Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2499/2020 21.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçıların etibarnamə üzrə nümayəndəsi və vəkili X1, Cavabdeh Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Heydər Bəxtiyarovun iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Suraxanı rayon İcra və Probasiya şöbəsinə qarşı “əsassız varlanma nəticəsində əldə olunmuş pul vəsaitinin və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Suraxanı rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız varlanma nəticəsində əldə etdiyi 101.066,41 manat pul vəsaitinin Cavabdeh1 və Suraxanı rayon İcra və Probasiya şöbəsindən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini və Azərbaycan Respublikasının MPM-nin 265.4-cü maddəsinə əsasən, cavabdeh Suraxanı rayon İcra və Probasiya şöbəsinin vəzifəli şəxslərinin barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı rayon İcra və Probasiya şöbəsinin icraatında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-560/2013 saylı icra sənədinə əsasən 129.640 manat pul vəsaiti, eyni zamanda Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(010)-459/2014 nömrəli icra sənədinə 59.976 manat məbləğində pul vəsaiti, borclular İddiaçı2, İddiaçı1 və X2 tutularaq tələbkar “xxxxxxxxxxxxxxx” ASC-yə ödənilməlidir. Qeyd olunan hər iki icra sənədi üzrə tərəflərindən bu günə qədər ümumilikdə 101.066,41 manat vəsait Suraxanı rayon İcra və Probasiya şöbəsindən tələbkarın hesabı kimi onlara təqdim olunmuş hesaba ödənilmişdir. Lakin bir müddət əvvəl onlara məlum olmuşdur ki, onlara təqdim olunan hesab icra işləri üzrə tələbkar “xxxxxxxxxxxxxxx” ASC-nin deyil, Cavabdeh1 adlı şəxsin adına açılmış şəxsi hesabdır və bu günə qədər ödədikləri məbləğlər tələbkar hüquqi şəxsin hesabına deyil, həmin icra işi üzrə tələb hüququ olmayan fiziki şəxsin hesabına ödənilmişdir. Qeyd olunan icra sənədi üzrə borclulardan biri olan X4 xx xxxxxx 2019-cu il tarixdə xəstəlikdən vəfat etmiş və iddiaçılar ona aid hissədə iş üzrə icraata xitam verilməsi barədə rəsmi ərizə ilə cavabdeh Suraxanı rayon İcra və Probasiya şöbəsinə müraciət etmişlər. İddiaçılar Suraxanı rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş “xxxxxxxxxx” QSC-nin Babək filialında açılmış AZ89CAB******************** saylı şəxsi hesaba tərəflərindən ödənilmiş 101.066,41 manat vəsaitin həmin hesabdan qaytarılaraq, qeyd olunan icra sənədləri üzrə tələbkar “xxxxxxxxxxxxxxx” ASC-nin hesablaşma hesabına ödənilməsinin təmin edilməsi və bu barədə rəsmi arayışın onlara verilməsinin təmin edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli ərizə ilə cavabdeh Suraxanı rayon İcra və Probasiya şöbəsinə müraciət etmişlər. Lakin bu günə qədər cavabdeh təşkilat tərəfindən onların müraciətinə rəsmi cavab verilməmişdir. Borclu olduqları icra sənədləri üzrə tələbkar hüquqi şəxsin deyil, tələbkar olmayan fiziki şəxs iş üzrə Cavabdeh1 şəxsi bank hesabına ödənilməsi iş üzrə digər cavabdeh Suraxanı rayon İcra və Probasiya şöbəsinin onları aldatması nəticəsində baş vermişdir. İddiaçıların iş üzrə Cavabdeh1 qarşısında hər hansı bir öhdəliyi və ya ona borcları olmamışdır. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, əsassız varlanma nəticəsində əldə etdiyi 99.103,41 manat pul vəsaitinin Cavabdeh1 və digər cavabdeh Suraxanı rayon İcra və Probasiya şöbəsindən alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsi və Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən cavabdeh Suraxanı rayon İcra və Probasiya şöbəsinin vəzifəli şəxslərinin barəsində xüsusi qərar çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Heydər Bəxtiyarov iddia tələbinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-560/2013 saylı xx xxxx 2013-cü il tarixli icra sənədinə əsasən, cavabdehlər İddiaçı1, İddiaçı2 və X2 müştərək qaydada 129.640 manat məbləğində pul tutularaq iddiaçı “xxxxxxxxxxxxxxx” ASC-yə ödənilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-459/2014 saylı xx xxxxxx 2014-cü il tarixli icra sənədinə əsasən, cavabdehlər İddiaçı1, İddiaçı2 və X2 müştərək qaydada 59.976 manat məbləğində pul tutularaq iddiaçı “xxxxxxxxxxxxxxx” ASC-yə ödənilməlidir. Məhkəmə hazırkı iddia tələbinin hüquqi əsasının əsassız varlanma ilə bağlı olduğunu müəyyən edərək mübahisənin həllində bu hala uyğun maddi hüquq normalarına istinad edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə əsassız varlanma ilə bağlı normaların müddəalarını hazırkı işə tətbiq edərək belə hesab edir ki, iş üzrə iddiaçılar tərəfindən ödənilmiş 99.103,41 manat məbləğində pul vəsaiti “xxxxxxxxxxxxxxx” ASC-nin direktoru Cavabdeh1 şəxsi hesabına köçürülmüş və cavabdeh heç bir hüquqi əsas olmadan və iddiaçıların qarşısında heç bir tələb hüququ olmadan ödənilmiş pul vəsaitini əldə etmiş, bununla da o, əsassız varlanmışdır. Bu hal iş materialları ilə və məhkəmə iclaslarında tərəflərin izahatları ilə sübuta yetirilmişdir. Mülki Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin yaranması əsaslarından biri də əsassız varlanmadır. Nə qədər ki, məhkəmədə Cavabdeh1 əsassız varlanma faktı müəyyən edilmişdir, onun bu günə iddiaçılar qarşısında icra edilməmiş öhdəliyi mövcuddur. Məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi Cavabdeh1 aid hissədə əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdeh Suraxanı rayon İcra və Probasiya şöbəsinə aid hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, Suraxanı rayon İcra və Probasiya şöbəsi məhkəmə qərarlarının icrasına nəzarət edən orqandır. Məhkəmə araşdırması zamanı hər hansı vəsaitini qeyd edilən orqanda olması, o vəsaitin hazırkı cavabdehin balansında qanunsuz olaraq saxlanılması və sair hallar aşkar edilmədiyindən iddia tələbinin bu hissədə təmin edilməsi qanuna uyğun deyil. Odur ki, Suraxanı rayon İcra və Probasiya şöbəsindən vəsaitin alınaraq iddiaçılara ödənilməsinə aid hissədə iddia tələbi rədd edilməlidir. Məhkəmə iddia tələbinin cavabdeh Suraxanı rayon İcra və Probasiya şöbəsinin vəzifəli şəxslərinin əməllərində cinayət tərkibi olduğundan barəsində cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarılaraq aidiyyəti üzrə prokurorluğa göndərilməsi hissəsinə qiymət verərək belə hesab edir ki, bu tələb hüquqi mahiyyəti etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddia üzrə iddiaçıların iddia ərizəsində xüsusi qərardad çıxarılmasını tələb etmələrinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən bu məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Beləliklə, məhkəməhesabedirki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 əsassız varlanma nəticəsində əldə etdiyi 99.103,41 (doxsan doqquz min yüz üç manat qırx bir qəpik) manat pul vəsaiti alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçılar tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəməhesabedirki, Cavabdeh1 dövlət rüsumuna görə ödənilmiş 30 manat alınaraq iddiaçılara ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 əsassız varlanma nəticəsində əldə etdiyi 99.103,41 (doxsan doqquz min yüz üç manat qırx bir qəpik) manat pul vəsaiti alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh1 dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat alınaraq iddiaçılara ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri XətaiRayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2499/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2499/2020
21.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver