Məhkəmə qərarları › İş №2(011)-2474/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2474/2024

18.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2474/2024 18.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(044)-3845/2014 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X1 üçün müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin, cavbdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 220 manat sabit pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, 2011-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X3 adlı uşağı anadan olmuşdur. Gəncə şəhər, Kəpəz rayon Məhkəməsinin 2(044)-3845/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2014-cü il il tarixdən başlayaraq hər ay 80 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Hal-hazırda övladı X2 11 yaşı var, Gəncə şəhər Kəpəz rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş 80 mant aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq Sumqayıt şəhərində yerləşən orta məktəbin 6-cı sinifində təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü İldə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o, özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehyiyac və tələbat artsa da, cavabdeh ona qarşı tam diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də görə o, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı qeyd edilənlərin nəzərə alınaraq alimentin artırılması barədə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçı ilə onun nikahı 2014-cü ildə pozulmuşdur və Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(044)-3845/2014 saylı qətnaməsi ilə ondan hər ay 80 manat məbləğində aliment tutulur, hazırda digər nikahdan olan Arif adlı oğlu üçün də hər ay 110 manat məbləğində aliment ödəyir, özü isə cəmi 350 manat məbləğində maaş alır, lakin Arifin bu ilin may ayında 18 yaşı tamam olacaq və onun üçün aliment ödəməyəcək, həmin vaxtdan onun üçün ödədiyi aliment məbləğini bu nikahdan olan uşağı üçün ödəyə bilər, lakin həmin məbləği may ayından etibarən ödəmək imkanı olacaq. Hazırki iş üzrə aliment məbləğinin artırılmasına etiraz etmir. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 257480 saylı nikahın pozulması haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah xx.xx.2017-ci il tarixdə ləğv edilmiş, nikahın pozulması barədə akt qeydləri kitabında 72 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra ərə “Əliyev”, arvada “Nağızadə” soyadı verilmişdir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(044)-3845/2014 saylı icra vərəqəsindən görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixdə doğulmuş X2 yetkinlik çatanadək saxlanılması üçün hər ay səksən manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 945762 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2012-ci il tarixində Bakı şəhərində anadan olmuşdur, onun valideynləri - atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan EMİS-dən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əczaçı vəzifəsində işləməklə, əmək haqqı 350.0 manatdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞB/6-0429 saylı “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyyasında iştirak etmiş, Cavabdeh İMS-da iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Mübahisənin predmeti alimentin artırılması tələbidir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olmuşdur ki, tərəflər arasında bağlanmış nikah xx.xx.2017-ci il tarixdə pozulmuşdur, tərəflərin birgə nikahdan xx.xx.2012ci il təvəllüdlü X3 adlı yetkinlik yaşına çatmayan bir uşaqları vardır, uşaqlar hal-hazırda da iddiaçının yanındadırlar, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(044)-3845/2014 saylı qətnaməsinə əsasən, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay 80 manat aliment məbləğinin tutulması qət edilmişdir, cavabdeh hazırda əczaçılq xidməti üzrə işləməklə 350 manat məbləğində əmək haqqı alır, əvvəlki məhkəmə qətnamələri ilə müəyyən edilmiş aliment məbləği uşağın saxlanması məqsədi ilə yetərli deyil və aliment məbləğinin artırılması tələbi uşağın əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(044)- 3845/2014 saylı qətnaməsi əsasında cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi məsələsini müzakirə edərkən, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, təhsilini, mənafelərinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, onların saxlanmasına cəlb edilməli olan şəxsin qadın olmasını, cavabdehin işləməsini, aliment məbləğinin uzun müddət ərzində artırılmamasını, cavabdehin alimentin artırılmasına etiraz etməməsini, alimentin sabit pul məbləğində tutulması barədə iddiaçının xahişini nəzərə alaraq, cavabdehdən hər ay hər uşaq üçün 220 manat məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndinə əsasən, uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir....Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməliGəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(044)-3845/2014 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, cavabdehdən hər ay hər uşaq üçün 220 manat məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməlidir Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və artırılmış alimentin məbləğinin illik ödəmə məcmusu nəzərə alınmaqla, cavabdehdən dövlət mədaxilinə 46,40 manat məbləğində dövlət rüsumu alınmalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(044)-3845/2014 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 46 (qırx altı) manat 40 (qırx) qəpik dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar