Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2520/2023 11.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli “nisyə alğı-satqı” müqaviləsinə əsasən əsas borc üzrə 752,72 manat, cərimə üzrə 67,28 manat, cəmi 829 manat ödənilməmiş borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Xiaomi Mİ 9SE piano black 128 gb telefonun nisyə alqı-satqı müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən qeyd edilən malı cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malı qəbul edib razılaşdırılmış formada-ödəniş cədvəlinə uyğun olmaqla malın dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür, cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmir, müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozur, müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə baxmayaraq və ödəniş barədə dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilə üzrə ödəməli olduğu borcunu ödəməkdən yayınır, hazırda onun əsas borc üzrə 752,72 manat, cərimə üzrə 67,28 manat, cəmi 829 manat borcu vardır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı və Cavabdeh arasında 10 iyul 2019-cu il tarixdə ********** №-li nisyə alqı-satqı müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən satıcı alıcıya Xiaomi Mİ 9SE piano black 128 gb telefonunu satır, alıcı isə həmin malı qəbul edir, malın dəyəri 999,72 manatdır. Müqavilənin 2.2-ci bəndinə əsasən, alıcı tərəfindən alınmış malın ümumi dəyərinin qalıq məbləği müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlində qeyd edilmiş məbləğdə və müddətdə satıcıya ödənilir. İş materiallarında olan 10 iyul 2019-cu il tarixdə ********** №-li nisyə alqı-satqı müqaviləsinə Əlavədən görünür ki, ilkin ödəniş 0 manat, müddət 12 ay, məbləğ 999,72 manat, tarix xx.xx.2019-cu ildir, müqavilə üzrə aylıq ödəniş 83,31 manatdır, qeyri-iş günlərinə düşən ödənişlər əvvəlki iş günü ödənilməlidir, əks təqdirdə ödənişlərdən alqısatqı müqaviləsinə əsasən ödənişin hər gecikdirilən gün üçün aylıq ödənişin 2%-i həcmində əlavə məbləğ tutulacağı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Təhvil-təslim aktından görünür ki, Cavabdeh 1 ədəd Xiaomi Mİ 9SE piano black 128 gb telefonu təhvil almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, 10 iyul 2019-cu il tarixdə ********** №-li nisyə alqı-satqı müqaviləsi üzrə ödənilmiş məbləğ 247 manat, ödənilməmiş əsas borc 752,72 manat, cərimə üzrə borc məbləği 67,28 manatdır. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh gecikdirilmiş borcun ödənilməsi haqqında xx.xx.2022-ci il tarixli pretenziya məktubu ünvanlanaraq, ondan ən geci 3 gün ərzində 820 manat borcun ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında 10 iyul 2019-cu il tarixdə ********** №-li nisyə alqı-satqı müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyanı (Xiaomi Mİ 9SE piano black 128 gb telefonu) alıcıya təhvil vermiş, alıcı Cavabdeh əşyanı iddiaçıdan təhvil almışdır, lakin o müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə - aylıq ödənişləri etməməklə - müqavilənin şərtlərini pozmuşdur, nəticədə cavabdehin iddiaçıya əsas borc üzrə 752,72 manat, cərimə üzrə 67,28 manat, cəmi 829 manat borcu yaranmışdır, cavabdeh borcunun olması və onun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdar edilmişdir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 10 iyul 2019-cu il tarixdə ********** №-li nisyə alqısatqı müqaviləsinə əsasən, əsas borc üzrə 752,72 manat, cərimə üzrə 67,28 manat, cəmi 829 manat borc məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin həcmi nəzərə alınmalı, 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görı 30 manat dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 10 iyul 2019-cu il tarixdə ********** №-li nisyə alqı-satqı müqaviləsinə əsasən, əsas borc üzrə 752,72 manat, cərimə üzrə 67,28 manat, cəmi 829 (səkkiz yüz iyirmi doqquz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2520/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2520/2023
11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver