olmaqla 14 ay müddətinə 25.000 USD məbləğində kredit vermişdir. Zamin Cavabdeh2 kredit müqaviləsi üzrə faizlərin, borc tutulması üzrə məhkəmə və nümayəndəlik xərclərinin və Kredit Alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kredit verənə dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kredit verən qarşısında kredit alanla eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan, İddiaçı X2-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında 18.11.2016-cı il tarixdə imzalanmış 01.03.2016-cı il tarixli **********7748 saylı Kredit müqaviləsinin Restrukturizasiyasına dair Sazişə əsasən tərəflər razılaşmırdırlar ki, kredit müqaviləsi üzrə Kredit Alanın Kredit Verənə qalıq əsas borcu 22861,00 AZN, hesablanmış və ödənilməmiş faizlər 0.00 AZN, cərimə isə 0.00 AZN təşkil edir. Tərəflər qalıq borcu olaraq, aşağıdakı məbləği qəbul edirlər: 22861.00 AZN, Bu Sazişin 2-ci maddəsində göstərilən məbləğ 23 ay müddətində tamamilə ödəniləcəkdir. Sazişin bağlandığı tarixdən etibarən Sazişin 2-ci maddəsində göstərilən qalıq məbləğinə 18 % dərəcəsi ilə faizlər hesablanacaqdır. Kredit Alan tərəfindən ödənişlər bu Sazişə əlavə edilən Ödəniş Cədvəli əsasında həyata keçiriləcəkdir. Digər Kredit Alan bu Saziş üzrə öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə Kredit verənin hüququ vardır ki, kreditin ödənişini bu Saziş imzalananadək tətbiq olunan şərtlərlə və ödəniş cədvəli üzrə tələb etsin. Bu Saziş Kredit müqaviləsinin tərkib hissəsidir. Bu Sazişin bağlanması Kredit müqaviləsinə və **********7748 saylı Zaminlik müqaviləsinə xitam vermir və Kredit Verənin Kredit müqaviləsi üzrə hüquqları tam qüvvədə qalır. Hazırkı Saziş Kredit verənin 01.03.2016 tarixli kredit və zaminlik müqavilələri üzrə hər hansı hüququndan imtina kimi qəbula edilə bilməz. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 12.02.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 22753,32 manat əsas, 0 manat faiz borcu vardır. İş materiallarında olan iddiaçının cavabdehlər Cavabdeh1 ünvanladığı xəbərdarlıqdan görünür ki, cavabdehdən borcunu qısa vaxt ərzində Banka ödəməyi tələb olunur. Borc könüllü olaraq ödənilmədiyi təqdirdə bank tərəfindən məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi bildirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.06.2021-ci il tarixli 9/2585 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 Bəyiər qızı tərəfindən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, arayış, 24 noyabr 2016-cı il tarixli, **********1315 saylı kredit müqaviləsi və əlavə “Saziş”-in şərtləri əsas götürülməklə Cavabdeh1 12 fevral 2020-ci il tarixə banka olan borcu ümumilikdə 30.798,55 manat məbləğində müəyyən edilir, o cümlədən 20.02.2020-ci il tarixə əsas borc üzrə 22815,35 manat, faiz borcu üzrə 7983,21 manat. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb Cavabdeh1 tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, borclu müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının dəyəri də cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, sonuncu mübahisələndirilən borc üzrə müqavilədə zamin olduğundan, qeyd edilən məbləğin və digər pul tələblərinin ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iş materiallarına əlavə olunmuş zaminlik müqaviləsinin şərtlərinə əsasən zamin və borclu Bank qarşısında birgə cavabdehdirlər, zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. Odur ki, təyin olunmuş məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır, buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı X2-Bank Kredit Təşkilatı ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 24.11.2014-cü il tarixli **********1315 nömrəli müqavilə üzrə əsas borc üzrə 22753,32 (iyirmi iki min yeddi yüz əlli üç manat otuz iki qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı X2-Bank Kredit Təşkilatına ödənilsin. Məhkəmə xərcləri dəyəri olaraq 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar