Məhkəmə qərarları › İş №2(011)-2507/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2507/2022

28.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2507/2022 28.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair" mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən "Tufan-M 50" markalı mopedin tamamilə sıradan çıxaraq yararsız hala düşdüyünə görə 1500 manat, 10 gün ərzində işləmədiyi üçün 450 manat, müalicəsinə çəkdiyi 150 manat maddi zərərin və 30 manat dövlət rüsumunun özünün xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 cavabdeh qismində cəlb edilməsi, cavabdehlərdən müştərək qaydada "Tufan-M 50" markalı mopedin tamamilə sıradan çıxaraq yararsız hala düşdüyünə görə 1500 manat, 10 gün ərzində işləmədiyi üçün 450 manat, müalicəsinə çəkdiyim 150 manat maddi zərərin və 30 manat dövlət rüsumunun özünün xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 mülkiyyətində olan və "xxxx" MMC tərəfindən taksi fəaliyyəti ilə məşğul olmaq üçün X2 verilən 09.08.2021-ci il tarixli etibarnaməyə əsasən sonuncu idarə etdiyi "Toyota Prius ” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı minik avtomaşını ilə Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi ilə hərəkət edərkən 13.08.2021-ci il tarixdə ehtiyatsızlıq nəticəsində ona məxsus "Tufan-M 50" markalı mopedlə toqquşmuş, nəticədə moped zərbənin təsirindən tam yararsız hala düşmüş, özü isə xəsarət alaraq xeyli miqdarda maddi ziyana düşmüşdür. MTE və PA ETT Birliyinin Xətai rayon şöbəsinin 14.08.2021-ci il tarixli 774 saylı rəyinə əsasən başının sağ təpə nahiyyəsinin səthi əzilmiş, sağ bazunun və sağ baldırda sıyrıqlar müəyyən edilmişdir. Sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilməmişdir. Məhkəmə yol-nəqliyyat hadisəsinin ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, sürücünün əməlində AR İXM-nin 327.1-ci maddəsinin əlamətləri var və Xətai RPİ-nin TŞ-nin qərarına əsasən barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsindən ötrü Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. “Avtonəqliyyat vastəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışda göstərilmişdir ki, "Toyota Prius ” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı minik avtomaşının mülkiyyətçisi Cavabdeh1dır və ona məxsus avtomobillə toqquşma nəticəsində ona məxsus "Tufan-M 50" markalı moped tamamilə sıradan çıxaraq yararsız hala düşmüşdür. Həmin mopedi 2021-ci ildə 1500 manata almışdır və "Hunqriy.az " şirkətində küryer işi ilə əlaqədar istifadə edirək, hər gün 40-50 manat gəlir əldə edirdi. Hadisə nəticəsində 10 gün işsiz qalmış, müalicəsinə isə 150 manat sərf etmişdir. Hadisəni törədən sürücü isə vurulan zərəri könüllü ödəmək istəmir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahatında idarə etdiyi avtomobilin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalandığını, iddiaçıya ziyanın ödənilməsi ilə bağlı sığorta şirkətinə müraciət etməsini bildirdiyini göstərdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, iddiaçının qohumudur. Hadisə vaxtı o da orada olmuşdur. Qəza nəticəsində mopedin mühərriki yararsız hala düşdüyündən, 600 manata mühərrik almışdır. Mopedin bərpasına 600 manat vəsait xərclənmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, şahidin ifadəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər,Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Münasib Əliyevin “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” 28.08.2021-ci il tarixli qərarından müəyyən olunur ki, 13.08.2021-ci il tarixdə saat 11:45 radələrində Cavabdeh2 BC kateqoryalı, AE 329936 seryalı sürücülük vəsiqəsi ilə, etibarnamə əsasında idarə etdiyi “Toyota Prius minik” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi ilə şəhər mərkəzi istiqamətində sağdan 1-ci hərəkət zolağı ilə saatda 20-30 km sürətlə hərəkətdə olub sola dönmə əməliyyatı edərkən avtomobilin sol yan hissəsi ilə sağdan 3-cü hərəkət zolağı ilə eyni istiqamət üzrə hərəkət edən İddiaçı idarə etdiyi “Tufan M 50” markalı mopedin qabaq hissəsi ilə toqquşaraq moped sürücüsü İddiaçı xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. MTE və PA ETT birliyinin Xətai rayon şöbəsinin Publik hüquqi şəxsin 14.08.2021-ci il tarixli 774 saylı rəyinə əsasən, İddiaçı başın sağ təpə nahiyyəsinin səthi əzilmiş yarası, sağ bazunun və sağ baldırın sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi 13.08.2021-ci il tarixdə tol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Yuxarıda qeyd olunanlara əsasən və baş vermiş hadisədə cinayət tərkibi olmadığını nəzərə alaraq toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmiş, yol-nəqliyyat hadisəsini törətmiş sürücü Cavabdeh2 əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin əlamətləri olduğu üçün barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan Xətai RPİ-nin DYPŞ-nin 13.09.2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokolundan və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 40 manat miqdarında cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 459.1-ci maddəsinə görə zərərin əvəzini ödəməyə borclu olan hal baş verməsəydi, mövcüd olacaq vəziyyəti bərpa etməlidir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə yüksək təhlükə mənbəyinin sahibini bu Məcəllənin 1116.2 və 1116.3-cü maddələrində nəzərdə tutulan əsaslar üzrə də məsuliyyətdən tamamilə və ya qismən azad edə bilər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 məxsus olan, Cavabdeh2 idarə etdiyi “Toyota Prius minik” markalı **-UN-*** dövlət nömrə nişanlı avtomaşının yolnəqliyyat hadisəsi zamanı İddiaçı məxsus “Tufan M 50” markalı mopedlə toqquşaraq ona maddi ziyan yetirməsi, dəymiş ziyanın məbləğinin 600 manat olması sübuta yetirimişdir. Ona görə də, iddia tələbi dəymiş ziyanın ödənilməsi hissəsində qismən təmin edilərək 600 manat Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi dəymiş ziyanın Cavabdeh1 tutulması hissəsində təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırmaları zamanı “Toyota Prius minik” markalı **-UN-*** dövlət nömrə nişanlı avtomaşının qanuni əsaslarla Cavabdeh2 sahibliyində olduğu müəyyən edilmişdir. Habelə, məhkəmə hesab edir ki, iddia tələbi “10 gün ərzində işləmədiyi üçün 450 manatın və, müalicəyə çəkilmiş 150 manat maddi zərərin tutulması hissələrində təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən iddia tələbi həmin hissələrdə ümumiyyətlə əsaslandırılmamış və sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 30 faiz təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 9 manat Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 maddi ziyana görə 600 manat və ödənilmiş dövlət rüsumunun 9 manat hissəsi olmaqla, cəmi 609 (altı yüz doqquz) manat pul vəsaiti tutulub İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar