Məhkəmə qərarları › İş №2(011)-2509/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2509/2022

20.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2509/2022 20.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6042 manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqı, 82 manat məbləğində dövlət rüsumu, ümumilikdə 6224 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçının mülkiyyətində olan “RAVON NEXİA R3 MİNİK” markalı, **- DE-*** dövlət qeydiyyat nişanlı avtomobil aralarında bağlanmış icarə müqaviləsi əsasında etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir, cavabdehin hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir, cavabdeh 05 yanvar 2022-ci ildə avtomobili zədələnmiş halda iddiaçıya təqdim etmişdir, iddiaçı həmin vaxt avtomobilin şit, ön panel, kapot, ön faralar, kondisioner radiatoru, alt setka, sol ön krılo, sol dumannı fara, ön bufer, rulun və şitin airbaqları, travers və digər bir neçə detallarının yararsız vəziyyətdə olduğunu görmüş, avtomaşını “RS Avtoservis”-ə apararaq orada təmir etdirmişdir, “RS Avtoservis” tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 6042 manat ödəmişdir, göründüyü kimi cavabdehin hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir, lakin cavabdeh yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina etmişdir, tərəflər arasında bağlanmış 12 noyabr 2021-ci il tarixli icarə müqaviləsinin 1.6-cı bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur, həmin müqavilənin 1.8-ci və 4-cü bəndlərinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini ödəməyə borcludur, bu səbəbdən cavabdehdən 6042 manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqı, 82 manat məbləğində dövlət rüsumu, ümumilikdə 6224 manat pul vəsaiti tutulmalıdır, həmçinin tərəflər arasında bağlanmış 12 noyabr 2021-ci il tarixli icarə müqaviləsinin 19-cu bəndinə əsasən tərəflər onlar arasında gələcəkdə yarana biləcək hər hansı məhkəmə mübahisəsinə icarəyə verənin qeydiyyatda olduğu ünvan üzrə məhkəmədə baxılması barədə razılığa gəlmişlər. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, gündəlik 25 manat ödəməklə taksi şirkətindən maşın götürərək taksi fəaliyyəti ilə məşğul olmuşdur, qeyd olunan maşını divara vurmuşdur, vurulduqdan sonra öz ustasına aparmaq istəsə də, ondan alaraq servisə aparmışdırlar, servisdə xərcin 6500 manat olduğu deyilmişdir, lakin 3 detala görə bu qədər xərc ola bilməz, maşının öz nəğd qiyməti 16000 manatdır, servisdə deyilən həmin qiymətlə razı olmamışdır, buna görə tanış ustaya aparmış bu zaman ona maşının 2800 manat, ən çoxu 3800 manat xərci olduğu deyilmişdir, RS servis tərəfindən verilən aktla razı deyil, belə ki, avtomobilin kondisioner radiatoruna, sağ farasına zərər dəymiş ola bilməz, ekspert rəyi ilə də razı deyildir, ekspert necə rəy verə bilər ki, maşın artıq təmir olunmuşdur. Sonda Cavabdeh qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 77DE576 dövlət qeydiyyat nişanlı Chevrole Nexia MT minik markalı nəqliyyat vasitəsi İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, İddiaçı və Cavabdeh arasında 12 noyabr 2021-ci il tarixli İcarə müqaviləsi bağlanmışdır, müqavilənin 1.7-ci bəndinə əsasən, icarəyə götürən şəxs yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı ödəməyi, həmin müqavilənin 1.8-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini hər hansı səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.9-cu bəndinə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən şəxs tərəfindən hər hansı bir yol nəqliyyat hadisəsi və ya bədbəxt hadisə baş verərsə, nəqliyyat vasitəsini icarəyə verən şəxs heç bir məsuliyyət daşımır. İş materiallarında olan ƏN-V seriyalı 868821 №-li nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında Etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixədək 77DE576 dövlət qeydiyyat nişanlı Chevrolet Nexia MT minik markalı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini vermişdir. İş materiallarında olan 12 noyabr 2021-ci il tarixli Təhvil-təslim altından görünür ki, Ravon R3 markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobil saz vəziyyətdədir, heç bir qüsuru yoxdur və bütün ləvazimatarı yerindədir. İş materiallarında olan RS Avtoservis tərəfindən verimiş xx.xx.2022-ci il tarixli Dəymiş zərərin hesablanmasına dair Aktdan görünür ki, **-DE-*** dövlət qeydiyyat nişanlı Chevrolet Nexia markalı avtomobilin ehtiyat hissələri və işçilik üzrə cəmi xərci 6042 manatdır. İş materiallarında olan X4, X2, X5 və X3 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13:30 radələridə 77DE576 d.q.n Ravon Nexia R3 markalı avtomaşını müqavilə əsasında idarə edən Cavabdeh avtomobili “RS” servisin həyətinə evakuatorla zədələnmiş vəziyyətdə gətirmiş, avtomaşına baxış zamanı şit təzə, kapot, rulun airbagı, traves, şitin airbagı və s. yararsız olduğu aşkarlanmışdır. İş materiallarında olan 12823 saylı xx.xx.2022-ci il tarixli Qəbzdən görünür ki, iddiaçı tərəfindən 82 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarıda olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 14 saylı Vəkil bürosuna 100 manat ödənilmişdir. İş materiallarında olan Hüquq Əmlak Məsələləri Ekspertizası MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Mütəxəssis Rəyindən görünür ki, “RS Avtoservis” in əməkdaşları tərəfindən tərtib olunmuş aktına əsaslanaraq “Ravon Nexia 3” minik markalı 77DE576 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləğini 6042 manat, (ehtiyat hissələrinin qiyməti və təmir xərcləri nəzərə alınmaqla) yəni ehtiyat hissələri 4072, manat, işçiliklərinə isə 1970 manat sərf olunduğu müəyyən edilmiş və həmin avtomobilin hansı hissələrinin təmirə, hansı hissələrinin isə dəyişdirməyə ehtiyac olması və hər birinin dəyəri ayrı-ayrılıqda tədqiqat hissəsində göstərilmişdir. İş materiallarında olan 08 №-li Hesabdan görünür ki, aparılmış işlərin cəmi məbləği 150 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, 77DE576 dövlət qeydiyyat nişanlı Chevrolet Nexia MT minik markalı nəqliyyat vasitəsi İddiaçı məxsusdur, İddiaçı və Cavabdeh arasında bağlanmış 12 noyabr 2021-ci il tarixli icarə müqaviləsinə əsasən, həmin nəqliyyat vasitəsi sonuncuya icraəyə verilmişdir, müqaviləyə əsasən (1.7-1.8 bəndləri), icarəyə götürən şəxs - Cavabdeh yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı, nəqliyyat vasitəsini hər hansı səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür, Cavabdeh avtomobili idarə edərkən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus olan 77DE576 dövlət qeydiyyat nişanlı Chevrolet Nexia MT minik markalı avtomobilə zərər vurulmuşdur, avtomobilin təmir-bərpa xərci ümumilikdə 6042 manat təşkil edir, iddiaçı hazırki mülki iş üzrə hüquqi xidmətlərin göstərilməsi məqsədilə vəkil bürosuna 100 manat məbləğində pul ödəmişdir. Bununla belə, cavabdehin müqavilə üzrə öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh icarə müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə razılaşdığı öhdəliklərə görə də məsuliyyət daşıyır. Məhkəmə, avtomobilə dəymiş maddi ziyanın həddini müəyyən edərkən mütəxəssis rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, vurulmuş maddi ziyanın məbləği mütəxəssisin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq avtomobilin ehtiyat hissələrinin dəyəri üzrə 4072 manat, işçilik üzrə isə 1970 manat, cəmi 6042 manat həddində müəyyən edilməlidir. Məhkəmə, iddia tələbinin “vəkilə ödənilmiş 100 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmaldır. Belə olan halda məhkəmə, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 100 manat pul məbləğini, 6042 manat qiymətində olan iddia tələbinə mütənasib hesab etməklə ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə iddia tələbinin təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700-cü maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək. və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi. İcarə müqaviləsinə tərəflərin başqa vəzifələri də daxil edilə bilər. Həmin Qanunun 15-ci maddəsinə əsasən, İcarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən dəymiş maddi ziyanın əvəzi kimi 6042 manat, hüquqi yardımla əlaqədar olaraq ödənilmiş 100 manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə, dövlət rüsumunun kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi təmin edildiyindən, məhkəmə xərcləri cavabdehə aid edilməli, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 82 manat alınaraq iddiaçıya, işə baxılması ilə əlaqədar keçirilmiş tədqiqatının dəyərini təşkil edən 150 manat tutularaq Hüquq Əmlak Məsələləri Ekspertizası MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 6042 (altı min qırx iki) manat, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 100 (yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 82 (səksən iki) manat tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (yüz əlli) manat məbləğində pul Cavabdeh alınaraq Hüquq Əmlak Məsələləri Ekspertizası MMC-yə (Bank: Kapital bank Neftçilər KM filial, hesab: AZ57A11B400500C**********211 Kod: 201229 Müxbir hesab: AZ37NABZ******************** VÖEN: **********, SVİFT: A11BAZ2XXXX) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar