Məhkəmə qərarları › İş №2(011)-256/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-256/2022

21.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-256/2022 21.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş 8660 manat məbləğində maddi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 iyun 2021-ci il tarixdə Cavabdeh idarə etdiyi “Mercedes Benz C200” minik markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “Yol hərəkəti haqqında” AR Qanununun tələbini pozaraq, iddiaçının idarə etdiyi “Mercedes Benz S500” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq iddiaçıya maddi zərər vurmuşdur. Faktla əlaqədar olaraq 16 iyun 2021-ci il tarixli protokol tərtib olunmuşdur. Həmin protokol əsasında 17 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Hadisə zamanı iddiaçıya məxsus olan “Mercedes Benz S500” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomaşına 13.660 manat məbləğində zərər dəymişdir. Həmin zərərin 5000 manatı sığorta tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı qalan məbləği, yəni 8660 manat pulu cavabdehdən tələb etsə də, o, hər hansı ödəniş etməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 16 iyun 2021-ci il tarixdə Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz C200” minik markalı, **-DU- *** dövlət qeydiyyat nişanlı avtomaşınla İddiaçı idarə etdiyi “Mercedes Benz S500” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq iddiaçıya maddi zərər vurmuşdur. 17 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Carpoint Autoservice tərəfindən verilmiş 25 iyun 2021-ci il tarixli akta əsasən, “Mercedes Benz S500” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 13.660 manat məbləğində ziyan dəymişdir. İş üzrə keçirilmiş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 yanvar 2022-ci il tarixli 9/8259 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “Carpoint” avtoservisin 25 iyun 2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Mercedes Benz S500” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 10.954 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iclasında işin faktiki hallarına əsasən müəyyən olundu ki, Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz C200” minik markalı, **-DU-*** dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən İddiaçı tərəfindən idarə olunan “Mercedes Benz S500” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toquşmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsində iddiaçının idarə etdiyi avtomobilə zərər dəymişdir. İddiaçı tərəfindən verilmiş izahatlardan və iddia ərizəsindən görünür ki, “Mercedes Benz S500” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 5000 manat müəyyən edilmiş və 5000 manat sığorta ödənişi İddiaçı ödənilmişdir. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, Cavabdeh təqsirli hərəkəti nəticəsində İddiaçı tərəfindən idarə olunan “Mercedes Benz S500” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurması öz təsdiqini tapmışdır. Lakin İddiaçı avtomobilə 13.660 manat məbləğində maddi ziyan dəydiyini bildirsə də, Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2022-ci il tarixli 9/78259 saylı ekspert rəyi ilə dəymiş ziyanın məbləği 10.954 manat müəyyən edilmişdir. İddiaçı sığorta şirkəti tərəfindən 5000 manat ödənilmiş sığorta ödənişini qəbul etmişdir. Ona görə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ekspert rəyi ilə avtomobilin təmir-bərpa xərci olaraq müəyyən edilmiş 10.954 manat məbləğin 5000 manat hissəsi sığorta şirkəti tərəfindən sığorta ödənişi olaraq iddiaçıya ödənilmişdir. İddiaçı tərəfindən bu fakt etiraf edilmiş, məhkəmə iclasında sübuta yetirilmişdir. Odur ki, ekspert rəyinə əsasən qeyd edilən mübahisəli avtomobilə 10.954 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilməli, sığorta şirkəti tərəfindən İddiaçı 5000 manat sığorta ödənişi ödənildiyindən (10.954-5000=5.954) Cavabdeh 5.954 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir, iddia tələbi qismən təmin edildiyindən cavabdehdən 20 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməli, qalan 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat müəyyən edilmişdir. Odur ki, iddia tələbi qismən təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 69 manatı Cavabdeh, qalan 31 manatı isə İddiaçı alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 5.954 (beş min doqquz yüz əlli dörd) manat pul vəsaiti və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qalan 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın 69 (altmış doqquz) manatı Cavabdeh, qalan 31 (otuz bir) manatı isə İddiaçı alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar